DTX: Bakıda "özünü partlatmağa cəhd edən şəxs məhv edilib"

DTX binası

Şəklin mənbəyi, Azertag.az

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda özünü "şəhid kəməri" ilə partlatmağa cəhd edən şəxsin xüsusi əməliyyat qrupu tərəfindən məhv edildiyi barədə məlumat yayıb.

Azertac agentliyinin ötən axşam paylaşdığı məlumata əsasən, hadisə 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Emin Caminin saxlanılması üçün həyata keçirilən əməliyyat tədbiri zamanı baş verib.

Əməliyyat tədbirləri Bakıda Binə Ticarət Mərkəzinin yaxınlığında həyata keçirilib, APA yazır.

Məlumata görə, Cami Emin Əzizağa oğlu 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə əvvəllər məhkum olub və bu ilin əvvəlində azadlığa çıxıb.

Onun "...yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib", DTX bildirib.

Hazırda bununla əlaqədar istintaq-əməliyyat tədbirləri davam etdirilir.