İran: azərbaycanlı fəal Murtuza Muradpurun aclığının 61-ci günü: azı 30 kilo arıqlayıb

Murtaza Muradpur Fotonun müəllifi Fərdin Muradpur
Image caption "Murtaza istəyinə çatana qədər, azadlığına qovuşana qədər aclığı davam etdirəcəyini deyir", onun qardaşı söyləyir

İranda azad edilməsini tələb edən azərbaycanlı fəal Murtaza Muradpur 61 gündür aclıq aksiyası keçirir.

"Həkimlər onu müayinə edib, 30 kiloya yaxın çəki itirib, səsi çox ağır gəlir, danışa bilmir, yorulurdu, son günlərdə mədəsinin turşusu ağzına gəlir", fəalla şənbə günü görüşən və bugün telefonla danışan qardaşı Fərdin Muradpur deyir.

Fərdin Muradpur həkimlərin sözlərinə istinadən deyir ki, bu, su ilə aclıq etirazı edən fəalın "qara ciyərinin və öd kisəsinin ciddi zərbə görməsi" deməkdir.

"Murtaza istəyinə çatana qədər, azadlığına qovuşana qədər aclığı davam etdirəcəyini deyir", o BBC Azərbaycancaya bildirib.

Murtuza Muradpur İran Cəza Qanununun 134-cü maddəsinin tətbiq edilməsi ilə həbsdən azad edilməyini tələb edir.

İki maddə ilə ittiham edilmiş bir şəxsin daha uzun həbs müddətini çəkdikdən sonra azad edilməsini təsbit edən bu maddə tətbiq edilərsə, o, azad oluna bilər. Onun barəsində verilmiş 3 illik azadlıqdan məhrumetmə cəzasının iki ili artıq bitib.

Murtaza Muradpur "ölkənin daxili və xarici asayişinə qarşı fəaliyyət göstərmək" maddəsilə 2 il və "nizama qarşı təbliğ etmək" maddəsilə isə 1 il cəza alıb.

9 fəal həbs edilib

Fotonun müəllifi Fərdin Muradpur
Image caption Şənbə günü etiraz nümayişində 9 fəal saxlanılıb

Bundan başqa, ötən gün Təbriz məhkəməsi önündə Murtaza Muradpur və başqa fəalların azad edilməsi tələbilə planlanan nümayiş baş tutmayıb.

Fərdin Muradpurun sözlərinə görə, fəalları üzdən tanıyan polis qüvvələri o qədər çox olub ki, aksiya etmək imkanı olmayıb.

"Tanıdıqlarını həbs edirlər... Anam, mən və atam məhkəmə qarşısına gələndə, hamı bizə yaxınlaşırdı, görüşürdü, salamlaşırdı.. Salam verən, yaxınımıza gələni tuturdular".

Şənbə günü 9 fəal - Saleh Molla Abbasi, Hadi Həmidi Şəfiq, Əkbər Abolzadə, Cavad Əhmədi Yelkənli, Ulduz Qasemi, Əkbər Səmimi, Nima Abbaspur, Mehdi Zəncirbulaği və Səcad Xəlilnejad saxlanılıb, Fərdin Muradpur deyir ki, onlardan bir müddət heç bir xəbər olmayıb.

"Gecə vaxtı Sipah prokurorluğu gecə ailələrinə zəng edərək onların harada olduqlarını söyləyib".

Fərdin Muradpur da 19 dekabrda etiraz aksiyası zamanı saxlanılan 10 nəfər arasında idi.

Onlar bir gün sonra zəmanətlə azadlığa buraxılıb, Fərdin Muradpur bildirib.

Bu barədə daha geniş