Mətbuat icmalı: Azərbaycan Çindən tut ağacı tingi alır

Fotonun müəllifi justice.gov.az

"Azərbaycan": Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Oktyabrın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Kollegiyada təməli Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinin uğurla davam etdirilməsi diqqətə çatdırılaraq bildirilib ki, ötən dövrdə Azərbaycan Prezidentinin 61 əfv aktı ilə 6 min 500-ə yaxın məhkum müxtəlif cəzalardan azad olunub, qəbul edilmiş 11 amnistiya qərarı isə 118 minə qədər şəxsə tətbiq olunub ki, onlardan 30 minədək məhkum ailəsinə, cəmiyyətə qovuşub.

İclasda Azərbaycan Prezidentinin "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 2016-cı il 21 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılmasında, qrantların verilməsi prosedurunun asanlaşdırılmasında və bu sahədə şəffaflığın təmin olunmasında qeyd olunan Fərmanın müstəsna əhəmiyyəti vurğulanaraq bildirilib ki, gələn il yanvarın 1-dən xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılacaq və bu prosedurda qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi əlaqələndirici qurum kimi müəyyən olunub. Bununla əlaqədar Azərbaycan Prezidentinin Fərmanının icrası, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı ayrılan maliyyə vəsaitlərinin qeydiyyatı işinin dəqiq və dürüst təşkili, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsi ilə bağlı və digər konkret tədbirlər müəyyən olunub. Məlumat verilib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına daim xüsusi önəm verilir, bu məqsədlə nazirlik tərəfindən qeyri-hökumət təşkilatları üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılaraq aparılır və QHT-lər bu sistemdən səmərəli istifadə edirlər.

Həmçinin dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4300-ü, KİV-lərin sayı isə 5100-ü ötüb. Kollegiyada, həmçinin ədliyyə orqanlarında kadr işinin, o cümlədən gənclər və könüllülər ilə fəaliyyətin təkmilləşdirilməsi üzrə görülən tədbirlər müzakirə edilib. Qeyd olunub ki, son 10 ildə 5500-ə yaxın hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf mütəxəssis işə qəbul olunub.

"Yeni Müsavat": Məşhurlar qadın qətllərinə qarşı kampaniyaya başlayıb

Azərbaycanda qadınlara qarşı cinayətlərlə bağlı statistika gündən-günə qabarır.

Qəbələnin Kürd kəndində xüsusi amansızlıqla öldürülən 3 uşaq anası, 1991-ci il təvəllüdlü Səbinə Məzahir qızı Verdiyevanın qətlə yetirilməsindən sonra "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qadın qətllərinin artmasına etiraz olaraq sosial şəbəkədə kampaniya başladıb.

M.Zeynalovanın sözlərinə görə, aksiyanın keçirilməsində məqsəd cəmiyyətin diqqətini qadına qarşı zorakılıq və amansız qətllərin dayandırılmasına dəstək vermələrinə yönəltməkdir. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi 25 oktyabr 2016 -ci il tarixdən 25 noyabr 2016 ci il tarixədək sosial şəbəkələrdə "qadın qətllərinə" qarşı səssiz aksiyaya başlayıb.

"İlk təklifim budur ki, oktyabrın 31-də saat 12.00-da hər kəs öz səhifəsində #qadin##olumlerine##son# yazaraq paylaşsın! Bunu edərkən sizə dəstək verə biləcək ən azı 5 nəfər dostunuzu da bu aksiyaya dəvət edin. Mümkün dərəcədə Milli Məclisdə və digər dövlət qulluğunda çalışan dostlarınızı da cəlb edin! Hər kəsdən xahiş edirəm, hamımız bunu eyni vaxtda saat 12.00- da edək," deyə o, sosial şəbəkədə yazıb.

M.Zeynalovanın bu çağırışından sonra sosial şəbəkədəki fəallar qadın qətlləri, qadına qarşı şiddət haştaqı ilə statuslar paylaşmağa başlayıblar. Onların arasında tanınmış jurnalistlər də var.

Jurnalist Seymur Kazımov yazıb: "Qızlarınızı ərə verəndə onlara deyin ki, nə zaman çətinliyin olsa, problemin olsa biz sənin ailənik. Sən tək, yiyəsiz deyilsən, istədiyin zaman evinə qayıda bilərsən... Daha deməyin ki, ər evinə gedirsən, ordan ancaq tabutun çıxmalıdır".

Fotonun müəllifi APA
Image caption Sosial kampaniya 25 yaşlı 3 uşaq anası hamilə qadının öldürülməsinə etiraz edir

Jurnalist Ilhamiyyə Rza isə belə yazıb: "...Zənnimcə, məsələ, kişinin qadına zor tətbiqiylə kifayətlənmir, daha çox güclünün gücsüzə zorundan, təzyiqindən gedir söhbət. Bir yerdə ki, güc, elmdə, intellektdə, istedadda, mədəniyyətdə deyil, əzələdədir, o yerdə həmişə elə belə də olacaq. Dəyərlərimizi, daha doğrusu, formalaşmaqda olan yeni "dəyərləri" təftiş etmək zamanıdır!"

Vətəndaş cəmiyyəti fəalı Mətanət Əzizovanın statusundan: "Situasiya kirtikdir. Ailədə qadınların öldürülməsi dəhşətli rəqəmlərə yüksəlir. Döyülmə ilə bağlı statistika artıq "uşaq oyuncağı"na dönüb. Hər gün qadınlara qaşı şiddət, döyülmə, öldürülmə, eləcə də qadın intiharları ilə bağlı onlarla xəbər dərc olunur. Fikir verin, vəziyyət 2014-cü ildən etibarən pisləşməyə doğru gedir. Bu, həmin dövrdür ki, qadın hüquqlarını müdafiə təşkilatlarının fəaliyyəti demək olar ki, dayandırıldı. QHT-lər qadının rahatlıqla, çəkinmədən, etibar edərək gələ bildiyi, minlərlə qadının həyatını xilas etmiş qurumlar idi. Hazırda qadınların, şiddət qurbanlarının gedə biləcəyi ünvan yoxdur".

lent.az: Bakı, Sumqayıt və Abşeronda rəqəmli televiziya yayımına keçildi

Ötən gün axşamdan etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb. Noyabrın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib ki, müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.

