Netanyahunun Bakıya səfəri İranda qəzəbli reaksiya doğurub

Şəklin mənbəyi, president.az
Bakıya səfəri zamanı prezident İlham Əliyevlə görüşən İsrailin baş naziri Benyamin Netanyahu iki ölkə arasında "mükəmməl münasibətlərin" və "uzunmüddətli dostluğun" olduğunu vurğulayıb.
Bu arada qonşu İranda İsrailin baş nazirinin səfəri etirazla qarşılanıb. Səfər ərəfəsində İranın şimal-qərbindəki Ərdəbil əyalətində etiraz aksiyası keçirilib, yerli televizya bildirir.
İranın ali dini rəhbərinin bölgədəki nümayəndəsi ayətullah Həsən Ameli İsrail baş nazirinin səfərini Azərbaycan xalqı üçün "alçaltma və rüsvayçılıq" adlandırıb.
İran Məclisinin spikerinin xüsusi müşaviri Hüseyn Əmiri Abdüllahiyan isə deyib ki, səfərə regionda yeni konspirasiya kimi yanaşmaq lazımdır.
Müstəqil siyasət
Bakıda bu bəyanatlara rəsmi reaksiya verilməyib. Lakin Azərbaycan parlamentinin üzvü Rasim Musabəyov hesab edir ki, İrandakı bəyanatlara səbəb Azərbaycanın müstəqil siyasətidir.
Azərbaycan parlamentinin xarici işlər komitəsinin üzvünün sözlərinə görə Azərbaycan İranda təşkil edilmiş kütləvi çıxışlara və bəyanatlara əhəmiyyət vermir.
"Biz oturub onların ağzına baxsaq ki, bizim kimlə münasibətlər qurub-qurmamağımızı həll etsinlər onda bu müstəqillik Azərbaycana lazım gəlmir", - Rasim Musabəyov BBC Azərbaycancaya bildirib.
Silah təchizatı
İsrail Azərbaycanın ən iri silah təchizatçısıdır. 2012-ci ildə İsrail hərbiyyəsi Azərbaycanın bu ölkədən 1.6 milyard dollar məbləğində müdafiə sistemləri aldığını təsdiqləyib.
İsraildən alındığı güman edilən sonuncu nəsil dronlar aprel ayında Dağlıq Qarabağda 4 günlük müharibə adlandırılan döyüşlər vaxtı istifadə olunub.
Azərbaycan ekspertlərinə əsasən Bakı İsrail vasitəsilə bu texnologiyanı inkişaf etdirmək istəyir.

Şəklin mənbəyi, JACK GUEZ/AFP/GETTY IMAGES
Dəmir Günbəz kompleksi İsrail istehsalı olan havadan müdafiə sisteminin tərkib hissəsidir
Sentyabrda Yerevanda Rusiyanın İsgəndər raket kompleksinin nümayişi ardınca Azərbaycanda İsrail istehsalı olan Dəmir Günbəz havadan müdafiə sisteminin alınması barədə məlumatlar yayılıb.
Benyamin Netanyahunun Bakıya səfəri ilə bağlı yayılan rəsmi məlumatda bu məsələyə toxunulmur. Lakin Rasim Musabəyov bildirir ki, Azərbaycanın İsrailin müdafiə texnologiyalarına "ehtiyacı var" və ölkə öz təhlükəsizliyini möhkəmləndirmək üçün tələb edilən sistemləri almaq fikrindədir.
"Başqa ölkələrdən fərqli olaraq Azərbaycan ödəniş qabiliyyətlidir".
İsrailllə yanaşı Azərbaycan Rusiyadan da silahlar alır. Oktyabr ayında Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə imzalanan hərbi müqavilələrin 5 milyard dollar həcmində olduğunu deyib.
Çox güman ki, İsraildən alınan sistemlər erməni tərəfinin Rusiyadan aldığı silahlara qarşı istifadə oluna bilər.
Rasim Musabəyov burada ziddiyyət görmədiyini deyir. "Vacib olan budur ki, istifadə edilən silahlar Azərbaycan ərazisini qorusun".