Tarif Şurası kommunal xidmətlərin qiymətləri ilə bağlı qərar qəbul edib

Qaz

Şəklin mənbəyi, Vittorio Zunino Celotto/ Getty

Azərbaycan Tarif Şurasının iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb, APA xəbər verir.

Məlumata görə, iclasda, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.

"Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib", məlumatda deyilir.

Həmçinin bildirilir ki, elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.