Mətbuat icmalı: Azərbaycanın adı 10 milyon dollarlıq "korrupsiya skandalında"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Azərbaycanın adı 10 milyon dollarlıq korrupsiya skandalında

ABŞ-ın "New York Times" qəzeti 10 milyon dollarlıq korrupsiya qalmaqalında Azərbaycanın adını hallandırıb. Dərc edilmiş məqalədə Azərbaycan hökumətinin Beynəlxalq Boks Asosiasiyası (AIBA) ilə korrupsiya əlaqəsinə malik olduğu iddia edilir.

"PricewaterhouseCooper" mühasibat şirkətinin Beynəlxalq Boks Asosiasiyasının (AIBA) maliyyə durumu ilə bağlı hazırladığı hesabatda o qədər qanun pozuntusu əks olunub ki, auditorlar federasiyaya özünə cinayət hüquqşünası tutmağı məsləhət görüblər.

Hesabatı əldə edən "New York Times" qəzeti yazır ki, 2010-cu ildə Azərbaycanın bir özəl şirkətindən Şimali Amerikada təşkil olunan yeni boks liqasının ödənişləri üçün borc alınıb. Ancaq bu borc heç vaxt geri ödənilməyib və araşdırmaçılar 4.5 milyon dolların necə xərcləndiyini müəyyən edə bilməyiblər. AİBA boks federasiyası bu pulun hara yoxa çıxdığını açıqlaya bilməyib. İsveçrədə yerləşən boks federasiyası maliyyə itkilərinin hesabını verə bilməyib.

Borcun idman sektorunda biznesə malik olmayan, mərkəzi Bakıda yerləşən Benkons MMC konqlomeratından götürüldüyü bildirilir. Pul Şimali Amerikada təşkil olunan yarı-professional Dünya Boks Seriyasına getməli imiş. Cənab Vu AIBA-nın niyə bu şirkətdən borc aldığına açıqlama gətirməkdən imtina etsə də, deyib ki, keçmiş müavini Cənab Kimin "görüşün və tranzaksiyanın həyata keçirilməsində geniş seçim imkanları" olub.

"Benkons MMC və Azərbaycan Boks Federasiyasının təmsilçiləri məsələyə dair şərh verməkdən imtina edib.

Bəzi keçmiş AİBA işçiləri qeyd ediblər ki, borcun verilməsi Azərbaycan boksçularının medallarının artımı ilə eyni vaxta düşüb.

2010-cu ildən bəri, həmin borc veriləndən sonra son 3 dünya çempionatında Azərbaycan 4-ü qızıl olmaqla, 9 medal qazanıb. Ondan əvvəlki 3 çempionatda isə Azərbaycan cəmi 4 medal qazanıb və bunlardan heç biri qızıl olmayıb. Azərbaycan sonuncu 2 Olimpiadada 4 medal qazanıb, ondan əvvəlki 2 Olimpiadada isə 3 medal qazanıb.

Keçmiş təşkilat üzvləri borcun təsir vasitəsi qazanmaq üçün verildiyindən şübhələnirlər.

2008-ci il Pekin Oyunlarının boks görüşlərinin quraşdırma olduğunu iddia etdiyinə görə işdən atılan AİBA-nın keçmiş vitse-prezidenti Rudel Obreja bunu "çox qəribə borc" adlandırıb və təcrübəsinə istinad edərək bildirib ki, bu, ancaq rüşvət kimi başa düşülə bilər.

"New York Times"-a yazdığı elektron məktubda deyib ki, "Biz, boks işi ilə məşğul olanlar bilirik ki, Azərbaycan boks medalları əldə etməkdə çox istəkli idi"" - məqalədə deyilir.

"Azadlıq": AXCP sədri Zakir Qaralovla Ramil Usubova: "Səssiz qalmağınız şübhə doğurur"

Fotonun müəllifi AFP
Image caption AXCP sədri Əli Kərimli partiyanın sədr müavini Gözəl Bayramlının təhlükəsizliyinin təmin olunmasını tələb edir.

