Narıncı rəngin yanlış çaları və Əhəd Abıyev Kolumbiya mediasında

Şəklin mənbəyi, Daşkəsən İH
Azərbaycanda yerli hakimiyyət rəsmisinin bayraq maketini yumruqla qırması günlərdir müzakirələrə səbəb olub.
Məsələ hətta Kolumbiya mediasına da çıxıb, çünki Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "Ermənistan bayrağı"nın təsviri olan şiferi qırdığını düşündüyü halda, şifer parçasının üzərindəki rənglər əslində Kolumbiya bayrağına məxsusdur.
Belə görünür ki, icra hakimi Abıyev narıncı rəngin yanlış çalarından istifadə olunmuş bayraq maketini qırıb.
Cənab Abıyevin özü isə düşünür ki, bu maket Kolumbiya yox, Ermənistan bayrağınındır.
Kolumbiya bayrağı
Kolumbiya mediasında çap edilən xəbərdə maketin "təəssüflə" bu ölkənin bayrağı olduğu yazılıb.
Youtube-da paylaşılmış videoda icra başçısının əsgərlərin əlində tutduğu maketi yumruqla qırdığı görünür. Həmin maket yuxarıdan aşağıya- sarı, mavi və narıncı rənglərlə rənglənib.
Cənab Abıyev BBC Azərbaycancaya danışarkən hadisəni belə təsvir edib:
"Hərbçilər, əsgərlər o tədbiri keçirəndə erməni bayrağı adını elan edəndə, mən də düşdüm bir yumruq vurdum ona. Necə əsgərlərimiz, o cümlədən də mən. Əsgərlərə həmrəy olduq, Azərbaycan bayrağı günü ilə əlaqadar yüksək səviyyədə tədbir keçirdik".
Azərbaycan torpaqları işğal altında olduğu halda, bayraq maketini qırmağın hansı məqsədə yararlı olması barədə suala o, belə cavab verib: "Bəs bu ermənilər bu qədər bizim bayrağımızı qırır, sındırır, dağıdır, torpaqlarımızı zəbt edib, işğal edib, bunlar nə istəyir bizdən? bunlar nə məqsəd güdürlər bizdən?"
O bu hərəkətinin sülh prosesinə hansı fayda verəcəyilə bağlı suala cavabında deyib ki, "ermənilərin bayrağını biz görmək istəmirik."
"Yalan, böhtan"
Cənab Abıyev maketin Kolumbiya bayrağı olmasını təkzib edərək deyir ki, "hamısı yalandır, böhrandır".
"Heç vaxt. Orda Kolumbiyadan söhbət gedə bilməz. Kolumbiya dost ölkədir, bizim onlara böyük hörmətimiz var. Çox mehriban səmimiyik. Çünki onlar Azərbaycanın ağır günlərində bizimlə bir olub, həm də bayramlarımızı təbrik ediblər".
Ermənistan və Kolumbiya bayraqlarının oxşar olduqlarını bildirən cənab Abıyev əlavə edib ki, rənglərin "uyğunluğu" ola bilər.
"Bunu rəssam çəkməyib, əsgərlərin çəkdiyi şifer üstündə olan şəkildir, bayraqdır. Bilirsiniz, bu foto deil, məxmərdən hazırlanmayıb, parçadan hazırlanmayıb. Köhnə şifer parçasıdır, adi əsgərin çəkdiyi şəkildir."
O bayraqları tanımaqla bağlı bildirib ki, "mən erməni bayrağına yumruq vurmuşam, Kolumbiya bayrağına heç vaxt ola bilməz... Mən eləmişəmsə, mən də deyirəm ki bu məsələ belədir".

Trump-ın qələbəsi, Abıyevin zərbəsi - həftə fotoların diliylə
Bu həftə dünyada baş vermiş ən böyük, gözlənilməz və maraq doğuran hadisələr fotoşəkillərin diliylə.