Mətbuat icmalı: "İstifadəsiz torpaqlara vergi qoyulacaq"

Şəklin mənbəyi, Getty Images
"Xalq qəzeti": Tarif Şurası elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limiti artırıb
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.
...Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib," - qəzet yazır.
Şəklin mənbəyi, VİTTORİO ZUNİNO CELOTTO/ GETTY
Bildirilib ki, bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.
fins.az: İstifadəsiz torpaqlara vergi qoyulacaq
Kənd Təsərrüfatı Nazirliyi "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb.
Nazirlikdən verilən məlumata görə, bu, kənd təsərrüfatı torpaqlarına tətbiq ediləcək vergi dərəcəsini müəyyənləşdirmək üçün edilib.
"2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına yeni vergi dərəcəsi tətbiq ediləcək. Vergi Məcəlləsində prezidentin 6 may 2016-cı il tarixli fərmanı ilə edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadrat metrinə görə 1 manat məbləğində vergi ödəyəcəklər," - məlumatda deyilir.
"Azadlıq": Şəhidlərin verilməyən qan pulu avropalılara rüşvət kimi verilir
Milli Şuranın sədri Cəmil Həsənli öz facebook səhifəsində Azərbaycanın Avropalı rəsmilərə rüşvət verməsi - "kürü diplomatiyası" barədə yazı yazıb.
"...İndi tam mənzərə ortadadır. Rüşvətin ümumi məbləği 2 milyon 390 min avrodur. Lukanın "səmimi" etiraflarına görə Azərbaycan hakimiyyəti tərəfindən ona verilən bu rüşvət ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Elxan Süleymanov və Müslüm Məmmədovun vasitəçiliyi ilə ödənilib. Vəsaitin hansı təşkilatlardan hansı transferlərlə Lukanın hesabına ötürüldüyü İtaliya prokurorluğu tərəfindən müəyyənləşdirilib.
Şəhidlərin qan pulunu verməkdən müxtəlif bəhanələrlə yayınan Azərbaycan hökuməti ölkədə guya siyasi məhbusların olmadığı barədə Avropa Şurasından arayış almaq, bu məsələ ilə bağlı Ştrasserin məruzəsini önləmək üçün AŞPA-nın vəzifəli şəxslərinə 3 milyon avro rüşvəti xüsusi əliaçıqlıqla verməli olub. İşin mənəvi və hüquqi tərəflərini bir kənara qoysaq, bu sadəcə olaraq rüsvayçılıqdır," - Cəmil Həsənli yazıb.
"Azadlıq": Vahid Əhmədov: "Məmurların ölkədən çıxardığı vəsaitlərin Azərbaycana gətirilməsinin vaxtı çatıb"
İllərdir ölkədən çıxarılan, ofşor zonalarda dövriyyəyə buraxılan külli miqdarda vəsaitlərin ölkəyə gətiriləcəyi xəbərləri gündəmdədir.
Şəklin mənbəyi, Reuters
"Məmurların ölkədən maliyyələrini çıxartmasına səbəb ölkədəki əlverişsiz biznes mühidir. Şərait dəyişmədiyi halda bu vəsaitin ölkəyə geri gətiriləcəyi nə dərəcədə inandırıcıdır?" - deyə Azadlıq sual edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun fikrincə, ilk olaraq vergi amnistiyasının verilməsi məqsədəuyğundur. "İndiki məqamda maliyyə amnistiyasının verilməsi olduqca vacibdir. Çünki o məmurlar ki, müəyyən qədər vəsait toplayıblar, həmin vəsaitlərin Azərbaycana gətirilməsinin vaxtı çatıb. Həmin vəsaitlər Azərbaycanda investisiya şəklində ictimai-siyasi həyatın inkişafında istifadə olunmalıdır. Amma bunun üçün ilkin olaraq qanun layihəsi hazırlanmalıdır. Qanun elə şəkildə hazırlanmalıdır ki, maliyyə amnistiyası veriləndə həmin vəsait yalnız və yalnız Azərbaycanda iqtisadi inkişafa xidmət etsin, başqa məsələlər üçün istifadə edilməsin," deyə deputat bildirib.
"Məmurların ölkədən maliyyələrini çıxartmasına səbəb ölkədəki əlverişsiz biznes mühidir. Şərait dəyişmədiyi halda bu vəsaitin ölkəyə geri gətiriləcəyi nə dərəcədə inandırıcıdır?" - deyə qəzet sual edir.
"Azadlıq": Hökumət maaşları vermək üçün 500 milyon borc alır
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) respublikanın iqtisadi inkişafına dəstək məqsədilə 500 milyon məbləğində kredit sazişi imzalayıb. Vəsaitin AİB ölkələrinə dəstək üzrə antiböhran proqramı (Countercyclical Support Facility, CSF) çərçivəsində ayrıldığı bildirilir.
"AİB dekabrın 7-də Azərbaycana 500 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.
Azərbaycan hökuməti kredit vəsaitini 1,4 milyard dollar dəyərində qiymətləndirilən antiböhran tədbirlər paketinin reallaşdırılmasına yönəltməyi planlaşdırır. Antiböhran planına büdcədən maliyyələşən təşkilatlarda işçilərin əməkhaqqının, pensiya və sosial yardımın məbləğinin artırılması, əhalinin həssas təbəqəsinə dəstək göstərilməsi daxildir. Plan 3,7 milyon nəfəri və ya respublika əhalisinin 1/3 hissəsini əhatə edəcək," - xəbərdə deyilir.
"Azərbaycan": Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Prezident tədbirdə çıxış edib, sonra isə mükafatlandırma mərasimi olub.
"Xalq qəzeti": Prezident İlham Əliyev BP şirkətinin prezidentini qəbul edib
Prezident İlham Əliyev dekabrın 22-də BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib.
"Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Görüş zamanı 2024-cü ildən sonra "Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edildi. Qeyd edildi ki, bu yatağın gələcəkdə işlənilməsində xarici şirkətlər maraqlıdırlar. Yatağın gələcəkdə uğurla işlənilməsi xarici şirkətlər tərəfindən çoxmilyardlı investisiyaların davam etdirilməsi, böyük həcmdə əlavə neft hasilatı, qarşıdakı illərdə də çoxsaylı yeni iş yerlərinin açılması üçün imkanlar yaradacaq.
Görüşdə, həmçinin "Cənub" qaz dəhlizinin yaradılması və "Şahdəniz-2" layihəsi ilə bağlı aparılan işlərdə əldə edilmiş irəliləyiş, BP şirkətinin "Şəfəq-Asiman" blokunda, Abşeron yarımadasının dayazsulu hissəsində həyata keçirdiyi işlər və BP-nin Azərbaycanın neft-qaz sənayesinin inkişafında iştirakının perspektivləri ilə bağlı məsələlər ətrafında da müzakirələr aparıldı," - deyə xəbərdə qeyd edilir.