Goranboy və Astarada gənclər işsizlikdən şikayətlənir

Goranboy rayonu
Image caption Goranboy rayonunda gənclərin əksəriyyəti müvəqqəti də olsa fəhləlik işi tapmaq üçün hər gün Goranboy bazarına üz tutur, yerli sakinlərdən biri deyir.

"Bura zəif, kasıb rayondur. Ona görə uzun müddətdir gənclər işsizlikdən əziyyət çəkir", Goranboyda rastlaşdığımız gənclərdən biri məşğulluqla bağlı BBC Azərbaycancanın sualına belə cavab verir.

Dediyinə görə, gənclərin əksəriyyəti müvəqqəti də olsa fəhləlik işi tapmaq üçün hər gün Goranboy bazarına üz tutur.

Azərbaycanda kiçik və orta sahibkarlıq arzu olunan səviyyıdı deyil. rayonlarda böyük və kiçik oprta sahibkarlıq inkişaf səviyyəsi arzu olunan səviyyədə deyil.

Astara rayon mərkəzində ünsiyyətdə olduğumuz gənclərdən aldığımız cavablar mahiyyət etibarilə digər Goranboyda eşitdiklərimizdən fərqlənmirdi.

Goranboy rayon icra hakimiyyəti gənclərin məşğulluğu ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Goranboy icra hakimiyyəti rəsmisi isə "siz niyə küçədə gənclərlə görüş aparsınız" deyə BBC Azərbaycancaya sual edib.

Dövlət Statistika Komitəsinin məlumatında deyirlir ki, 2014-cü ildə Azərbaycanda işləmək qabiliyyəti olan əhali sayı artaraq 6 milyon 200 mini bir qədər keçib. 2015-ci ilin statistik rəqəmləri isə hələlik açıqlanmır.

Goranboy

Goranboy rayonun mərkəzində qarşılaşdığımız gənclərin dediklərinə görə, tikinti və ya əkin sahəsində çalışan muzdlu fəhlə axtarışına çıxan insanları gözləmək üçün hər gün bazara üz tuturlar.

Image caption Yol kənarında Lada markalı maşını ilə yük daşıyan gənc sürücünün dediyinə görə, müştərilərinin çoxu nisyə gedir və "bəxti gətirəndə" günə 3-5 manat qazanır.

"Ancaq gündəliyə işləyirik. Gündə nəsə qazandıq qazandıq, səhər yoxdursa pul da yoxdur", yerli gənc "nə iş olsa işləyəcəm" deyir, yetər ki, iş olsun.

Gənclərin sözlərinə görə, qonşu rayonda, Naftalanda otel sisteminin işə düşməsi onlarla gəncin iş qayğılarının azalmasına çox kömək olub.

2007-ci ildən bu günə qədər xırdavat məhsulların satışı mağazasını işlədən gənc gəlirinin son illər azalmasından gileylənsə də "buna da şükür" deyir.

"Mağazada nisyə götürüb yeyə bilirik, amma taksidə bu gün sən məni dolandırırsan, sabah mən səni dolandırıram", gənc taksi sürücüsü deyir.

Yol kənarında Sovet istehsalı olan Lada markalı maşını ilə yük daşıyan gənc sürücünün "dərdi başqa cürdür". Dediyinə görə, müştərilərinin çoxu nisyə gedir və "bəxti gətirəndə" günə 3-5 manat qazanır.

Deyilənləri dinləyən yaşlı sakinlərdən biri "gəncin fərasəti varsa dolanacaq, yoxdursa dolana bilməyəck" deyə rayonda olan zavodların işləməməsinin işsizliyin artmasına təsirindən danışır.

"Daha gözəl olardı"

Bəs Goranboy rayon icra hakimiyyəti bu gün gənclərin məşğulluğunun artırılması üçün hansı tədbirləri görür?