Məlumatda deyilir ki, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcəyi və analoq yayımın dayandırılacağı bildirilir.

fins.az: "Akkord"un dövlətə milyonlarla borcu üzə çıxıb

Vergilər nazirliyi vergi borcuna görə ölkədən çıxışına yasaq qoyulan şəxslərin genişləndirilmş siyahısında, hərəkət azadlığı məhdudlaşdırılanlar arasında «Akkord» şirkətlər qrupuna daxil olan daha bir şirkətin - "Property İnvestments" MMC-nin direktoru Fariz İbrahimlinin də adı var.

Bu şirkətin dövlət büdcəsinə ödəniləsi 227 min 243 manat borcunun olduğu bildirilir.

""Property Investments" MMC-nin mülkiyyətində ümumi sahəsi 1033 avtomobillik yeraltı dayanacaq, 323 qeyri-yaşayış və 213 anbar sahəsi var. «Akkord» korporasiyasının Bakıda tikdiyi 9 yaşayış kompleksindəki 77 min kvadratmetrlik əmlakı bu şirkət idarə edir. Həmin əmlaklar icarəyə verilməkdədir," - məlumatda deyilir.

Azadlıq Radiosuna istinadən yayılmış məlumatda həmçinin deyilir ki, ötən ilin martında qurulan şirkətin kapitalı 70 milyon manat müəyyənləşdirilsə də, sonradan bu rəqəm 22,5 milyona, ötən həftə isə təxminən 9 milyon manata salınıb.

Bundan başqa, "Akkord" şirkətlər qrupuna daxil olan "Akkord Beton"un da Vergilər Nazirliyinin borclular siyahısında olduğu bildirilir.

"Vergilər nazirliyi korporasiyanın və onun bir çox törəmə şirkətinin vergi borcunun olmadığını bildirir. Amma onun iştirakı ilə yaradılan şirkətlərin bəzisi vergiləri vaxtında ödəmir," deyə yazıda qeyd olunur. "Akkord Hydrotechnical Construction Company" MMC, "Akkord Nəqliyyat" MMC, "Akkord Mərmər Qranit" MMC, "Akkord Steel Construction Company" MMC, "Bakı-Əhəng" ASC belə şirkətlərdəndir. Ancaq məlumatda deyilir ki, bu şirkətlərin rəhbərlərinə ölkədən çıxma qadağası yoxdur.

"Azadlıq": Rauf Mirqədirov İsveçrə hökumətinə müraciət edib

Fotonun müəllifi APA
Image caption Rauf Mirqədirov 2014-cü ildə həbs edilib və 2015-ci ilin martında 5 il şərti cəza ilə azad edilib

Sentyabrın 16-da ölkədən gedən keçmiş siyasi məhbus, jurnalist Rauf Mirqədirov siyasi mühacir statusu almaq üçün İsveçrə hökumətinə müraciət edib.

Bu barədə vəkil Fuad Ağayev Meydan TV-yə məlumat verib.

"Azadlıq": "Mənə qarşı ölüm təhdidinin arxasında mövcud rejim dayanır"

Müvafiq qurumlar AXCP sədrinin müavini Gözəl Bayramlının ölümlə hədələnməsilə bağlı hələ də heç bir tədbir görməyib.

Gözəl Bayramlı "Facebook" səhifəsində yazıb: "Mənə qarşı edilən mənəvi terror və ölüm təhdidinin arxasında mövcud rejimin dayanmasına zərrə qədər də şübhə yeri qalmadı. Hadisədən 4 gün keçməsinə baxmayaraq hələ də hakimiyyət strukturlarının susqunluğu bu ehtimalın doğruluğunu bir daha təsdiq etdi. Mən mövcud Əliyev rejiminə qarşı mübarizənin ön cəbhəsindəyəm, bu mübarizəyə rəhbərlik edən AXCP-nin sıravi nəfəriyəm. Xalqımın, ölkəmin bu oğru, talançı, kriminal rejimdən xilas olmağı üçün bundan sonra da yalnız və yalnız mübarizənin önündə olacam. Bir daha mənəvi dəstəyə görə hamınıza təşəkkür edirəm. Demokratiya uğrunda mübarizəmiz isə davam edir. Azərbaycana müstəqilliyi qazandıranlar, demokratiyanı da mütləq gətirəcəklər. Buna heç kimin şübhəsi olmasın…"

"Azadlıq": Azərbaycan Çindən tut ağacı tingi alır

Fotonun müəllifi Nurcholis Anhari Lubis

Bir vaxt ipəkçilik üzrə keçmiş SSRİ-də lider olan Azərbaycanın Çindən aldığı 1,6 milyon tut ağacı yaxın günlərdə ölkəyə gətiriləcək.

"Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çin Xalq Respublikasının Jiangxi əyalətinin Kənd Təsərrüfatı Departamentinin baş məsləhətçisi Çen Rivu ilə görüşündə bu haqda məlumat verib.

...İlham Quliyev aqrar sahədə görülən işlər barədə danışarkən, İrandan barama toxumu gətirilərək istehsalçılara pulsuz paylanıldığını da qeyd edib. Nazir müavini çinli iş adamlarına Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib," - məlumatda deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş