Niyə gözəl, təhlükəsiz Türkmənistana yox, Belçikaya gedirlər?

Bakı Fotonun müəllifi Gary Hershorn/ Getty

Keçən günlərdə DTX-nin daha bir dini radikal qrupa qarşı əməliyyat keçirib zərərsizləşdirməsi haqqında məlumat yayıldı. Son illərdə mütəmadi olaraq belə xəbərlər yayılır.

İlk baxışda radikal qruplaşmalara qarşı effektiv mübarizə aparılır, bu sahədə uğuru sayıla biləcək stabillik mövcuddur.

Hüquq mühafizə orqanları sivil, sekulyar demokratik siyasi opponentlərdən, həbs olunan hakimiyyət tənqidçilərindən narkotik, silah, ekstremist ədəbiyyat "tapır".

Həmçinin hakimlərimizin xeyli miqdarda, Avropa məhkəməsi tərəfindən də sual altına qoyulan, qərarlar qəbul etməsi bizim polis, xüsusi xidmət, ədliyyə sistemindən gələn məlumatların səhihliyinə şübhə yaradır, onların fəaliyyətlərini birmənalı qəbul etməyə imkan vermir.

Bütövlükdə ölkədə hüquq mühafizə sisteminə, məhkəmənin ədalətinə ciddi şübhələr mövcuddur, rəsmi ədalətin özünün etimad problemi var.

Lakin, digər tərəfdən, hər halda ölkəmizi radikal qruplaşmaların dağıdıcı fəaliyyətindən kifayət qədər qorumağı da bacarıblar. Bəs bu təzadlı reallıq şəraitində əldə olunan uğur davamlıdırmı, davamlı ola bilərmi?

Avtoritar və demokratik ölkələrdə

Dünyaya nəzər salanda sərt avtoritarizmlərin radikalizmə qarşı mübarizədə demokratiyalardan daha effektiv olduğu təəssüratı yaranır.

Məsələn, Özbəkistanda, Türkmənistanda ciddi terror hadisələri olmur, halbuki İspaniya, Fransa, Belçika, ABŞ, Türkiyə kimi ölkələrdə terrorçuların gah burada, gah orada faciələr törətdiyini mütəmadi olaraq eşidirik. Bunlar faktdir.

Müqayisə üçün deyim ki, iqtisadiyyatda iri infrastruktur layihələrinin həyata keçirilməsində də vəziyyət oxşardır.

Avtoritar rejimlər, totaritarizmlər, diktaturalar nə bilim dəmir yolu çəkilişini, şosse yolunun genişləndirilməsini, iri tikinti layihələrini, boru xəttlərinin salınmasını demokratiyalardan daha sürətlə həyata keçirməyi bacarırlar. Səbəblər çox sadədir.

Demokratiylarda dövlət tərəfindən görülən bu cür işlər parlamentin debatlarından keçir, sonra tutaq ki, ətraf mühitin, tarixi abidələrin qorunması işində ixtisaslaşan vətəndaş cəmiyyətləri institutlarını, kimisə köçürtmək lazımdırsa, onları qanunun tələbinə uyğun olaraq, xüsusi mülkiyyət hüququna əlahiddə hörmət edərək razı salmaq məcburiyyətində qalır və sair. Bunlar asan iş deyil, vaxt, böyük resurs aparır.

Avtoritarizmlərdə iş daha "sadədir". "Parlament" onsuz da icra hakimiyyətlərindən gələn tələbi möhürləməklə məşğuldur. Yəni, yoxlamaq, təftiş, sorğu-sual etmək hüququ yoxdur. Gözübağlı, prezidentdən, hökumətdən gələn sənədi təsdiq etməlidir.

Avtoritarizm tarixi abidəni rahatlıqla dağıdır, ətraf mühitin korlanmasını vecinə almır, xüsusi mülkiyyətə qətiyyən sayğı göstərmir, zorla köçürdür, ya kompensasiya vermir, ya özbildiyi şərtlərlə, mülkiyyətçinin hüququnu tapdalamalqa verir.

Ölkədə iqtidarı özünü, belə demək mümkünsə, düz aparmağa vadar edəcək müstəqil məhkəmə hakimiyyəti, vətəndaş cəmiyyəti institutları yoxdur.

Üstəgəl, bütün bu deyilənlərə məhəl qoymamaqdan savayı işçinin, fəhlənin hüquq və təhlküəsizliyini təmin etmək, iş saatı normalarını gözləmək kimi "başağrıları" da mövcud deyil.

Nəticədə fəhlə hansısa tikinti obyektində sanki 19-cu əsr qaydaları ilə işləyir, işi çox, maaşı, təminatı isə az olur, həftədə bir dəfə damdan yıxılır ölür. Amma, bizim loru dildə desək, "şəhər gözəlləşir".

Amerika prezidentliyinə namizəd Trump-ın dili ilə desək, üçüncü dünya ölkələrində lüks otellər inkişaf etmiş ölkələrdən daha sanballı olur.

Məsələn, Naxçıvandakı səliqə-sahman bir çox ora gedib gələnləri valeh edir. Fəqət bunun əldə olunması üçün istifadə edilmiş üsul və vasitələr qalır arxa planda.

Halbuki demokratiyalarda bu cür rəftar dediyimiz kimi mümkün deyil. İşçinin hüquqları da, təhlükəsizliyi də ciddi prioritetlərdir. Bunları pozub iş aparmaq olduqca çətindir.

