Azərbaycanda H3N2 virusu: qrip nə qədər təhlükəlidir?

həkim

Şəklin mənbəyi, Adam Berry

Azərbaycanda qızdırma ilə müşahidə edilən və aşırı halsızlığa səbəb olan qrip hallarının yayılması narahatlıq yaradıb.

Üç gündən yeddi günə kimi yataq şəraitində müalicə olunduqlarını deyən vətəndaşlar sosial şəbəkələrdə təşvişlə yazırlar ki, qəbul etdikləri dərmanlar onlara yalnız müvəqqəti yardım edir.

Səhiyyə Nazirliyi bununla bağlı "respublika ərazisində qorxuya səbəb olan heç bir təhlükəli hallar yoxdur" deyir.

Dekabrın 27-dən bəri yataq şəraitində xəstə yatan Könül Əsgərova BBC Azərbaycancaya deyir ki, günlərdir müalicə alır.

"Qızdırmam 37-38 idi, düşmürdü. Hər gün həkim çağırırdıq. İndi də öskürək qalıb", öskürəkdən səsi zəif gələn və halsız olduğu hiss edilən müsahibimiz deyir.

Könül Əsgərova kimi onlarla şəxs bu qrip virusundan sosial şəbəkələrdə şikayət edib, lakin rəsmi statistika açıqlanmayıb.

Səhiyyə Nazirlyinin baş epidemioloqu İbadulla Ağayev bununla bağlı BBC Azərbaycancaya bildirib ki, "respublika ərazisində qorxuya səbəb olan heç bir təhlükəli hallar yoxdur."

Həkim Ağayev hava soyuq olduğundan "ayrı-ayrı insanların xəstələnməsi normaldır" deyərək, nə Bakı şəhərində, nə də respublikanın 4400 yaşayış mərkəzində təhlükəli hal yaranmadığını israr edib.

Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə "bir neçə nəfərin yoluxduğu" xəstəliyin qripə bənzər A H3N2 adlanan virus olduğunu deyib.

Ölkədə bu qripdən ölənlərin olmadığını qeyd edən Əliyeva bildirib ki, "H3N2 çox yüngül keçən mövsümi qripdir".

"Daha ağır keçir"

Tibb Universiteti Onkologiya kafedrasının əməkdaşı Vasif İsmayıl isə A H3N2-nin "yüngül keçməsi" ilə həmfikir olmadığını deyir.

"Müşahidələrimə və ədəbiyyatdakı məlumatlara əsasən təsdiq edə bilərəm ki, bu qrip digərlərinə nisbətdə daha ağır keçir."

O deyir ki, adətən üst tənəffüs yollarının şişməsi ilə başlanan qriplərdən fərqli olaraq, bu virusa yoluxmuş xəstələr "bütün bədənə təsir edən ağrılardan şikayət edir: taqətsizlik olur, bu sadəcə halsızlıq deyil, eyni zamanda xəstə taqətsiz olur".

"Bütün bədənin ağrıması, bu da digər qriplərdənkindən biraz daha fərqlidir, bəzi ağırlaşmalar da olur, xüsusilə sidik yollarında şikayətlər var. Mən uroloq olaraq böyrək iltihabı gördüm. Eyni zamanda, bədəndə bəzi hüceyrələrin ölümünə yol açır, çünki sidik rəngi çoxlu maye alınmasına baxmayaraq tünd idi, bu özü müəyyən bir şeylərin göstəricisidir."

O izah edir ki, H3N2 virusu digərlərindən fəqrli olaraq qandakı leykosit hüceyrələrini tutur, eyni zamanda əzələ hüceyrələrini də tutur. "Virus tutduğu hüceyrəni əsasən daxildən parçalayaraq məhv eləmək yoluna gedir".

"Həqiqətən də sidikdəki dəyişiklərə baxanda sanki bu əzələ hüceyrəsi ölümü nəticəsində meydana çıxmış zülallar idi. Bu da kifayət qədər ağır bir şeydir. Amma mənim özümün müşahidə etdiyim kimi böyrək iltihabları xaricində başqa ciddi fəsad görmədim."

O düşünür ki, bu virus barədə yaxın zamanlarda elmi araşdırma aparılmalıdır.

Özünün də bir neçə gün əvvəl bu qripə tutulduğu deyən Vasif İsmayıl qeyd edir ki, qripin bir xüsusiyyəti də müəyyən bir yaxşılaşma dönəmindən sonra şikayətlərin geri qayıtmasıdır.

"3 sutka mütləq yataq rejimində qaldım, yəni TV-dən, kompüterdən uzaq və hələ yaxşı deyildim", deyə o öz təcrübəsini də paylaşır.

Qrip zamanı nə etməli?

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyası A H3N2-nin yüksək hərarət, boğaz ağrısı, öskürəklə müşahidə edildiyini desə də hazırki vəziyyəti "stabil" adlandırır və artım olmadığını deyir.

Qurum son 3 ayda nisbətən ağır gedişli respirator xəstəliyi olan 258 xəstənin müayinəsi zamanı cəmi 11 nəfərin (5 paraqrip, 6 adena virus halı) qripəbənzər virusa yoluxduğunu açıqlayıb.

Baş epidemioloq Ağayev isə qripə yoluxmuş insanlara sahə poliklinikalarına müraciət edərək tez sağalmağa başlamağı məsləhət görüb.

"Xəstəliyə səbəb xəstələrin özüdür. Xəstəlik o zaman təhlükəli olur ki, xəstələr həkimə müraciət etmədən özbaşına müalicə yazırlar".

O bildirib ki, otaqda qripə yoxulmuş başqa insan varsa, parça maskalardan istifadə edilməli, xəstənin istifadə etdiyi qab-qaşıb dezinfeksiya edilməlidir.