Azərbaycandan "meyvə, tərəvəz ixracı artıb"
- Elnarə Məmmədova
- BBC Azərbaycanca

Azərbaycana idxalın artmasını ekspertlər gömrükdə məhsulların qeydiyyata alınma prosedurunun dəyişdirilməsi ilə əlaqələndirir
Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsullarının ixracı 252 milyon dollar həcmində olub ki, bu da ötən ilin cari dövrü ilə müqayisədə 31,9 faiz artım deməkdir, kənd təsərrüfatı nazirliyi sözçüsü Murtuzəli Hacıyev BBC Azərbaycancaya müsahibəsində deyib.
"Meyvə ixracı 30 faiz, tərəvəz 37 faiz artıb. Bu ilk dəfə ərzaqlardan düyü, lobya, çərəzlər və heyvan mənşəli məhsullar ilk dəfə ixrac olunub", cənab Hacıyev vurğulayır.
Manatın ucuzlaşması fonunda bir sıra iqtisadçılar Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalının bir neçə dəfə artmasını real hesab etmir və rəqəmlərin yalnız gömrük qeydiyyatı proseduruna tətbiq olunan yeni qaydaların nəticəsi kimi qiymətləndirirlər.
Dövlət Gömrük Xidmətinin 2016-cı ilin 10 ayı üçün açıqladığı məlumata görə, buğda, tütün və tütün məmulatları, istisna olmaqla bir çox kənd təsərrüfatı məhsullarının idxalı ötən ilin cari dövrü ilə müqayisədə ən az 1,2 dəfə artıb, bir sıra məhsulların ixracı isə ən az 2 dəfə azaldılıb.
Bəzi iqtisadçı ekspertlər bunu manatın ucuzlaşması fonunda istehsal olunan məhsulların daha baha qiymətə başa gəlməsi və xarici bazarda rəqabət gücünü itirməsi ilə əlaqələndirirlər.
Rəqabət
Cənab Hacıyev əlavə edir ki, ixracı stimullaşdırmaq üçün xüsusi dövlət proqramları var və bu proqramlar çərçivəsində davamlı işlər görülür.
İqtisadi təhlilçi Samir Əliyev deyir ki, bu istiqamətdə addımlar "çoxdan atılmalı idi" və ixracın artması "qısa zaman işi deyil".
Onun fikrinə görə bunun üçün dövlət texnoloji, maliyyə və digər sahələrdə fermerlərə və sahibkarlara dəstək olmalı, rəqabət mühiti yaradılmalıdır və ən əsası isə "xaricdən asılılq aradan qaldırılmalıdır".
Bundan əlavə ölkə kredit siyasəti ilə bağlı, milli valyutanın dəyərini elə həddə saxlamalıdır ki, yerli məhsulları ixrac edəndə o məbləğinə görə digər məhsullarla rəqabət apara bilsin.
İdxal, ixrac
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan məhsullar arasında yalnız meyvə-tərəvəz ixracı 30 faiz artıb ki, idxalı da eyni zamanda 1.4 dəfə yüksəlib.
İdxalında ən çox artım müşahidə olunan məhsul sırasında birinci yerdə ət dayanır, 2,5 dəfə.
İxracı kəskin azalan məhsullar sırasında bitki və heyvan mənşəli piylər və yağların ixracı dayanır ki, ötən ilin cari dövrü ilə müqayisədə fərq 5,3 dəfə azdır, idxalı isə 1,2 dəfə artıb.
Digər məhsullara gəlincə, çay ixracı 3,5 dəfə azalsa da, idxalı 2 dəfə çoxalıb. Şəkərin ixracı 2 dəfə azaldığı vaxtda idxalı 1,6 dəfə artıb.
İdxalın çox olması nəticəsində gəlirlə xərclər arasındakı 10 aylıq fərq 237,7 milyon dollar olub, hansı ki, ötən il bu rəqəm 15 dəfə çox - 3,5 milyard dollara bərabər olub.
İqtisadçı ekspert Samir Əliyev deyir ki, idxalın bu qədər artacağı "gözlənilən idi". Azərbaycanda qeyri-neft məhsullarının ixracı "həmişə zəif olub, 5-7 faiz" deyən iqtisadçı düşünür ki, manatın ölkədə kəskin ucuzlaşması istehsal xərclərinin artmasına səbəb olub ki, bu da məhsulların maya dəyərini bahalaşdırıb.
Cənab Əliyev deyir ki, yerli sahibkarlar üçün əsas bazar olan Rusiyada rublun ucuzlaşmasından sonra "Azərbaycan məhsulları çoxu ruslara bahalaşdı" və buna görə də "ordakı bazar itdi".
Hazırda ekspert ilin son iki ayında xarici ticarət dövriyyəsində ciddi yaxşılaşmanın baş verməsini gözlənilməz hesab edir.
İqtisadçı ekspertlər deyir ki, Rusiyada rublun ucuzlaşmasından sonra "Azərbaycan məhsulları çoxu ruslara bahalaşdı" və buna görə də "ordakı bazar itdi".
"Hazırda ixracımızı xilas edən meyvə-tərəvəzin mövsümlə əlaqədar azalması, ilin sonuna doğru büdcə xərcləmələrinin artması fonunda idxalın artması, neftin ucuzlaşması ilin sonunda idxalın ixracı üstələməsi ilə nəticələnə bilər. 2016-cı il üzrə tədiyyə balansında böyük həcmdə mənfi saldonun yaranması milli valyutamızın məzənnəsini təzyiq altında saxlayacaq", ekspert düşünür.
"Leqal və illeqal"
Digər iqtisadçı ekspert Rəşad Həsənov isə düşünür ki, idxalın artımını göstərən rəqəmlər manatın məzənnəsinə "mənfi təsir formalaşdırmayacaq".
"Əvvəllər bu məhsullar rəqəmlərdə ifadə olunmurdu və biz görmürdük, amma indi biz bu rəqəmləri görürük. Dünən deyək ki, illeqal yolla dollarlar məhsulun alınması üçün ölkədən çıxarılırdı, amma indi leqal yolla valyutaya çevrilib çıxarılır", cənab Həsənov Gömrük Komitəsinin məlumatlarındakı artımı "texniki məsələ" adlandırır.
İqtisadi təhlilçi öz qiymətləndirməsinə əsasən düşünür ki, hazırda Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyəti "kifayət qədər azalıb". Buna əsaslanaraq da o, sahibkarların xaricdən məhsul idxal etməkdə o qədər də maraqlı olmadığı fikrindədir.