Bir nəfər tikinti işçisinin ölümü işi aparan şirkəti çıxılmaz vəziyyətə sala bilər və iş saatı normalarına əməl etmək möhkəm nəzarət olunan tələbdir.

Ona görə də bəzən demokratik ölkələrdə tez-tez immiqrantlardan qeyri-qanuni olaraq ucuz işçi qüvvəsi kimi istifadə haqqında məlumatlara rast gəlirik. Amma dövlət bu hallarla mübarizə aparır, daha Özbəkistandakı kimi dövlət özü hətta uşaqları belə zorla pambıq yığımına aparmır.

Amma, di gəli ki, avtoritarizmlər ilk baxışdan iri infrastruktur layihələrini nisbətən daha asan və sürətlə həyata keçirə bilsələr də, bu gün dünyanın inkişaf etmiş ölkələri onlar deyil, məhz oturuşmuş demokratiyalardır. Məsələnin mahiyyəti də elə budur.

Avtoritarizm hüquqları danmaqla, qanunları işləməyən kağız parçasına çevirməklə davamlı inkişafı təmin edə bilmir.

Əgər, monopoliyalar varsa, rəqabət yoxdur, meritokratiyaya, yəni inkişafa töhfə verə biləcək bilik, bacarığa yol yoxdur və bu davamlı inkişafı təmin edə biləcək təşəbbüskarlığa mane olur.

Əgər qanunun aliliyi, xüsusi mülkiyyətə hörmət yoxdursa, investisiyalar olmur, əksinə ölkədən sürəkli kapital axını baş verir.

Çox pulu olan onu yerli iqtisadiyyata deyil, qorunmasına təminat olduğu, qanunlara hörmət edilən demokratik ölkələrə daşıyır. Əgər cavabdeh hökumət, parlament yoxdursa, nəzarət olmur, korrupsiya inkişafın qarşısını alır.

Radikalizmə qarşı

İndi dini radikalizmlə mübarizə də buna çox oxşardır. Baxın, Qəddafi, Əsəd, Səddamlar dövründə bizim o dediyimiz stabillik təmin olunmuşdu. Paris, Brüssel, Boston, Ankaradakı kimi partlatmaların qarşısı alınmışdı. Çünki demokratiyaların belə demək mümkündürsə, zəifliyi var.

Onlar Hafiz Əsədin Homsda, İslam Kərimovun Əndijanda, Səddamın şiə, türkmən, kürd bölgələrində etdiyi kütləvi qətlləri, qırğınları öz camaatına qarşı həyata keçirə bilmir. İnsan haqları, vətəndaş cəmiyyəti təşkilatları, ictimai etiraz, müstəqil media buna imkan verməz.

Gərək demokratiyanı məhv edəsən ki, qanuna, haqlara filana fikir vermədən minlərlə günahsızı qətlə yetirə, bir nəfərə, beş nəfərə görə bütün ailəni, bütün şəhəri, icmanı sərt şəkildə cəzalandıra biləsən.

Ona görə də camaat gözəl, yaraşıqlı, təhlükəsiz Türkmənistana deyil, "təhlükəli" Belçikaya mühacirət edir.

Üstəgəl, sərt rəftar özü-özlüyündə problemi həll etmir, onu sadəcə konservasiya edir, gizli təhlükəyə çevirir. Diktaturalarda bu gizli təhlükə insan haqları qorunmadığı, ədalət, təhsilin keyfiyytli, əhalinin davamlı rifahı təmin olunmadığı üçün üzdə deyil, altda inkişaf edir.

Xroniki ədalətsizlikdən əziyyət çəkən mühitdə bu gizli təhlükənin sıralarına daha çox insanı cəlb edə bilməsi perspektivi açılır.

Nəticədə, sabah avtoritarizmin ayağı bir balaca büdrəyəndə vakum yaranan kimi bu latent təhlükə fırtınaya, daha böyük təhlükəyə çevrilir, iri fəlakətlərə səbəb olur. Dünənə kimi stabilliyi ilə öyünən cəmiyyət iflic vəziyyətinə düşür.

Radikalizm yalnız güclə deyil, eyni zamanda ideoloji, həm sosial cəhətdən məğlub eilməlidir. Bunu avtoritarizmlər bacamır. Çünki öz hərtərəfli naqislikləri səbəbilə nə radikalizmi məhv etmək üçün ideolji gücə malik deyillər, nə də cəmiyyətə davamlı sosial rifah və ədalət gətirə bilirlər.

Bir daha təkrar edim ki, problem sosial, siyasi cəhətdən həll olunmalıdır.

Yəni, ölkədə rifahın inkişafı, məhkəmənin ədaləti, insanların hüquqları qorunmalıdır ki, icmanın bütün təbəqələrində əksəriyyət yaşadığı cəmiyyətin halından razı olsun.

Keyfiyyətli təhsil olmalıdır ki, gənclər dağıdıcı cərəyanların təsiri altına düşməsin, radikalların gizli təhlükəyə çevrilməsi deyil, marginallaşması perspektivi açılsın.

Həmçinin zorun, inzibati metodların da ədaləti olmalıdır ki, cəmiyyət onlarınm dediklərinə, etdiklərinə etibar etsin.

Bir sözlə, təhlükənin potensial xarakter almaması, onun doğrudan da həll olunması avtoritarizmlərdə mümkün olmur. Köklü həll perspektivi yalnız insan haqları, azadlıqlar, nisbi ədalət, iqtisadi inkişafla rifahı davamlı təmin olunmuş cəmiyyətlərdə mümkündür.

Əlaqəli mövzular

Bu barədə daha geniş