Araz Ağalarov: Donald Trump “istedadlı insandır”

Şəklin mənbəyi, RIA "Novosti"
Düz üç il qabaq, Araz Ağalarovun Crocus Group şirkəti Donald Trump-a məxsus olan "Miss Universe" gözəllik müsabiqəsini Moskvada keçirmək üçün 20 milyon dollar xərcləyib.
Rusiyada yaşayan azərbaycanlı biznesmen, Crocus Group-un rəhbəri Araz Ağalarov Rossiya-24 televiziya kanalına müsahibəsində Donald Trump-ın ABŞ prezidenti seçkilərində qazandığı qələbəyə öz münasibətini bildirib:
"Mənim üçün gözlənilməz o oldu ki, bütün KİV-lərin və hakimiyyətin ona qarşı sərt mövqeyinə baxmayaraq, o bu maneələri aradan qaldırmağı bacararaq prezident ola bildi", - cənab Ağalarov deyib.
"O qeyri-adi bir insandır və Birləşmiş Ştatların prezidenti olmağa layiqdir. Axı biznes, əgər sən, xüsusilə də Donald Trump-ın məşğul olduğu bizneslə məşğulsansa, daim kompromis deməkdir", - o əlavə edib.
"1991-ci ildə o müflis olmuşdu, özünü müflis elan etmişdi, daha doğrusu onu müflis etmişdilər. Amma o bu vəziyyətdən çıxa bildi. Məncə bu böyük bacarıqdır. Çox az sayda biznesmen belə vəziyyətdən çıxmağa özündə güc tapa bilir. Xüsusilə də maliyyə intizamının sərt olduğu ABŞ-da".
"Siyasət də tapılması lazım olan kompromislər sistemidir. Onu işə başladığı ilk günlərdən izləyəcəklər, çünki o adi səhmdar cəmiyyətinin və ya bir kooperativin prezidenti seçilməyib".
"O ABŞ prezidentidir, orada isə öz iqtisadi və siyasi maraqlarını güdən çox sayda dairələr mövcuddur. Onun üçün bir çox yollar açıqdır, amma o özünün düzgün saydığı istiqaməti tapmalıdır".
"Həm siyasətdə, həm də biznesdə heç bir insanın xasiyyəti dəyişmir. Əgər insan istedadlıdırsa, o fizik, həkim, siyasətçi kimi - istədiyi hər bir şeyə nail ola bilər. Mən Trump-ı olduqca istedadlı insan hesab edirəm", - cənab Ağalarov bildirib.
"Bəlkə də o bunu [Rusiyaya qarşı sanksiyaları qaldırmaq] istəyir, mən demək olar, əminəm ki, o bunu istəyir".
"2013-cü ildə o burada işgüzar səfərdə olanda biz bu barədə onunla danışmışdıq. Onda bizim ölkəyə [Rusiyaya] çox müsbət duyğular var, lakin bunun gələcəkdə necə inkişaf etməsini indidən demək çox çətindir."