Mətbuat icmalı: Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır

"Azadlıq": ATV-nin redaktoru Qafqaz Universiteti ilə bağlı süjetə görə işdən çıxarılıb
ATV Teleradio Şirkətinin rəsmi açıqlamasında deyilir: "Son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir neçə nəfərin "ATV Xəbər"də yayınlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddiaları ciddi şəkildə araşdırdıq. Araşdırmamız nəticəsində doğrudan da belə bir halın olduğunu aşkarladıq".
ATV ictimaiyyətə bildirir ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb. "Növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib. Redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib", - telekanalın rəsmi açıqlamasında deyilir.
"Azərbaycan": İlham Əliyev Amerika Yəhudi Komitəsinin nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev yanvarın 29-da Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb.
"Azərbaycan Respublikası Prezidentinin Davosda səmərəli görüşlər keçirdiyi vurğulanaraq, bu görüşlərin dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisi kimi dəyərləndirildi.
...Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrə toxunuldu, bu əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da davam etdirilcəyi əminliklə qeyd olundu.
Daha sonra Azərbaycan-İsrail əlaqələrindən danışıldı, əlaqələrimizin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu bildirildi", - xəbərdə deyilir.
"Yeni Müsavat": Xəzərin Azərbaycan sektorunda ardıcıl ikinci zəlzələ baş verib
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla yanvarın 29-da saat 22:20-də 3 bal gücündə qeydə alınıb. "Zəlzələ hiss olunmayıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Yanvarın 29-da ilk yeraltı təkanlar yerli vaxtla saat 13:06-da 3,3 bal gücündə qeydə alınmışdı", deyə qəzet yazır.
"Yeni Müsavat": 27 gün keçib, ancaq faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır
Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də vətənə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib.
Yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Buna səbəbsə onların ailələrin maddi imkansızlığıdır. Qeyd edilir ki, onlardan yalnız birinin- Njonyoh Nans Ekumun atası Bakıya gəlib və oğlunun nəşini Kameruna apara bilib.
"Digər 4 nəfərin ailəsinin maddi imkanı çox pisdir. Onlar heç Bakıya gəlmək üçün pul da tapa bilmirlər. Onlardan meyitləri Kameruna göndərmək üçün isə 6500 dollar ödəmələrini istəyiblər. Artıq 1 aya yaxındır ki, meyitlər Bakıdadır. Onların ailəsinin bu qədər pulu tapa bilməsi isə inandırıcı deyil",- deyə, mənbə bildirib.
Bu il yanvarın 2-də 4-ü həvəskar futbolçu, biri isə Texniki Universitetin tələbəsi olan 5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra aşkarlanmışdı.
fins.az: AYİB yerli korporasiyalara dəstək olacaq
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri İvana Duarte deyib ki, 2017-ci ildə Bankın Azərbaycanda əsas prioriteti birbaşa maliyyələşdirmə vasitəsilə yerli korporasiyalara dəstək olacaq.
AYİB-in Bakı ofisinin rəhbəri bildirib ki AYİB Azərbaycanın maliyyə sektorunda vəziyyətin yaxşılaşdırılması istiqamətində də fəaliyyət göstərəcək: "Əlavə səylər ölkənin maliyyə sektorunda vəziyyətin yaxşılaşdırılması üçün atılacaq, xüsusilə biznes mühitinin sabitləşdirilməsi məqsədi ilə kreditləşmə sahəsində etimadın artırılması üçün. AYİB həmçinin biznes mühitinin yaxşılaşdırılmasına yönələn struktur islahatlarının həyata keçirilməsi sahəsində hökumətlə işləməyi davam etdirəcək".
İ. Duarte bankın Azərbaycan üzrə portfeli və razılığı ötən il əldə olunmuş layihələr haqqında da danışıb:
"2016-ci ildə AYİB Azərbaycan ilə investisiyaların ümumi həcmi 59 milyon avro olan 9 layihə imzalayıb. İlin yekunlarına görə, bankın ölkədə ümumi portfeli 160 layihə təşkil edib, təmiz investisiya həcmi isə 3 milyard dolları keçib. Layihələrin əsas hissəsi enerji sektoruna düşür - onların portfeldə payı 43 faizə çatır. Sonra infrastrukturun inkişafı gəlir - bu sektorun bankın Azərbaycan üzrə portfelində 40 faiz təşkil edir. Qalan 17 faiz maliyyə sahəsinə, sənaye və xidmət sektoruna düşür".