Mehman Hüseynov: "Bizi qorxutmağa çalışırlar"

Mehman Hüseynov

Bloqçu və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Mehman Hüseynov Daxili İşlər Nazirliyinin onu böhtanda ittiham etməsini təzyiq kimi qiymətləndirib.

"Bizi qorxutmağa davam edirlər, bizi başqa yolla sıxışdırmağa davam edirlər", o BBC Azərbaycancaya danışarkən deyib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Ehsan Zahidov isə BBC Azərbaycancaya təzyiq iddialarının doğru olmadığını qeyd edib.

"Nə təzyiq, biz onu dəvət etməmişik, döyməmişik, söyməmişik. Biz onun dediklərini şər, böhtan hesab edib Prokurorluq orqanlarına müraciət etmişik ki, araşdırsınlar görək bu (Mehman Hüseynov) doğrudanmı polis tərəfindən təzyiqə məruz qalıb, polis bunu döyüb, başına torba keçirib, iynə vurub?!" o deyib.

DİN cümə axşamı günü yaydığı məlumatda bildirib ki, Mehman Hüseynov "mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib".

Qurum "...Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün" Baş Prokurorluq qarşısında vəsatət qaldırıb.

200 manat cərimə

Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Mehman Hüseynov barəsində "polisə müqavimət" ittihamı ilə işə baxıb və bloqçu 200 manat cərimə edilib. Bundan başqa hakim qərar verib ki, Nəsimi rayon prokurorluğu Hüseynovun ona qarşı polislər tərəfindən edildiyini dediyi işgəncələri araşdırsın.

"Mən məhkəmədə soyunaraq hakimə cinsiyyət orqanımı da göstərdim ki, elektroşokun izlərinə baxın, nə baş verib burada. Maykamda da qan izləri var idi, maraqlısı odur ki, hakim vəsatəti təmin elədi və hakim işi araşdırmaq üçün prokurorluğa göndərdi", Hüseynov bildirib.

Cümə axşamı günü prokurorluğa dəvət olunduğunu, tibbi ekspertizadan keçdiyini və yenidən izahat yazdığını deyən Hüseynov deyir: "mən düşünürəm ki, DİN qabaqcadan hansısa problemin qarşısını almaq üçün saxta vəsatət qaldırıb."

"DİN bildirir ki, məni 4 nəfər polis tutub, amma bu ağ yalandır, məni kameraların altında, 30-40 nəfərin yanında tutublar. 10 nəfər polis, 8 nəfər mülki geyimli şəxs mənim əl-qolumu tutmuşdu. Qeyri-mümkün idi ki, mən yalan danışım", deyə bloqçu DİN-in onu "böhtançı" adlandırmasına cavab olaraq qeyd edir.

Özünə qarşı hər zaman təxribat ola biləcəyindən ehtiyat etdiyini deyən Mehman Hüseynov, məhkəmədə ona qarşı ifadə vermiş şəxsi "daha əvvəlki təxribat cəhdindən" xatırladığını deyir.

"Mənə qarşı təxribat olduğunu 26 dekabr 2016-cı ildə də yaymışdım, məhkəmədə zərərçəkən kimi təqdim edilən şəxs 26 dekabrda mən bərbərdən çıxanda mənə çiyin vurmuşdu, onu da tanıdım."

Lakin DİN-in açıqlamasına əsasən, Əkrəm Təhməzov zərərçəkən deyil, o da ictimai asayişi pozmaqda ittiham olunub.

Bəyənatda deyilir ki, yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində "iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər".

"Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub."

Məlumata görə, Təhməzov 10 sutka həbs edilib, Mehman Hüseynov isə 200 manat cərimə edilib.

Bu barədə daha geniş