Ermənistan "qeyri-qanuni varlanmaya qarşı" mübarizəni gücləndirir

Şəklin mənbəyi, gov.am
Qanun layihəsi hökumətin iclasında təsdiqlənib.
Ermənistan hökuməti yüksək vəzifəli məmurların qeyri-qanuni varlanmasına qarşı cinayət məcəlləsində dəyişiklik haqqında qanun layihəsini bəyənib. Dəyişikliyə görə, mənbələri əsaslandırılmamış 5 milyon dramdan artıq (təxminən 10 min ABŞ dolları) illik gəlir məmurun cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ola bilər.
Layihə üzrə cinayət məcəlləsinə əlavə ediləcək maddəyə görə, varlanma mənbələrini əsaslandıra bilməyən yüksək vəzifəli və onlarla bağlı şəxslər cinayət məsuliyyətinə cəlb edilər.
Qanun layihəsini cümə günü Ermənistan nazirlər kabineti üzvlərinə təqdim edən Ermənistan ədliyyə naziri Arpine Hovhannisyanın sözlərinə görə, Ermənistan Respublikası Cinayət Məcəlləsinin "Qeyri-qanuni varlanma haqqında" yeni maddəsi qanuna əsasən gəlirləri haqqında deklarasiya verməsi tələb olunan şəxslərə şamildir.
"Qanuna əsasən, deklarasiya təqdim etməsi tələb olunan subyektin ( bu isə, yüksək vəzifəli şəxs və onunla bağlı ayrıca deklarasiya təqdim etmələri tələb olunan şəxslərdir) müvafiq müddət ərzində mülkü və gəliri qanuni məvacibindən əhəmiyyətli dərəcədə artıqdırsa və bu hal ağlabatan şəkildə əsaslandırılmır (...), həmin şəxs qeyri-qanuni varlanması üçün məsuliyyət daşımalıdır", - deyə Arpine Hovhannisyan "əhəmiyyətli dərəcə"nin 5 milyon dram həddini aşan məbləğ olduğunu qeyd edib.
Layihəyə əsasən, yeni maddə üzrə mülkün müsadirə olunması ilə 3-dən 6 ilədək həbs cəza tədbiri və bir sıra vəzifələri tutmaq qadağası nəzərdə tutulur.
Sentyabr ayından baş nazir vəzifəsinə təyin olunan Karen Karapetyan, hökumət proqramını parlamentə təqdim edərkən, prioritetlər sırasında süni inhisarların ləğv edilməsi və korrupsiya ilə mübarizəyə üstünlük verildiyini qeyd edib.
Dəyişikliyin 2017-ci il 1 iyuldan qüvvəyə minəcəyi planlaşdırılır. O, üç ay ərzində qeyri-qanuni varlanma haqqında cinayət məcəlləsində dəyişiklik etmək və altı aya müvafiq qanunların tətbiq edilməsini təmin edəcək mexanizmlər tətbiq etməyə söz verib.
Arpine Hovhannisyanın sözlərinə görə, yeni qayda deklarasiya verməsi tələb olunan şəxslərə şamildir.
Ermənistan hökumətinin korrupsiya ilə mübarizə etmək əzmində olması bir çox müxalifət nümayəndələrinə şübhəli görünür. Bəzi müxalifət nümayəndələri qeyri-qanuni varlananların hamıya məlum olduğu, adlarının mətbuatda hallandırıldığını bildirir.
Son bir neçə ay ərzində öz müsahibələrində "qeyri-qanuni varlanan" konkret yüksək vəzifəli şəxs adını çəkən Vahan Badasyan hətta, səsləndirdiyi faktlar təsdiqləmnəzsə, böhtan üçün məsuliyyət daşımağa hazır olduğunu bildirib.
Tanınmamış Dağlıq Qarabağ parlamentinin sabiq üzvü, müharibə veteranı Vahan Badasyan korrupsiya ilə mübarizə elan etmiş baş naziri Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisi, general-leytenant Movses Hakobyanın "fəaliyyətini araşdırmağa" çağırır. Badasyan keçmiş Qarabağ müdafiə naziri, general Movses Hakobyanı ordu üçün tədarük haqqında qanunu pozmaqda günahlandırır.
"SQ baş qərargah rəisi bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi maddi-texniki təminat departamentinin rəisi vəzifəsində olduğu zaman, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Müdafiə Nazirliyi ilə özünə məxsus şirkət arasında həqiqi dəyərindən bir neçə dəfə artıq qiymətə saziş imzalayaraq, ordunun hesabından on milyonlarla dram mənimsəyib", - Badasyan öz Facebook səhifəsində yazıb.
Bu gün Ermənistan Baş Prokurorluğu Vahan Babasyanın ittihamları əsasında "Ermənistan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki təminatı sahəsində fırıldaqçılıqla bağlı araşdırma başlamaq üçün" informasiya vasitələrində yer tapan məlumatları Ermənistan İstintaq Komitəsinə göndərib.

Ermənistan: zərər çəkən hərbçilərə yardım fondu mübahisə doğurub
Ermənistan parlamentində müdafiə nazirliyinin təklifi ilə gündəmə gətirilən "Ermənistan Respublikasının müdafiəsi zamanı həyatı və sağlamlığına dəyən zərərin ödənilməsi haqqında" qanun layihəsi ətrafında qızğın müzakirələr gedir.