Mətbuat icmalı: "Torpaq sahələrinə tələb kəskin azalıb..."

Fotonun müəllifi Getty Images

"Azadlıq": DİN Mehman Hüseynovun cəzalandırılmasını istəyir

Bloqqer Mehman Hüseynov yanvarın 12-də, saat 16.20-dən 19:30-dək prokurorluqda işgəncə faktı ilə bağlı ifadə verib. Dindirmə Mehman Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı müraciəti əsasında aparılıb.

DİN mətbuat xidmətinin yaydığı məlumata görə, Daxili İşlər Nazirliyi Baş Prokurorluq qarşısında Mehman Hüseynovla bağlı vəsatət qaldırıb.

"Qurumun rəsmi saytında yayımlanan məlumatda deyilir ki, Mehman Hüseynov polisi ağır cinayətdə ittiham etməklə böhtan atıb, bu səbəbdən DİN onun əməlinə hüquqi qiymət verilməsini istəyir" - xəbərdə deyilir.

"Azadlıq": Benzin də bahalaşıb

Azərbaycana xaricdən idxal olunan "AI-95" Premium markalı benzinin qiyməti 0,95 manatdan 1,05 manata qaldırılıb.

Artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlərin tablolara vurulduğu bildirilir.

Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi "AI-92" markalı benzinə şamil edilməyib.

""AI-92" markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

"AI-95" Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir", - məlumatda deyilir.

"Azadlıq": Torpaq sahələrinə tələb kəskin azalıb...

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, 2016-cı il ərzində Bakıda torpaq bazarında həm aktivlik aşağı səviyyədə olub, həm də qiymətlərdə azalma müşahidə olunub.

R.Osmanlı son vaxtlar torpaq sahələrinə marağın kəskin şəkildə azalması müşahidə olunduğunu deyib.

"Əvvəllər fərdi yaşayış evlərinin tikintisi ön sırada dururdu, amma indi fərdi yaşayış evlərinin tikintisində də ciddi geriləmələr müşahidə olunur.

Kiçik torpaqlara maraq xeyli dərəcədə azalıb. Bütövlükdə bu, torpaq bazarına mənfi təsir göstərib. İl ərzində bazar üzrə 30 faizdən çox qiymət azalması müşahidə olunub. Əsas qiymət azalması ilin ikinci yarısında baş verib.

...Səbəblərdən biri də odur ki, insanlar sənədsiz torpaqlara əvvəllər pul qoymaqdan çəkinmirdilər və bunun risklərini o qədər də nəzərə almırdılar. Ancaq son dövrlərdə bu risklər ciddi nəzərə alınır", deyə o bildirib.

"Azərbaycan": Vergi borclarının tənzimlənməsi haqqında qanun

Qəzet "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununu dərc edib.

Qanunda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi ...Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə qərara alır:

Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

2.1. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Sənəddə daha sonra tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi qaydaları göstərilir.

Fins.az: Bir çox ödənişlər ancaq elektron qaydada olacaq

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, bundan sonra bir çox ödənişlər elektron qaydada həyata keçirilməlidir. Sayt hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsi tələb olunan sahələrin siyahısını təqdim edir. Bunlar aşağıdakılardır:

İnzibati cərimələr, maliyyə sanksiyaları, vergilər, gömrük rüsumları və yığımları, faizlər, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi, sığorta ödənişləri, dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə.

Büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar, stasionar telefon xidmətləri və kommunal xərclər, vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi), təhsil haqlarının ödənilməsi və turagentlərə ödənişlər.

Bu dəyişikliklərlə bağlı "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişikliklər edildiyi bildirilir.

"Yeni Müsavat": Manat tam "üzən məzənnə"yə keçdi - banklara sərbəstlik verildi

Ekspertlər 4 faizlik marjanın ləğvinin hansı nəticələrə gətirib çıxaracağı barədə danışıblar. Ekspert Natiq Cəfərli deyib ki, əslində son zamanlar rəsmi marjanın heç bir əhəmiyyəti qalmamışdı:

"Çünki dörd faizlik marjanın olması "qara bazar"ın yaranmasına bir yol açmışdı. Banklar əllərində olan az valyutanı özləri deyil, "qara bazar" vasitəsilə sataraq 4 faizlik marjanı aşırdılar.

...Alınan qərar bazar iqtisadiyyatı qaydalarına uyğun bir qərardır və formallığa çevrilmiş bu dörd faizlik marjanın ləğvinin zamanı yetişmişdir".

Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, bu barədə ekspertlər dəfələrlə təkliflər veriblər: "Əgər həqiqətən də tam üzən məzənnəyə keçəcəyiksə, vacib şərtlərdən biri odur ki, banklara olan 4 faizlik marja tələbi aradan qaldırılsın.

Üzənin əl-qolunu bağlamaq olmaz. Bu 4 faizlik marja ilə bankların əl-qolu bağlanmışdı, bu səbəbdən də banklar dollar satmırdı, dolları "qara bazar"a verirdilər.

Yəni buna görə həqiqətən də Mərkəzi Bank manatın real qiyməti üçün vacib olan meyarlardan birinə riayət etmiş olacaq. Artıq banklar istədiyi məzənnə ilə valyuta satacaqlar.

Marjanın ləğvi o demək deyil ki, Mərkəzi Bank bazara müdaxilə edə bilməz. Amma bu halda Mərkəzi Bank dollar satmağa məcbur deyil, istəyəndə satacaq.

Hesab edirəm ki, bu, düzgün addımdır, manatın tam üzməsi üçün vacibdir. Bu halda "qara bazar"a ehtiyac olmayacaq".

Əlaqəli mövzular