Azadlıq radiosunun saytına giriş yenidən "əngəllənib"

Azadlıq radiosu

Şəklin mənbəyi, MICHAL CIZEK

Azərbaycanın mobil operatorları həftəsonu Azadlıq Radiosu və Meydan TV-nin saytlarına girişə "məhdudiyyət qoyulmadığını" bildirir.

Dekabrın 25-dən etibarən sosial şəbəkələrdə istifadəçilər mobil operatorlar da daxil olmaqla, bir sıra internet provayderləri vasitəsilə hər iki sayta daxil ola bilmədikləri haqda məlumatlar paylaşırlar.

Azadlıq Radiosu Azərbaycanda saytlarına girişə "məhdudiyyətin" bazar ertəsi də davam etdiyini bildirir.

Meydan TV ilə bu barədə əlaqə saxlamaq mümkün olmayıb.

Bundan əvvəl, noyabrın 30-dan dekabrın 2-dək sosial şəbəkələrdə bir çox istifadəçilər Azadlıq radiosu və Amerikanın Səsi saytlarına daxil ola bilmədiklərini bildirib. Bu vəziyyət fasilələrlə müxtəlif dövrlərdə də davam edib.

RFERL Azərbaycan Xidmətinin Direktoru İlkin Məmmədov BBC Azərbaycancaya söyləyib ki, izləyici müşahidələrinə görə təxminən 1 ay yarımdır ki, sayta giriş "əngəlləri" yaradılır.

""Ağıllı filterləmə" edirlər, bu zaman istifadəçi məzmunu yükləyə bilmir", deyən cənab Məmmədov "əngəlləmənin" daxili və ya texniki problem kimi qələmə verilməsi cəhdlərinin olduğunu qeyd edib.

"Orta səviyyədə, provayderlər səviyyəsində əngəlləmə edirlər. Məzmundan asılı olaraq trendə çevrilib. Bütün provayderlərdə eyni zamanda eyni şey baş verirsə, bunu anlamaq üçün həddən artıq ağıllı olmaq lazım deyil."

Cənab Məmmədov əngəllərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) və Azərbaycanda əsas internet təchizatçısı olan Delta Telecom-a etdikləri rəsmi və qeyri-rəsmi müraciətlərə "heç bir əngəlləmə yoxdur" cavabı aldıqlarını bildirib.

Məhdudiyyətlər səbəbindən sayta girişi təmin etmək üçün bəzi məzmunu Çin və İranda istifədə edildiyi kimi proksi (proxy) serverlərə [azadradio.com] köçürmək məcburiyyəti yaranır, xidmətin direktoru qeyd edib.

Azercell şirkətinin mətbuat xidməti BBC Azərbaycancaya bildirib ki, şirkət tərəfindən heç bir saytın girişinə məhdudiyyət qoyulmayıb.

"Biz səhərdən həm texniki, həm də hüquq şöbəsindən dəqiqləşdirmişik bunu. Mobil operator olaraq biz heç bir sayta məhdudiyyət qoymaq səlahiyyətində deyilik. Bizdə belə bir məhduiyyət ümumiyyətlə yoxdur", qurum nümayəndəsi şirkətdə bununla bağlı hər hansı texniki problemin olmadığını da vurğulayır.

Bakcell mobil operatorunun sözçüsü Laura Seyidbəyova BBC Azərbaycancaya müsahibəsində abunəçilərin adları çəkilən saytlara girişdə məhdudiyyətlə üzləşməsinin səbəbini telefonlarda "texniki problem" ilə əlaqəli olmasını istisna etmir.

"Ola bilsin ki, həmin dəqiqə səhifənin özündə yüklənmə və ya problem yaşana bilər. Mən əminliklə deyə bilərəm ki, biz tərəfindən heç bir məhdudiyyət qoyulmur. İstənilən sayta daxil ola bilərsiniz", xanım Laura qeyd edir.

Son məhdudiyyət iddiaları zamanı adı çəkilən Bakinternetdən və RYTN-dən hər hansı bir şərh almaq mümkün olmayıb.