Mətbuat icmalı: "İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev..."

"Azadlıq": "Azərenerji"nin külli miqdarda borcu yaranıb
"Fitch" reytinq agentliyinin açıqlamasında deyilir ki, "Azerenerji" ASC xarici öhdəliklərini yerinə yetirmək üçün dövlət büdcəsindən lazımi dəstək alacaq.
Açıqlamada bildirilir ki, 2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 milyon dollar və 204 milyon avro məbləğində xarici borcunu ödəməlidir.
Agentliyin verdiyi məlumatlara əsasən, "Azərenerji" hələ də valyuta riskinə məruz qalmaqdadır.
"Belə ki, yığımlarının mütləq əksəriyyəti manat olan dövlət şirkətinin xarici borcunun kifayət qədər böyük qismi dollar, avro və Yaponiya yenində ifadə olunub: "2015-ci ilin sonuna "Azərenerji" ASC-nin xarici borcu 1,5 milyard manatdan 2,4 miltard manata yüksəlib. Bunun əsas səbəbi manatın devalvasiyaya uğramasıdır. Hökumət dövlət şirkətinə zəruri dəstəyi verməkdədir".
"Fitch" qeyd edir ki, maliyyə göstəriciləri zəifləyən dövlət şirkəti likvidlik problemi ilə üzləşib," - məlumatda deyilir.
"Azərbaycan": Milli Məclisdə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin müzakirəsi davam edir
AZƏRTAC xəbər verir ki, dekabrın 7-da Milli Məclisdə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin müzakirəsi davam edir.
Gündəliyə əsasən iclasda "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarına baxılacaq, deyə xəbərdə bildirilir.
"Xalq qəzeti": Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.
"Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan Vladimir Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını dedi.
Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini dedi," - xəbərdə qeyd edilir.
"Yeni Müsavat": Yevda Abramov hökuməti tənqid etdi: "İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev..."
Şəklin mənbəyi, Getty Images
Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat Yevda Abramov əvvəlcə Şərqdə parlamentarizm ənənəsinin qoyulduğu gün - Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yaranmasının 98-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Daha sonra isə deputat büdcədən danışıb.
"... Mən bu Tarif Şurası haqqında danışmaq istəyirəm. Mən bilmirəm bu Şura hər dəfə bu qərarı qəbul edəndə hansı arqumenti əsas götürür? Mən bu artımla razlı deyiləm. Orda faizlər göstərilib ki, qiymət artımı 62 və 72 faiz əhaliyə təsir etməyəcək, mən bu rəqəmə inanmıram. Bu rəqəm yoxsulluq faizidir, bu da prezidentin siyasi kursuna ziddir. Bu rəqəmlər göstərir ki, əhalinin yoxsulluq faizi çoxdur. Deyirlər, az yandırarlar, deməli, gücləri çatmır".
Y.Abramov qeyd edib ki, qaz və işığın qiymətinin artımına görə büdcəyə yönələcək 300 milyon manatı tapmaq böyük bir problem deyil: "Onu dövlətdən də dotasiya şəklində götürmək, yaxud kvotanı artırmaq olardı. Qərar elə bir vaxtda qəbul edilib ki, Qubaya 20 sm qar yağıb, 12 dərəcə şaxta var. Belə bir zamanda xalqın boğazından tutmaq, xalqı belə bir çətinliyə salmaq zamanı deyil. Referendumda xalq prezidentə səs verdi. Ancaq bir neçə ay sonra mən bilmirəm məmurlarımız, bəzi insanlarımız belə bir ciddi qərarları qəbul edərkən doğrudanmı xalqı düşünüb? Mən buna şübhə ilə yanaşıram. Yaxşı, qazı bahalaşdırııq, amma bu qazın keyfiyyətinə fikir verən varmı?"
Deputat valyuta bazarındakı şübhələrini də bölüşüb: "Bir gündə dollar 5 manat fərqlə qalxıb - düşdü. Kim diktə edir qara bazara? Hardadır, kimin maşınının baqajındadır bu qədər vəsait? Valyutadəyişmə bazarını kim ləğv etdi? Qara bazara yeni imkanlar yaratdıq. Effekt də vermədi..."
"Əl çəkmək lazımdır bu korrupsiyadan, bu millətə yaxın getmək lazımdır! 4-5 il də yaxşı yaşamayaq. İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev...
Mən Qonaqkənddə oldum, nə qədər qoyun sürüləri qışlağa gedir. Mən soruşdum, kimindir, burada demək istəmirəm," - deputat deyib.