Mətbuat icmalı: Ermənistan və Azərbaycanın XİN başçıları görüşəcək

Azərbaycan qəzetləri

Şəklin mənbəyi, Getty Images

"Azadlıq": Nazirlik: Azərbaycan iqtisadiyyatına investisiyalar gələn il 19% azalacaq

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bildirilir ki, Azərbaycanda 2017-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,3 mlrd. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 18,6% azdır.

"Gələn il yatırılacaq investisiyaların 39,6%-i daxili, 60,4%-i isə xarici maliyyələşmə mənbələrinin payına düşür.

Ümumi investisiyaların 5,6 mlrd. manatının qeyri-neft sektoruna, 9,7 mlrd. manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur.

Gələn il qeyri-dövlət investisiyalarının 10,8 mlrd. manat olmaqla, ümumi investisiyaların 70,5%-ni, dövlət investisiyalarının isə 4,3 mlrd. manat olmaqla, ümumi investisiyaların 29,5%-ni təşkil edəcəyi proqnozlaşdırılır," - məlumatda deyilir.

Bundan başqa, 2016-ci ildə əsas kapitala yönəldiləcək investisiyların həcmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8%-nin daxili, 42,2%-nin xarici investisiyaların payına düşəcəyi gözlənilir.

Məlumatda həmçinin bildirilir ki, bu il ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Növbəti ildə qeyri-dövlət investisiyaları 11,0 mlrd. manat olmaqla, ümumi investisiyaların 58,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Dövlətin ümumi investisiyaların strukturunda payının isə 41,5% və ya 7,9 mlrd. manat olacağı gözlənilir.

"Azərbaycan": Fransada Ermənistan-Azərbaycan münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri müzakirə edilib

Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.

"Nazirlər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə nəzər salaraq, bu günlərdə Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş layihəsi üzrə danışıqların başlanılması üçün Avropa Komissiyasına müvafiq mandatın verilməsi faktını alqışlayıb, bu qərarın ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin məqsədyönlü və qarşılıqlı maraq əsasında inkişafına yeni təkan verəcəyinə əmin olduqlarını bildiriblər.

Şəklin mənbəyi, GERARD CERLES AFP Getty

Şəklin alt yazısı,

Elmar Məmmədyarov xarici işlər nazirləri səviyyəsində "3+2" formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib, rəsmi məlumatda bildirilir.

Həmçinin nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Onlar münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqlı və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq ediblər.

Bu xüsusda nazir Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində "3+2" formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib," deyə məlumatda bildirilir.

Elmar Məmmədyarov səfər zamanı Fransanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri səfir Stefan Viskonti ilə də görüşüb.

"Xalq qəzeti": Prezidentin Mətbuat Xidmətinin məlumatı: İlham Əliyev Donald Trumpa zəng edib

Prezident İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

"Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf ¬etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük ¬potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə ¬Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, Prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını ¬çatdırmağı xahiş edib," deyə məlumatda bildirilir.

fins.az: Yeni büdcədə hansı xərclər dəyişdirilib

Maliyyə Nazirliyi 2017-ci ilin büdcə layihəsinin dəyişdirilmiş variantını təqdim edib. Yeni variantda müəyyən xərclər azaldılıb və ya artırılıb. Ekspert Rəşad Ağayevin verdiyi məlumata əsasən, dəyişikliklər aşağıdakı formada olub:

"Azaldılan xərclər:

1) Dövlət borcuna xidmət xərcləri -127 milyon manat;

2) Elm xərcləri - 6.8 milyon manat;

3) Naxçıvana dotasiya -11 milyon;

4) Hüquq mühafizə xərcləri - 19 milyon manat;

5) Təhsil xərcləri - 126 milyon manat;

6) Səhiyyə xərcləri - 30.4 milyon manat;

7) Sosial müdafiə xərcləri - 64.7 milyon manat;

8) Mədəniyyət-incəsənət xərcləri - 19.5 milyon manat;

9) İdman xərcləri - 201 milyon manat;

10) Kənd təsərrüfatı xərcləri - 305.5 milyon manat.

11) Sahibkarlığa dəstək - 102 milyon manat;

12) Əsas bölmələrə aid edilməyən xidmətlər - 633.3 milyon manat.

Artırılan xərclər

1) Müdafiə xərcləri 1.027 milyard manat

2) Tikinti xərcləri - 639 milyon manat;

Ümumilikdə ilkin variantla müqaysiədə 15-dək bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər 1.7 milyard manata yaxın azaldılaraq 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb," - məlumatda qeyd edilir.