Türkiyədə qətlə yetirilən Rusiya səfiri dəfn olunub

Türkiyə paytaxtı Ankarada qətlə yetirilən Rusiya səfiri Andrey Karlov Moskvanın Ximki qəbiristanlığında dəfn olunub.
Rusiyanın Xarici İşlər Nazirliyində keçirilən yas mərasimində Rusiya prezidentilə ilə yanaşı ölkənin ən yüksək rütbəli rəsmiləri iştirak edib.
Andrey Karlov Ankaradakı sərgidə çıxış edərkən Mevlüt Mert Altıntaş tərəfindən arxadan güllələnmişdi.
Bazar ertəsi baş verən hadisənin Türkiyə-Rusiya əlaqələrinə mənfi təsir göstərəcəyi ilə bağlı ehtiyatlar öz təsdiqini tapmadı. Tərəflər əməkdaşlığın davam edəcəyini bildirirlər.
Rusiya və Türkiyə qətllə bağlı müştərək təhqiqat keçirir.
Xarici İşlər Nazirliyindəki yas mərasiminin əvvəlində prezident Vladimir Putin, baş nazir Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrov cənazənin yanına əklil və gül dəstələri qoyublar.

Andrey Karlovun cənazəsinin Rusiyaya göndərilməsindən əvvəl Türkiyənin Esenboğa aeroportunda yüksək rütbəli rəsmilərin iştirakı ilə yas mərasimi təşkil olunub.
Andrey Karlovun xanımı səfirin qətlə yetirilməsi vaxtı hadisə yerində olub.
Hücumdan sonra qətlə yetirilən Mevlüt Mert Altıntaşın hər hansı silahlı qrupla bağlı olub-olmadığı qeyri-müəyyən qalır.
62 yaşlı Andrey Karlov təcrübəli diplomat idi.
O, 1980-ci illərdə Şimali Koreyada Rusiya səfiri olub.