AXCP sədri Əli Kərimli partiyanın sədr müavini Gözəl Bayramlının ölümlə hədələnməsi faktı ilə bağlı Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət edib. O, faktla bağlı müvafiq tədbirlər görülməsi və onun təhlükəsizliyinin təmin olunmasını tələb edir.

"Ə.Kərimli müraciətində Baş prokurordan və Daxili İşlər nazirindən bu tədbirlərin görülməsini istəyib:

- Hüquq mühafizə orqanları kimi G.Bayramlının Konsitutsiya və ölkə qanunlarından, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərdən, ratifikasiya etdiyi anlaşmalardan, xüsusilə Mülki və Siyasi Hüquqlar haqqında Paktdan və Avropa Konvensiyasından irəli gələn siyasi hüquqlarından istifadəsi üçün normal şərait yaradılmasını təmin etsinlər;

- Bu məsələ ilə bağlı obyektiv, qərəzsiz araşdırma həyata keçirərək, zəng vurulan nömrənin sahibini, zəng vuran şəxsi müəyyən edib, onların məsuliyyətə cəlb edilməsi təmin olunsun;

...- Cinayət Prosessual Məcəlləsinin 37.3, 207-ci maddələrinə uyğun olaraq, Baş prokuror müvafiq tədbirlər görülməsini nəzarətində saxlasın. ...Təhdidin real olaraq aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsinə Daxili İşlər naziri nəzarət etsin;

- Təhdidin aradan qaldırılması ilə bağlı görülən tədbirlər haqqında partiya sədri olaraq ona və ictimaiyyətə məlumat verilsin."

"Azadlıq": 30 milyon büdcə pulu göyə sovrulub

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Təyinatdankənar istifadə: diaqnostikası və hüquqi problemlər" başlıqlı məqaləsində qeyd edir ki, Azərbaycanda bu ilin 6 ayı ərzində 26,8 mln. manat büdcə vəsaiti təyinatı üzrə istifadə edilməyib.

"Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, qurum kənar maliyyə nəzarətinin həyata keçirilməsi zamanı audit olunan qurumlarda vəsaitin təyinatının dəyişdirilməsi hallarına demək olar ki, əksər hallarda rast gəlməkdədir.

V. Gülməmmədov büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi istiqamətlərini də açıqlayıb. Bura vəsaitlərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı xərclər smetasında nəzərdə tutulmamış istiqamətlərə yönəldilməsi, büdcə təsnifatı ilə nəzərdə tutulmuş istiqamətlər üzrə vəsaitlərin müəyyən edilmiş qaydaya uyğun olmadan yerdəyişməsi, digər mənbələr hesabına maliyyələşdirilməli olan xərclərin büdcə vəsaitləri hesabına ödənilməsi, büdcə təşkilatlarının fəaliyyəti ilə bağlı olmayan xidmət və işlərin ödənilməsi, subsidiya və subvensiyaların verilməsi şərtlərinə riayət edilmədən istifadəsi və malların (işlərin və xidmətlərin) orta bazar qiymətlərindən baha qiymətə alınması daxildir," deyə məlumatda qeyd edilir.

fins.az: Hökumətdən xaricilərə "gəlin, iş qurun" mesajı verir

Miqrasiya Məcəlləsinə edilməsi gözlənilən əlavələrdə Azərbaycanda yaşamaq və işləmək istəyən əcnəbi iş adamlarına xüsusi güzəştlərin tətbiq olunması nəzərdə tutulub. Fins.az Azərbaycan prezidentinin təqdimatı ilə Milli Məclisə daxil olmuş həmin əlavələrin böyük ehtimalla qəbul ediləcəyini yazır.

Layihəyə əsasən, Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşama icazəsi veriləcək.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, yaxud Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərdən işləmək üçün icazənin alınması tələb olunmayacaq.

Milli Məclisin plenar iclasına tövsiyə olunmuş bu layihə noyabrın 11-də müzakirəyə çıxarılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş