Mətbuat icmalı: "Dərmanlar 10-25 faiz bahalaşdı"

Şəklin mənbəyi, Getty Images
"Azərbaycan": Azərbaycan XV Berlin Təhlükəsizlik Konfransında təmsil olunub
Noyabrın 29-30-da Almaniyanın paytaxtında keçirilmiş XV Berlin Təhlükəsizlik Konfransında Azərbaycanı daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.
"Konfransda Avropa Parlamentinin, Avropa Xarici Fəaliyyət Xidmətinin təmsilçiləri, eləcə də Almaniya, Fransa və Avropanın bir sıra ölkələrinin təhlükəsizlik və müdafiə məsələləri ilə məşğul olan qurumlarının rəhbər işçiləri, müdafiə sənayesi müəssisələrinin, Berlində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və mətbuat təmsilçiləri iştirak ediblər.
Tədbir zamanı Avropa İttifaqı qarşısında duran təhlükəsizlik çağırışlarına birgə cavab verilməsinin, xüsusilə Şengen zonasına daxil olan ölkələrdə təhlükəsizlik və müdafiə məsələlərinin tənzimlənməsi istiqamətində mühüm addımların atılmasının vacibliyi qeyd olunub. Avropa İttifaqının vahid təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsindən bəhs olunub, təhlükəsizliyin təmin edilməsi və bu baxımdan beynəlxalq terrorizmə qarşı mübarizənin, habelə digər sahələrdə birgə əməkdaşlığın daha da gücləndirilməsinin labüd olduğu vurğulanıb. Eyni zamanda, Avropa İttifaqı Şurasının dekabr ayında nəzərdə tutulmuş iclası ərəfəsində Almaniya ilə Fransa, habelə NATO ilə Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahəsində daha səmərəli əməkdaşlıq məsələsi geniş müzakirə mövzusu olub," deyə xəbərdə qeyd edilir.
fins.az: Elə evlər tikməliyik ki, enerjiyə tələbat "0" olsun
Şəklin mənbəyi, Christopher Lee
Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyevin sözlərinə görə, fərdi evlərin tikilmə üslubunda iqlim faktoru ilə yanaşı, onun gələcək istismar xərcləri də nəzərə alınır:
"Məsələn, qaz və elektrik baha olan ölkələrdə evləri elə tikməyə çalışırlar ki, onların qaz və işıq istehlakı az olsun. Bu isə tikinti zamanı enerjiyə qənaət etməyə imkan verən tikinti texnologiyaları və tikinti materiallarının istifadəsini stimullaşdırır. Bizdə istifadə edilən tikintilərdə enerjiyə qənaət ən son yerdə dayanır.
Bəli, məsələn kombi alanda onun gücünə və qənaətçilliyinə fikir verirlər. Ancaq qənaət kombidən yox, məhz evin özündən başlayır, yəni onun tikinti üslubundan.
Qaz və işığın qiymətinin artırılması daha çox həyət evində yaşayanlara zərbə vurur. Çünki adam başına istifadəyə görə bu evlərdə xərclər daha çoxdur. Ancaq bu o demək deyil ki, bina evlərində vəziyyət o qədər yaxşıdır.
Qiymət artımının əmlak bazarına təsiri haqda danışmaq hələ tezdir və hesab edirəm ki, təsirsiz ötüşəcək. Ancaq ölkənin tikinti sektoruna təsir göstərəcək. İlk növbədə tikinti zamanı artıq istismarda enerji qənaətinə imkan verən texnologiyaların tətbiqi məsələlərinə diqqət göstərməyə başlayacaqlar.
Bu növ inşaat materiallarına təlabatın artımı da gözləniləndir. Ancaq bu tədricən baş verəcək," deyə ekspert bildirib.
"Hazırda bütün dünyada enerjiyə qənaət tədbirləri arasında enerji effektivliyi məsələsi mühüm yer tutur. Avropa İttifaqının hədəflərinə görə, 2020-ci ildən sonra Avropada tikilən bütün binalar "sıfır" enerji tələbatlı olmalıdır.
...Keçmiş sovet respublikalarının əksəriyyətində olduğu kimi, Azərbaycanda da binaların, fərdi evlərin layihəsi onların qızdırılmasına sərf edilən istilik enerjisini demək olar ki, havaya sovurur.
Ekspert hesablamalarına əsasən, Bakıdakı köhnə və yeni tikilmiş müasir binaların 1 kv. metr yaşayış sahəsinin qızdırılmasına ildə 250 kVt/saat enerji sərf edilir. Müqayisə üçün bildirək ki, iqlimi qat-qat soyuq olan Türkiyədə binaları qızdırmaq üçün bundan 2-3 dəfə az enerji kifayət edir," - yazıda deyilir.
"Azadlıq": Qiymət artımından əldə olunacaq 300 milyon manat idman yarışlarına xərclənəcək
"Elə deputatlar var ki, qiymət artımının əhalinin xeyirinə işləyəcəyini, sosial ədaləti təmin edəcəyini, inkişafa səbəb olacağını da iddia edir. Yəni, heç bir kompeks keçirmədən, bu dəhşətli bahalaşmanı vətəndaşa minnət kimi sırayırlar.
Millət vəkili Vahid Əhmədov deyib ki, kommunal ödənişlərin artırılmasında 300 milyon manat əlavə gəlir əldə olunacağı nəzərdə tutulur. Eyni zamanda bildirdib ki, kommunal xidmətlərin bahalaşması insanlara əlavə yük olacaq. İstər-istəməz digər məhsulların qiyməti də artacaq və ciddi problemlər yaranacaq.
...İqtisadçı deputat reallığı danışıb. Ən maraqlısı isə budur ki, 2017-ci ildə ölkəmizdə keçiriləcək Formula-1 və İslam Həmrəyliyi oyunlarına 317 milyon manat vəsait xərclənəcək. Deməli, hökumət işığın və qazın qiymətinin artırılması hesabına əldə olunan 300 milyon manatı, idman yarışlarının keçirilməsinə sərf edəcək. Məqsəd büdcəni doldurmaq, qiymət artımı hesabına hansısa problemi həll etmək deyil, sahibsiz yarışlara ev sahibliyi etməkdir...."- yazıda qeyd edilir.
"Maliyyə Naziri Samir Şərifov... qeyd edib ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən işıq və qazdan əldə olunan gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.
...Qazın qiymətini 100 faiz, işığın qiymətini 57 faiz artırdıqdan sonra, aztəminatlı ailələrə şad xəbər verirlər. Belə çıxır ki, aztəminatlı ailələrdən pul alıb, sonra bu pulun bir hissəsini özlərinə qaytaracaqlar. Və bunun adını "diqqət və qayğı" qoyacaqlar. Aztəminatlı ailələrə qayğı göstərmək istəyən hökumət 1 gecənin içində işığın və qazın qiymətini niyə qaldırdı?"- yazıda deyilir.
"Devalvasiyadan sonra "kredit borcları bağışlanacaq" vədi verib, sonra "banklar xeyriyyə cəmiyyəti deyil" bəyanatı verən hökumət, doğurdanmı artımı sosial müdafiəyə yönəldəcək? Bəlkə hökumətin nəzərində Formula-1 və İslam Həmrəyliyi Oyunlarına xərclənən vəsait vətəndaşın sosial müdafiəsinə xidmət edir?
Yeri gəlmişkən, ölkə başçısı bir müddət əvvəl bildirmişdi ki, sosial yardımlar vətəndaşı ələbaxımlı edir. Ona görə də hökumətin əlavə yardımına ehtiyac yoxdur, yetər ki, vətəndaşın boğazına şərik çıxmayın. 120 milyard neft pulunu vətəndaşa qıymayan hökumət, 300 milyon işıq-qaz pulunu vətəndaşa verməz. Bu nağılları başqalarına danışın," deyə müəllif qeyd edir."
"Azadlıq": Dərmanlar 10-25 faiz bahalaşdı
Şəklin mənbəyi, Joe Raedle
Artım barədə qərar Tarif Şurasının dünənki iclasında verilib. İclasdan sonra Şuradan verilən açıqlamada bildirilir ki, dərmanların qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
BakiPost.az-ın əməkdaşı bu uyğunlaşmanın nə ilə nəticələndiyini öyrənmək üçün paytaxtın iri aptekləri ilə əlaqə saxlayıb...
Dərman depolarından bildirilib ki, qiymətlər təxminən 10-25 faiz arası artıb: "Bu gündən satışı dayandırılan dərmanlar apteklərə buraxılmağa başlayıb. Tarif şurasının qərarı gözlənilirdi deyə, dərmanların çoxu satışa çıxarılmırdı. Dünən verilən qərardan sonra, həmin dərmanlar yeni qiymətlərlə apteklərə göndərilir. Qiymətlər təxminən 10-25 faiz arasında qalxıb. Hansı dərmanın nə qədər qalxmasını demək çətindir. Hər dərmanın qiymət qalxımı faizi fərqlidir. Hansı dərmanın qiymətinin hansı əsasla artırıldığı isə hələlik məlum deyil. Əsas odur ki, bundan sonra ölkədə dərman qıtlığı olmayacaq. Apteklər normal fəaliyyətini bərpa etməyə başlayıb".
Şəklin mənbəyi, CBAR.az
"Azadlıq": Baş bankirdən utancverici müqayisə
Məhəmməd Talıblı: «Elman Rüstəmovun müqayisəsi onu deməyə əsas verir ki, indiyə qədər yürüdülən iqtisadi siyasət iflasa uğrayıb və hər şey yenidən qurulmalıdır»
"Uzun illər hakimiyyətdə olan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını deyə bilərik.
Amma bu o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb".
Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov 2017-ci il dövlət büdcə layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı deyib.
Ancaq baş bankirin 130 milyarddan çox neft pulu daxil olan iqtisadiyyatla 90-cı illərin iqtisadiyyatını müqayisə etməsi nə dərəcədə doğrudur?
İqtisadçı Məhəmməd Talıblı bildirib ki, müqayisənin qüsurlu olduğunu bir neçə məqam göstərir.
M.Talıblı vurğulayıb ki, 90-cı ildə Azərbaycan iqtisadiyyatı təcrid olunmuş vəziyyətdə idi: "Təcrid olunmuş iqtisadiyyat isə bütün əlaqələri yenidən bərpa etməliydi. Həm də iqtisadiyyatı yenidən qurmaq lazım idi.
Həmin dövrdə yaşanan tənənzül onunla bağlı idi ki, biz bir sistemdən başqa bir sistemə keçirdik. Amma indiki vəziyyət ona görə həmin dövrlə müqayisə olunur ki, Azərbaycan sanki iqtisadiyyatı neftsiz yenidən qurmaq vəzifəsiylə üz-üzə qalıb. Bu baxımdan müqayisə aparıla bilər.
Amma nəzərə almaq lazımdır ki, hazırkı dönəmdə 130 milyard neft pulu gəlmiş iqtisadiyyat yenidən bu pulları əldə etmək haqqında düşünür. Bu onu deməyə əsas verir ki, indiyə qədər yürüdülən iqtisadi siyasət iflasa uğrayıb. Hər şeyi yenidən qurmaq məcburiyyətində qalmışıq," deyə o bildirib.