Mətbuat icmalı: Dünya Bankının Azərbaycana 5 böhran tövsiyyəsi

Şəklin mənbəyi, Getty Images
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer ötən gün Buxarestdə video-konfrans zamanı Dünya Bankının Azərbaycana tövsiyyələrindən də danışıb.
O qeyd edib ki, Dünya Bankı makroqitisadi sabitliyin təmin olunması məqsədilə islahatların aparılması zamanı Azərbaycan hökumətinə əhalinin həssas təbəqələrinə qarşı diqqəli olmağı tövsiyyə edir.
"Azərbaycan hökumətinə tövsiyyələrimiz 5 bənddən ibarətdir. Birincisi - monetar siyasətin dəyişilməsi, valyutanın çevik məzənnəsinə keçid, buna artıq nail olunub və həmin siyasətdə balansın əldə olunmasıdır ki, çətin məsələdir", - deyə o bildirib.
Dünya Bankı rəsmisinin sözlərinə görə, nəinki Azərbaycan, həm də neft-ixracatçıları digər ölkələr üçün vacib olan ikinci məsələ - maliyyə, o cümlədən bank sektorunun stabilləşməsidir.
İqtisadçının toxunduğu üçüncü məsələ, neft və qeyri-neft gəlirləri arasında balansla davamlı ortamüddətli büdcələşdirilmədir.
Dördüncü tövsiyyə gəlirlərin şəffaf və ədalətli bölüşdürülməsinə nail olmaqdır. Məqsəd milli gəlirlərin azalmasından əsas yükün əhalinin daha həssas təbəqəsinin üzərinə düşməməsidir.
Mütəxəssisin sözlərinə görə, beşinci tövsiyyə hökumətin diqqətini yeni iş yerlərinin yaradılması, rəqabətlə bağlı vəziyyətin yaxşılaşması məqsədilə islahatların aparılması, digər sahələrdə də maliyyəyə biznesin çıxışına yönəltməsi ilə bağlıdır.
"Bütün bu çağırışlar üzrə Azərbaycan hökuməti ilə işləyirik. Maliyyə, büdcə proqnozlaşdırılması, özəl sektor, rəqabət sahələrində Azərbaycanla çox sayda komandalarımız çalışır", deyə HansTimmer bəyan edib.
"Xalq qəzeti": BP: "Cənub" qaz dəhlizinin vaxtında və nəzərdə tutulan büdcə daxilində tamamlanması əsas prioritetdir"
BP-nin Türkiyənin rəhbəri Mick Stump bildirib ki, "Cənub" qaz dəhlizi layihəsinin vaxtında və nəzərdə tutulan büdcə daxilində tamamlanması əsas prioritetdir".
Stump həmçinin qeyd edib ki, "Şahdəniz-2" layihəsi üzrə işlər də sürətlə davam edir.
"2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində Avropaya təbii qazın nəqlini planlaşdırdıqlarını deyən M. Stump layihə üzrə işlərin 80 faizinin tamamlandığını bildirib.
O əlavə edib ki, Cənubi Qafqaz Boru xəttində isə işlərin 50 faizi tamamlanıb: "Layihə ortaqları ilə bərabər işlərimiz davam edir"", - "APA-Economics"in "Anadolu" xəbər agentliyinə istinadən verdiyi xəbərdə deyilir.
"Xalq qəzeti": Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib
Şəklin mənbəyi, President.az
Bridget Brink (solda ortda) prezident İlham Əliyevlə görüşdən sonra jurnalistlərə açıqlama verib
Prezident İlham Əliyev noyabrın 22-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.
Prezident ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
"ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brink ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək, Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğuladı.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparıldı," deyə xəbərdə qeyd edilir.
Azadliq: Dövlət Departamentinin nümayəndəsi müxalifət liderləri ilə görüşüb
ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink noyabrın 22-də axşam ABŞ səfirliyinin binasında Azərbaycan müxalifətinin liderləri ilə görüşüb, Azadlıq qəzeti yazır.
Görüşdə Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat Partiyasının lideri Arif Hacılı və ReAl hərəkatının icraçı direktoru Natiq Cəfərli iştirak ediblər.
Kərimlinin Turan-a verdiyi məlumata görə, söhbət zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, ikitərəfli münasibətlər, regiondakı vəziyyət müzakirə olunub.
"Azərbaycan": XİN: Yaponiyanın "Mainichi" xəbər agentliyinin əməkdaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb
XİN mətbuat xidməti AZƏRTAC-a bildirib ki, Yaponiya vətəndaşı, "Mainichi" xəbər agentliyinin əməkdaşı Hitoşi Omae Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.
Hitoşi Omea məktubunda işğal edilmiş ərazilərimizə Azərbaycan Respublikasının icazəsi olmadan səfər etməsinin qeyri-qanuni olmasından xəbərsiz olduğunu bildirərək, səfərlə bağlı təəssüfünü ifadə edib. O, səfərin nəticələri ilə əlaqədar yazdığı məqalələrin hər hansı bir tərəfin maraqlarına xidmət etmədiyini bildirib, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyini vurğulayıb.
"Məktubda Hitoşi Omae, həmçinin ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Yaponiya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edərək, səfərin təşkili üçün müvafiq kömək göstərilməsini xahiş edib.
Hitoşi Omaenin müraciəti və onun media nümayəndəsi olması müvafiq qaydada nəzərə alınıb və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib," - məlumatda deyilir.