Azərbaycanda media azadlığı: İlham Əliyev haqlıdırmı?

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı,

İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib

Prezident İlham Əliyev beynəlxalq informasiya agentliklərinin konqresinin iştirakçıları ilə görüşdə Azərbaycanda mətbuat azadlığının "tam şəkildə təmin olunduğunu" söyləyib.

"Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - Facebook-da və Twitter-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq".

O jurnalistlərin həbsi ilə bağlı bildirib ki, "ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar."

Bəs Azərbaycanda fəaliyyət göstərən jurnalistlər necə düşünür? Ölkədə media azaddırmı? BBC Azərbaycancanın suallarına Xədicə İsmayıl, Mehman Əliyev və Vüsalə Mahirqızı cavab verir.

Şəklin mənbəyi, Revan Seyfulla

Şəklin alt yazısı,

Hazırda qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma maddələrində ittiham olunan Xədicə İsmayil may ayında 5 il şərti azadlığa buraxılıb

Araşdırmaçı jurnalist Xədicə İsmayıl: İnternetdən istifadə edə bilirik, amma internetdən istifadə edib, söz azadlığımızdan istifadə edəndə buna görə cəzalandırılırıq.

Əgər İlham Əliyev buna söz azadlığı deyə bilirsə, desin. Amma bu, söz azadlığı demək deyil və insanlar nəyisə yazanda buna görə həbs olunacaqlarını düşünmədikləri halda söz azadlığından danışmaq olar. Hazırda vəziyyət belə deyil. İnsanlar nəsə yazanda da onlara nə edilə biləcəyini düşünürlər. Azərbaycanda bu, adətən şərlənib həbs olunmaqla başa çatır.

Bu yalandır, ölkənin içində bir dənə də müstəqil mətbuat yoxdur. Ölkədə telekanal və radiolardan, ümumiyyətlə, danışmırıq. Xaricdən internet vasitəsilə yayım edənlər də basqı altındadırlar və kim onlarla əməkdaşlıq edirsə, rəsmən cinayət təzyiqi ilə üzləşir.

Mənim üzərimdə olan maddələrdən biri sırf Azadlıq radiosu üçün işləməyimlə bağlıdır. Bu rəsmi ittihamdır. Ölkədə rəsmi şəkildə etiraf olunur ki, xarici media ilə işləmək cinayətdir.

Azad mətbuatdan danışmaq gülüncdür. Yeganə müxalif mətbuatı Azadlıq qəzetinin çapını dayandırıb. Az-çox oxucu kütləsinə çıxışı olan istənilən saytın arxasında hansısa oliqarx durmalıdır, ya da o, məhvə məhkumdur. Ölkədə azad mətbuatın olması üçün heç infrastruktur da yoxdur, yəni ölkədə azad media mühiti yoxdur reklam yerləşdirilsin, bununla da mətbuat inkişaf etsin.

Mətbuatın azad olacağına dair heç ümid işartısı da yoxdur.

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı,

APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı İlham Əliyevin sözləri ilə "razı olduğunu" bildirib

APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı: Azərbaycanda azad internet var, sosial şəbəkələrə heç bir qadağa tətbiq olunmur.

Başqa ölkələrdə adi terror hadisəsində, kriminal hadisələrdə sosial şəbəkələr bağlanılır, giriş qadağan edilir, və ya sosial şəbəkələrdə ayrı-ayrı şəxslərə qarşı, hətta təhqir olanda və ya ölkə ilə bağlı epizodik təhqir olanda belə bir neçə aylıq sosial media bağlanılır.

İstənilən halda, hətta dövlət üçün çox önəmli məsələlərdə, hətta Dağlıq Qarabağla bağlı ciddi insidentlər gedəndə və ya sosial şəbəkələrdə təhqir də var, başqa məsələlər var, hətta sosial medianın milli təhlükəsizlik üçün təhdid rolunu oynadığı məqamlarda Azərbaycanda sosial medianın fəaliyyəti məhdudlaşdırılmayıb. Aprel və avqust aylarında Dağlıq Qarabağda yaranmış hərbi məqamları nəzərdə tuturam.

İnternetin fəaliyyəti də məhdudlaşdırılmır. İstənilən adam istənilən cür domeyn alaraq, özü üçün internetdə sayt yaradıb jurnalistika ilə məşğul ola bilər.

Ölkədə böyük və müstəqil media şirkətinin rəhbəri kimi, elə bir məsələ yoxdur ki, o barədə yaza bilməyək. Söhbət real məsələlərin yazılmasından, tənqidin dozundan gedir.

Bir məsələ normal - qarşı tərəfin mövqeyini işıqlandırmaqla, məhkəmə predmeti olmayacaq şəkildə və ya olarsa, həmin medianın lehinə məsələlər- sənədlərin olması şəklində yazılırsa, o zaman heç kim məhkəməyə verməyə təşəbbüs belə etmir. Məlumatı, faktı əldə etmədən yazanlara irad bildirəndə onlar bunu media azadlığının əleyhinə adlandırırlar.

Nəsə yazmısansa onu sübut etməyini istəmək də qarşı tərəfin - vətəndaşın da, məmurun da haqqıdır, necə ki, bizim media haqqımız var. Media yazdıqlarını sübut etmək məcburiyyətindədir, çünki insanların şərəf və ləyaqəti, işgüzar nüfuzu o qədər asan qazanılmır.

Biz istintaq ifadələrini, qapalı gedən məhkəmələrdəki ifadələri və ibtidai istintaqa verilmiş ifadələri əldə etmişik və onları yayırıq. Bizə bununla bağlı heç bir təzyiq, maneə yoxdur. Soruşanda deyirik ki, fakt var, sənədlər var. Sənədlər dövlət sirri haqda qanuna da zidd deyilsə, mən onları yayıram. Bilib-bilmədən hər şeyi qarışdırıb yazmağa görə hüquqi məsuliyyət daşıdığımızı unutmamalıyıq.

Turan agentliyinin rəhbəri Mehman Əliyev: Azərbaycanda azad media məkanı yoxdur.

Dövlət bunu bilə-bilə yaratmır və ümumiyyətlə Azərbaycanda belə bir dövlət siyasəti yeridilir ki, azad media institutu olmasın. Son on ilə yaxındır ki bu siyasət aparılır və nəticə olaraq azad media demək olar ki yoxdur.

Hökümət hər hansı azad media təşəbbüslərinə aqressiv yanaşır.

Bizdə Azadlıq radiosunun bürosu bağlanıb, BBC radiosu bağlanıb və başqa KİV üçün heç bir şərait yaradılmayıb. Elə televiziyaların kontentinə - orada kimlərin çıxış etməsi və ya hansı verilişlərin getməsinə baxsanız müstəqil medianın olmamasını görmək olur.

Nə Mətbuat Şurası, nə də ora daxil olan media qurumları da müstəqil deyil.

Ümumiyyətlə, Azərbaycanda söz zadlığı olsaydı, bu cür iqtisadi böhrana gəlinib çıxılmazdı. Bunun nəticəsidir ki, hökümətin üzərində heç bir ictimai nəzarət olmayıb. Azad medianın sıradan çıxarılması dövlət idarəçiliyində, iqtisadiyyatda və böyük özbaşınalığa, sui-istifadəyə gətirib çıxarır. Bu real vəziyyətdir.

Prezident kifayət qədər yaxşı bilir, amma özünə bəraət qazanmaq istəyir.

Sərhədsiz Reportyorlar Təşkilatının 2016-ci il üçün Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə içərisində 163-cü yerdədir. Ölkənin reytinqi keçən ildən bəri 1 xal azalıb.