Mətbuat icmalı: Hökümət kəskin devalvasiyaya gedə bilərmi?

Fotonun müəllifi Getty Images

"Azadlıq": Prokuror NİDA-çı gəncə 6 il həbs istədi

"Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı məhkəmədən gənc fəalın 6 il azadlıqdan məhrum edilməsini istəyib", - qəzet yazır.

Gənc fəalın özü isə siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Bildirilir ki, məhkəmə yanvarın 11-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.

"Elgiz Qəhrəmanlı avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qəti imkan tədbiri seçilib", deyə yazıda qeyd edilir.

"Azadlıq": Üsyankar müstəntiqin həyatı təhlükə altında

Ölkədə insan haqlarının kütləvi şəkildə pozulmasına, prokurorluq orqanlarındakı qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən, bundan dərhal sonra da cinayət məsuliyyətinə cəlb olunan Rüfət Səfərovun atası Eldar Sabiroğlu bəyanat yayaraq oğlunun həyatının təhlükədə olduğunu bildirib.

"...Görünür, Rüfət Səfərovun hüquq sistemindəki rüşvətxorluğa, qanunsuzluğa etiraz əlaməti olaraq müstəntiq vəzifəsindən istefa verməsi hakimiyyət dairələrinə çox ciddi təsir etmişdir. Ona görə də getdikcə qisasçılıq və intiqam hissini daha da artırır və Rüfətə qarşı müxtəlif mənəvi - psixoloji təsirlərdən istifadə edirlər..."

Eldar Sabiroğlu Rüfət Səfərovun təcridxanadan çıxarılaraq cəzaçəkmə müəsissəsinə göndərilməsi nədənsə gecikdirildiyini yazır. Onun sözlərinə görə, oğluna qarşı 1 saylı Bakı istintaq təcridxanasında təqib və təziqlərdən istifadə olunur. Onun kamerasına yerləşdirilmiş şəxs 2 il həbsdə olduğunu desə də, Rüfət Səfərov onun davranış və hərəkətlərindən şübhələnərək hökmü ilə maraqlanıb. "Aydın olub ki, bu adam xüsusi təhlükəsi residivistdir, 25 illik məhkum həyatı sürüb. Rüfət ondan işini gizlətdiyini soruşduqda bildirib ki, mənə bunu təcridxana rəisinin rejim üzrə müavini tapşırıb və təkid edib ki, məhkumluğu barədə danışmasın.

Ya Rüfətin həyatı üçün hansısa bir təhlükə hazırlanır, ya da kamerada insident yaratmaqla Rüfət Səfərovla bağlı yeni bir istintaq hərəkəti başladıb onu təkrar cəzalandırmaq istəyirlər.

...Oğlumun taleyindən ciddi şəkildə narahat olduğumu bəyan edir və bu qanunsuz vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlər görməyi Ədliyyə Nazirliyinin rəhbərliyindən xahiş edirəm".

"Azadlıq": SOCAR-ın platformasında meydançanın bir hissəsi çöküb

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, dünən axşam saatlarında SOCAR-ın N. Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) "Ələt" yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.

Yatağın elektrik enerjisi ilə tam təchiz olunmasını təmin etmək üçün tədbirlər görülüb.

"Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb", - xəbərdə deyilir.

"Azərbaycan": Prezident Avropa Qonşuluq Aləti çərçivəsində "Maliyyələşdirmə Sazişi"nin təsdiqi barədə fərman imzalayıb

Dekabrın 30-da prezident İlham Əliyev Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair "Maliyyələşdirmə Sazişi"nin təsdiqi barədə fərman imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair "Maliyyələşdirmə Sazişi" təsdiq edilsin".

"Xalq qəzeti": Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatda bildirilir ki, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-230, Kiçik Qafqazın çaylarında 160-310, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-100 faizini təşkil edir.

Yanvarın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 2, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 14 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb," - xəbərdə deyilir.

Qeyd edilir ki, hazırda Surra məntəqəsində suyun səviyyəsi 468 sm (2016-cı il yanvarın 5-də 458 sm), Şirvanda 377 sm (2016-cı ildə 339 sm), Salyanda 331 sm (2016-cı ildə 277 sm), Bankədə 251 sm (2016-cı ildə 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2016-cı ildə 195 sm) təşkil edir.

fins.az: Hökümət kəskin devalvasiyaya gedə bilərmi?

İqtisadçı ekspert Samir Əliyev ötən gün keçirilən ikitərəfli valyuta hərracında 1 dolların 1, 7742 manat olmasını şərh edərkən deyib ki, dollar Azərbaycanda indiyə kimi bu cür baha olmayıb.

Mütəxəssisin sözlərinə görə, iki dəfə olan devalvasiya zamanı belə dolların qiyməti bu qədər qalxmayıb: "Hazırda rəsmi məzənnə 1.77-dən bir qədər çoxdur. Yəqin ki sabah Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə 1.78-ə yaxın olacaq. Rəqəmlər göstərir ki, bu vaxta qədər dollar bu həddə olmayıb".

S. Əliyev əlavə edib ki, Azərbaycanın milli valyutası hələ öz bazar dəyərini almayıb: "Dünyada neftin qiyməti bahalaşdıqca, milli valyutalar da bahalaşır. Bu, bir çox ölkələrdə belədir. Azərbaycanda isə bu baş vermir. Bunun da səbəbi hələ ki, Azərbaycanda manatın öz bazar dəyərini almamasıdır. Manatın məzənnəsi süni sürətdə saxlanılır. Ona görə də proses manatın ucuzlaşması istiqamətində davam edir. Hesab edirəm ki, ucuzlaşma davam edəcək. Sadəcə olaraq müzakirə mövzusu bu ucuzlaşmanın kəskin, yoxsa yumşaq olmasıdır. Mərkəzi Bankın davranışı onu göstərir ki, proses yumşaq ucuzlaşma istiqamətində gedəcək.

...Azərbaycanın bu günkü iqtisadi vəziyyəti manatın məzənnəsini saxlamağa imkan vermir. Manatı sabit saxlasalar, sonda məcbur olub kəskin devalvasiyaya gedəcəklər. Ona görə də mütləq şəkildə yumşaq devalvasiya olmalıdır", deyə o bildirib.

Bu barədə daha geniş