Mətbuat icmalı: MB ilin sonuna qədər manatı "ucuzlaşdırmağa çalışır"

Fotonun müəllifi Getty Images

"Mərkəzi Bank ilin sonuna qədər manatı ucuzlaşdırmağa çalışır"

Ötən gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

Hərracın 1 ABŞ dolları üçün 1,6954 məzənnəsi ilə başlayıb, 1,7024 məzənnəsi ilə yekunlaşdığı bildirilir.

"Hər gün dolların manata nisbətdə məzənnəsində dəyişiklik baş verir. Son zamanlar artıq dolların hər gün bir qəpik irəliləməsi adi hala çevrilib. Manatın yaxın gələcək üçün perspektivi isə qaranlıq görünür. Gərəkən addımları zamanında atılmaması maliyyə böhranından çıxışı bir qədər də çətinləşdirir," deyə qəzet yazır.

İqtisadçı Samir Əliyev bildirib ki, Mərkəzi Bankın statistik məlumatları gələn ay açıqlayanda görəcəyik ki, pul kütləsində artım var. "Mərkəzi Bank bir tərəfdən depozit hərracı keçirir, manatı yığır. Digər tərəfdən Mərkəzi Bank 600 milyon manatlıq not buraxmağı planlaşdırır. Bu o deməkdir ki, 600 milyon manat dövriyyədən çıxarılacaq," deyə ekspert bildirib.

Hökumətin manatın məzənnəsini saxlamaqda maraqlı olmadığını deyən S.Əliyevin sözlərinə görə, sanki hökumət müəyyən həddə qədər manatın ucuzlaşmasını qarşısına hədəf qoyub:

"Əvvəlki dövrdə də manatın ucuzlaşması gedirdi. Amma hazırda bu proses bir qədər də sürətlənib. Mərkəzi Bank ilin sonuna qədər manatı müəyyən həddə qədər ucuzlaşdırmağa çalışır. Çünki referendum dövründə manatın ucuzlaşması istiqamətində bir fasilə götürülmüşdü. Hazırda həmin mərhələnin kompensasiyası gedir. Həm neftin ucuzlaşması gedir, həm də dekabrda dolların uçot dərəcəsi qaldırıla bilər. Mərkəzi Bank bu siyasəti yürüdür ki, vəziyyət dəyişəndə manatı kəskin devalvasiyaya uğratmasın".

Fotonun müəllifi Reuters

"Azərbaycan": UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb

AZƏRTAC xəbər verir ki, UEFA 2016/2017-ci il mövsümündə Azərbaycanı Avropa kuboklarında təmsil etmiş klubların hesabına pul köçürüb.

"Qitənin ali futbol qurumunun Çempionlar Liqası və Avropa Liqasındakı iştiraka görə ayırdığı vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" 1 milyon 88 min 460 avro qazandığı halda, "Qəbələ" 733 min 660 avro "irəli düşüb".

Avroliqanın təsnifat mərhələsində iştirak etmiş "Neftçi" 458 min 620 avro, qadağa üzündən avrokuboklara yollana bilməyən "İnter" isə 58 min 660 avro qazanc götürüb.

Eyni turnirdə bir mərhələ keçmiş "Kəpəz" isə 440 min avro qazanıb. Bu məbləğ klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

Qeyd edək ki, UEFA bu dəfə Azərbaycan klublarının hesabına ümumilikdə 2 milyon 779 min 400 avro köçürüb," - məlumatda deyilir.

"Azərbaycan": Azərbaycan əhalisinin sayı açıqlanıb

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki,Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 79,0 min nəfər və ya 0,8 faiz artaraq 2016-cı il oktyabr ayının 1-nə 9784,6 min nəfərə çatıb.

Məlumatda deyilir ki, əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub. "Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 119,7 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 2090-ı əkiz, 54-ü isə üçəm doğulub.

Ölkə üzrə cari ilin ilk 9 ayı ərzində 42,0 min ölüm halı qeydə alınıb, ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə 5,8 olub. Bu müddətdə qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,0, boşanmaların sayı isə 1,3 olub. Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2678 nəfər gələn və 1397 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1281 nəfər təşkil edib," deyə məlumatda göstərilir.

"Yeni Müsavat": Baş prokuror Milli Məclisə saxta profillərlə bağlı təkliflər layihəsi təqdim edib

APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.

"Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni maddənin "Qeyd" hissəsində isə göstərilir ki, bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir," - xəbərdə deyilir.

Fotonun müəllifi Getty Images
Image caption Baş Prokurorluğun təklifi Milli Məclisə təqdim olunub

"Azadlıq": Qaralov Əliyevi internetdən necə qoruyacaq?

"Baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib.

Layihəyə əsasən, bu maddədə "və ya kütləvi informasiya vasitəsində" sözləri "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" sözləri ilə əvəz edilir," deyə qəzet yazır.

Məlumatda həmçinin deyilir ki, buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir..

fins.az: Övladını təkbaşına böyüdən valideynlər daha az işləyəcək

"Azərbaycanda uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərə dəyişiklik edilir.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanuna dəyişiklik müzakirə olunub.

Layihəyə əsasən "yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar" üçün nəzərdə tutulan güzəşt "3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə" sözləri ilə əvəz edilir," - deyə portal APA-ya istinadən yazır.

Qeyd edilir ki, qanunun hazırkı variantına görə, hazırda dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.

"Yeni layihədə isə təklif edilib ki, "yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar" üçün nəzərdə tutulan güzəşt bundan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə aid edilsin.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub," deyə xəbərdə qeyd edilir.

fins.az: Xarici ticarət balansı yenidən mənfiyə düşüb

2016-cı ilin 10 ayı ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 14 milyard 153 milyon 697.82 min ABŞ dolları təşkil edib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 23.22% azalma deməkdir.

İdxal əməliyyatları 6 milyard 957 milyon 998.81 min ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6.64 % azalma deməkdir. İxrac əməliyyatları isə 7 milyard 195 milyon 699.01 min ABŞ dolları təşkil edib, yəni ötən ilin müvafiq dövrünə nisbətən 34.48 % azalıb.

"Yanvar-Oktyabr ayları üzrə saldo müsbət 237 milyon 700.20 min dollar, Oktyabr ayında isə mənfi 111 milyon 173.01 1 min dollar təşkil etmişdir.

Oktyabr ayında Azərbaycanın ixracı 644 milyon 492.59 min dollar, idxalı isə 755 milyon 665.60 min dollar təşkil edib," - məlumatda deyilir.