Səngəçalda qaz kəmərində yeni partlayış: yanğın söndürülüb

yanğın

Şəklin mənbəyi, APA

Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində yerləşən qaz xəttində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir, SOCAR bildirib.

Qurum bildirib ki, bu kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib.

"Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir. Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq", SOCAR açıqlayıb.

Bazar ertəsi səhəri təxminən saat 07.00 radələrində Səngəçal qəsəbəsində yerləşən Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yenidən partlayış baş verib.

Partlayış nəticəsində yaranmış yanğın söndürülüb, təhlükəsizlik tədbirləri görülüb, magistral qaz kəmərinə qaz vurulması dayandırılıb, Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib.

Bundan əvvəl 27 dekabrda bu qaz xəttində partlayış qeydə alınıb. Həmin vaxt iki qaz xəttində baş vermiş partlayış nəticəsində "Massiv 3" adlanan yaşayış sahəsindəki yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb. Hər iki hadisə zamanı xəsarət alanlar olmayıb.