Image caption Goranboyda gənclər işləmək məqsədilə bəzən bağlarda yetişən meyvələri ağaclardan toplamağa gedir

Rayon icra başçısı müavini, Mirvari Ağamalıyeva "gənclərin işsizlik problemini öyrənmək üçün bizə müraciət etsəydiniz yaxşı olmazdımı" deyə sualımıza sualla cavab verir.

"Müraciət edərdiniz gəncləri yığardıq gənclər idarəsinə söhbət edərdiniz. Biz gənclərin işsizliyi ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə tədbir keçirəcəyik. Tədbir nə vaxt olacaqsa sizi də çağırarıq gəlin. Yoxsa gedib taksi şoferindən müsahibə almaqdansa belə daha gözəl olardı", deyib xanım Ağamalıyeva BBC Azərbaycancanın suallarını cavablandırmaqdan imtina edir.

Astara

Astarada həmsöhbət olduğumuz gənclərdən biri deyir ki, paytaxtda, Qərb universitetini bitirib və iki ali təhsili var. İndi isə Astarada mağaza işlədir. "Gəlirimə min bərəkət" deyən gənc daimi iş yeri olsaydı, orda işləmək istəyini də gizlətmir.

Gənc oğlunu xaricə oxumağa yollayan yaşlı sakindən biri bu arada söhbətə qatılır və "mövcud vəziyyətə görə" övladının bir daha geri qayıtmasını arzulamadığını deyir.

Həmsöhbətlərimizdən birinin dediyinə görə, burda gənclərin "əksəriyyəti fəhləliklə dolanır". İşsizlik səbəbindən Astara-İran Gömrük keçid məntəqəsində qonşu ölkəyə keçirilməsinə ildə bir dəfə icazə verilən yükü daşıyıb müqabilində 25 manat almaq da artıq onlar üçün iş kimi qəbul olunur.

Astara Rayon icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova gənclərlə bağlı sualımızı dinləyəndən sonra telefon dəstəyini asdı və davamlı zənglərimizə baxmayaraq cavablandırmaqdan imtina etdi.

Kiçik və orta sahibkarlıq

İqtisadçı Samir Əliyev deyir ki, neft gəlirləri azalandan sonra Azərbaycanda "az qala hər 2 adamdan biri işsizdir" və buna səbəb ölkədə orta və kiçik sahibkarlıq sahələrinin kifayət qədər inkişaf etdirilməməsidir.

Image caption İşsizlik səbəbindən Astara-İran Gömrük keçid məntəqəsində qonşu ölkəyə keçirilməsinə ildə bir dəfə icazə verilən yükü daşıyıb müqabilində 25 manat almaq da artıq onlar üçün iş kimi qəbul olunur.

"Əksər xarici ölkələrdə ümumdaxili məhsulun 80-90 faizi kiçik və otra sahibkarlıq subyektlərinin payına düşür. Azərbaycanda bu rəqəm 10 faizdən çox deyil", cənab Əliyev ölkədə şirkətlər, xüsusilə neft şirkətləri ümum daxili məhsulu formalaşdıran əsas subyektlər olduğunu vurğulayır.

Ekspert düşünür ki, aqrar sektorun inkişafı, emal müəssisələrinin yaradılması regionlarda həm əlavə iş yerləri, həm rəqabət, həm də gəlir formalaşdırmasında mühüm rol oynayacaq.

"Müəssislərin maliyyə baxımından əsaslandırılması və davamlılığının da nəzərə alınması da diqqətdə kənarda qalmamalıdır."

2015-ci ilin statistikasına görə, Azərbaycan əhalisinin 5 milyona yaxın hissəsi məşğul və işsiz əhali kateqoriyasına daxildir. Onlar arasında rəsmi işsiz statusu alanların sayı 243 min 700 nəfər, 28 min 877 nəfəri isə məşğulluq xidmətləri orqanlarında işsiz kimi qeydiyyatdadır.

Başqa sözlə desək, 2015-ci ildə işsizlərin sayı 2014-cü illə müqayisədə 0.7 faiz artıb, 2013-cü illə müqayisədə isə 20,24 faiz azalıb.

Bu barədə daha geniş