Seymur Həzi müalicə mərkəzinə niyə göndərilmir?

Seymur Həzi Fotonun müəllifi Ayende

Həbsdə olan jurnalist Seymur Həzinin revmatizm xəstəliyi şiddətlənir, həyat yoldaşı Nigar Həzi BBC Azərbaycancaya bildirib.

"Seymur iki həftədir ki, xəstəliyi ilə əlaqədar müayinə və müalicə mərkəzinə göndərilmək üçün müraciət edib, amma müəssisə rəhbərliyi onu göndərməməkdə israrlıdır", o deyib.

Penitensiar Xidmət BBC Azərbaycancaya bildirib ki, səhhətində hər hansı problem varsa, məhbus şəxs aidiyyatı üzrə tibbi-sanitar hissəsinin həkiminin rəyi əsasında müalicə mərkəzinə göndərilə bilər.

"Dediyiniz şəxsin səhhətində hər hansı problem varsa o, aidiyyatı üzrə tibb-sanitar hissəsinə müracitə etməlidir və həmin şəxs çəzaçəkmə müəssisəsi şəraitində yox, mərkəzləşmiş müalicə mərkəzində müalicəsi barədə həkimin rəyi varsa, bu əsasda o, dərhal ora keçiriləcək", Penitensiar Xidmətiin sözçüsü Mehman Sadıqov bildirib.

"İçəri qoymurlar"

"Ona qalın paltarlar aparıram ki, özünü qoruya bilsin. Amma dərman apara bilmirəm ki, onsuz da içəri qoymayacaqlar", Nigar Həzi deyir.

Onun sözlərinə görə, "bütün həbsxanalarda olduğu kimi, 17 saylının da tibbi vəziyyət "bərbaddır".

Penitensiar Xidmət isə istintaq təcridxanalarındakı tibbi personalın kifayət qədər peşəkar kardlarla təmin olunduğunu deyir.

Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən"Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru Seymur Həzi 2014-cü ilin avqustunda həbs olunub.

Ona qarşı "silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb. Bu ilin yanvar ayında jurnalist, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist hazırda Binə qəsəbəsində yerləşən 17 saylı həbsxanadadır.

"Siyasi məhbus" anlamı

Nigar Həzinin sözlərinə görə, jurnalistin müalicə mərkəzinə göndərilməməsinin səbəbi onun "siyasi məhbus olmasıdır".

"Seymur kimi məhbuslar Ədliyyə Nazirliyindən gələn qeyri-rəsmi xüsusi icazədən sonra mərkəzə göndərilir", Nigar Həzi əlavə edir.

Penitensiar Xidmət isə məhbusların səhhətlərinə dərhal reaksiya verdiklərini bildirir.

"Siz dedyiniz anlamla bağlı bizdə məhkum yoxdur. Bizdə konkret cinayət əməlinə görə məhkum olunmuş, barələrində məhkəmələrin qanuni qüvvəyə minmiş şəxsləri var. O amil mövcud deyil. Bizim üçün bütün məhkumlar eynidir. Bizim üçün istınilən məhbusun səhhətti mənəvi və psixoloji durumu həmişə vacib olub".

Nigar Həzi deyir ki, tibbi müayinədən əlavə, Seymur ümumi rejimli çəzaçəkmə müəssisəsində deyil, "qanunsuz olaraq" xüsusi rejimli çəzaçəkmə müəssisəsində saxlanılır.

"17 saylı həbsxana qarışıq tipli müəssisədir və ümumi az ağır cinayət törətmiş şəxslər üçün də nəzərdə tutulub, dediyiniz şəxs qanunvericiliyə və rejiminə uyğun orada saxlanılır", Mehman Sadıqov bildirib.

Beynəlxalq təşkilatlar Seymur Həzinin həbsini "siyasi motivli" hesab edir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş