Mətbuat icmalı: MM və deputatlara 23 milyon manatdan çox vəsait xərclənəcək

Fotonun müəllifi Getty Images

"Azadlıq": Milli Məclisə və deputatlara 23 milyon manatdan çox vəsait xərclənəcək

Azərbaycan parlamentinin "2017-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində göstərilir ki, Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23089714 manat xərclənəcək.

"Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16 664 786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2 443 608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq.

Fotonun müəllifi Getty Images
Image caption Qanun layihəsinə əsasən 2017-ci ildə Milli Məclisin saxlanılması bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270 000 manat, parlamentin aparatında çalışan şəxslərə 2 607 336 manat, deputat köməkçilərinə 1 365 000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1 513 524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub," deyə məlumatda bildirilir.

"Azərbaycan": Azərbaycanla BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai ilə görüşdə deyib: "Mədəniyyət və Turizm Nazirliyi BMT-nin ixtisaslaşmış qurumları olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT Ümumdünya Turizm Təşkilatı ilə sıx əməkdaşlıq etməkdədir və bu əməkdaşlıqda BMTİP-ni də tərəfdaş kimi görməkdən məmnun olarıq.

Görüşdə Azərbaycanla BMTİP arasında əməkdaşlıq məsələləri, ölkədə təşkil olunan beynəlxalq tədbirlər və əməkdaşlığın perspektivləri müzakirə olunub.

"Ə. Qarayev 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək forum çərçivəsində bir sıra yeni təşəbbüs və layihələrin əsasının qoyulacağını bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" çərçivəsində təşkil olunan Forum BMT sisteminə daxil olan və digər regional təşkilatlar üçün beynəlxalq problemlərin müzakirə platformasına çevriləcəkdir.

Qulam İsakzai nazir Ə.Qarayevin təkliflərini BMTİP-in rəhbərinə çatdıracağını qeyd edərək davamlı inkişaf mövzusunda Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib," - məlumatda qeyd edilir.

"Yeni Müsavat": Vahid Əhmədov: "Hökumətin işi yetərli deyil"

Milli Məclisin deputatı Vahid Əhmədov "Yeni Müsavat"a açıqlamasında bildirib ki, böhrandan çıxmağın yeganə yolu iqtisadi islahatlar, struktur islahatları və kadr islahatlarıdır:

"Bu islahatlar paralel aparılmalıdır. Bir islahatı edib digərini saxlamaqla heç nəyə nail olmaq mümkün deyil. Biz Azərbaycanda qeyri-neft sektorunun inkişafını yüksək dərəcəyə çatdırmasaq, əlbəttə, ciddi problemlərlə üzləşə bilərik. 2017-ci il Azərbaycan üçün neftin qiyməti baxımından yaxşı heç nə vəd etmir. Mən diqqət edirəm ki, qiymətlər elə də yüksək deyil və yüksək də gözlənilmir. Ona görə də ciddi kadr islahatları, struktur islahatları aparmaq lazımdır. O qədər nazirliklərə, komitələrə nə ehtiyac var? Dövlətin xərclərini müəyyən qədər azaltmaq lazımdır. Ümumiyyətlə, iqtisadiyyatda çox ciddi dəyişikliyə ehtiyac var. İlk növbədə institutsional struktur dəyişiklik aparılmalıdır. Əks halda, bu ciddi problemləri aradan qaldırmaq mümkün olmayacaq. Bütün islahatlar paralel getməlidir" - millət vəkili deyib.

Vahid Əhmədov onu da deyib ki, hökumətin iqtisadi islahatlar istiqamətində atdığı addımlar yetərli deyil:

"Əgər onların işi yetərli səviyyədə olsaydı qiymətlər bu həddə gəlib çıxmazdı. Hökumət ciddi addımlar atsaydı, analizlər aparsaydı, əlbəttə, problemlər bu həddə olmazdı. 5-6 ay öncə 1 ədəd kənd yumurtası 15 qəpik idi, indi 30-35 qəpikdir. Hökumət gecə-gündüz işləməlidir. Bəyənmədiyimiz Rusiyada hökumət gecə-gündüz işləyir. Ancaq mən Azərbaycan hökumətində bunu görmürəm."

İqtisadçı ekspert Qubad İbadoğlu da Azərbaycanda iqtisadi böhran və tənəzzülün getdikcə dərinləşdiyini deyib:

"Çox təəssüf ki, bu ilin ötən 10 ayı ərzində bizim gözlədiyimiz istiqamətlərdə islahatlar həyata keçirilmədi. İlin əvvəlindən başlayan tənəzzül daha da dərinləşdi və ilin sonuna yaxın da heç bir pozitiv meyllər müşahidə olunmur. Bu ilin son iki ayı və növbəti ilin 4 ayında biz Azərbaycanda vəziyyətin daha da pisləşəcəyini müşahidə edəcəyik. Ölkədə kompleks islahatlara başlanılmasa, həm struktur, həm də institutsional sahədə dəyişikliklər baş verməsə, bu vəziyyətin həlli mümkün deyil. ...Hökumət inzibati yolla tənzimlənən iqtisadiyyat modelindən imtina etməlidir, azad bazar iqtisadiyyatı, liberal iqtisadi siyasət önə çıxmalıdır. Bu liberal iqtisadi siyasətin də əsas qayəsini azad sahibkarlıq və sağlam rəqabət təşkil etməlidir. Azərbaycanda nə qədər ki, dövlət rəqabəti dəstəkləməyəcək, sahibkarlıq üçün əlverişli mühit, fəaliyyət imkanları yaratmayacaq, o qədər də ölkənin tənəzzülü davam edəcək," deyə Qubad İbadoğlu bildirib.

"Yeni Müsavat": Sabiq nazir 300 min dolları haraya xərcləməsindən danışıb

Sabiq Rabitə və yüksək texnlologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibət bildirərək ümumiyyətlə, belə bir ifadə vermədiyini deyib.

O bildirib ki, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərinin ilkin istintaq zamanı verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır:

"Bunların heç birinin əsası yoxdur. Mənim elə bir ifadəm olmayıb. Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədi ilə bir sıra tədbirlər həyata keçirib. Bu məqsədlə gənc mühəndis və mütəxəssislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirməsi, müxtəlif seminar-konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirilib. Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, Start-UP şirkətlərinin texniki təminatının gücləndirilməsinə yönəldilib. Ancaq bu vəsəaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm".

"Xalq qəzeti": Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev noyabrın 21-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.

Prezident İlham Əliyev "Abşeron" qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivlərinin mövcudluğunu, yatağın böyük potensiala malik olduğunu, layihənin mərhələli şəkildə işlənilməsinin önəmini qeyd edib.

TOTAL şirkətinin artıq 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Patrik Puyanne bu dövrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirib. "Abşeron" yatağının Azərbaycanda qaza olan tələbatın ödənilməsi üçün mühüm əhəmiyyət daşıyacağını deyən Patrik Puyanne bu yatağın işlənilməsinə dair Dövlət Neft Şirkəti ilə qarşılıqlı səmərəli razılığa gəlindiyini qeyd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş