Mətbuat icmalı: Avropa Parlamentində Azərbaycandakı vəziyyət müzakirə olunacaq

Fotonun müəllifi FREDERICK FLORIN/AFP/Getty Images
Image caption Avropa Parlamenti

"Azadlıq": Avropa Parlamentində Azərbaycandakı vəziyyət müzakirə olunacaq

Bu gün, fevralın 6-da Brüsseldə, Avropa Parlamentinin binasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmə təşkil olunacaq. Qəzet diqqəti dinləmənin Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə səfərdə olduğu bir vaxtda keçirildiyinə cəlb edir. "Təşkilatçıların tədbir barədə yaydığı elanda deyilir ki, bu dinləmə ölkə başçısı İ.Əliyevin Brüsseldəki görüşləri fonunda Azərbaycanda insan haqlarının pozulamsını, o cümlədən ictimai-siyasi fəalların və jurnalistlərin həbsini, vətəndaş cəmiyyətinin boğulmasını gündəmə gətirmək məqsədi daşıyır," deyə qəzet yazır.

Qeyd edilir ki, dinləmədə məruzəçilər Emin Milli və Xədicə İsmayıl olacaq.

Tədbirin təşkilatçıları Avropa Parlamentinin deputatları Kati Piri, Alexander Graf Lambsdorff, Ulrike Lunacek və Jaromír Stetinadır.

"Azadlıq": İntiharlar davam edir: Tovuzda 16 yaşlı qız, Bərdədə 60 yaşlı məcburi köçkün

Tovuzun Düzqırıqlı kəndində 2001-ci il təvəllüdlü Qəmbərova Aliyə Habil qızı yaşadığı evdə özünü asıb. İntiharın səbəbi məlum deyil.

Bərdədə, məcburi köçkünlər üçün salınmış qəsəbədə, Mərzili kəndindən məcburi köçkün, 60 yaşlı Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.

APA-nın məlumatına görə, Sahibə Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intiharda görüb.

"Azadlıq": "Paşa Development" kapitalını artırır

Bir neçə gün öncə kapitalını 8 milyon manat artırmış "Paşa Development" şirkətinin hazırkı nizamnamə kapitalı 420 milyon manata çatır.

"2013-cü ilin yayında yaradılan və dayanmadan inkişaf edən bu şirkəti kapitalının həcminə görə iri dövlət qurumları ilə müqayisə etmək olar. Məsələn, şirkətə yatırımlar "Azərsu" ASC-nin - ölkənin su təchizatı və kanalizasiya sistemi üzrə inhisarçısının nizamnamə kapitalından 20 milyon manat çoxdur.

"Paşa Holding" şirkətlər qrupunun 100 faiz sahiblik etdiyi və daşınmaz əmlaka yatırımlar üzrə ixtisaslaşan şirkət inkişafının "sirləri" haqda suallardan yayınır. Onun heç korporativ informasiya resursu da yoxdur", - yazıda deyilir.

Onun Monteneqroda lüks otelçilik və bank sektoruna 620 milyon avro (1 milyard 275 milyon manat) sərmayə yatıran "Azerbaijan Global İnvestments" MMC-də 35 faizlik payı və Gürcüstanda otel inşa etmək planları ictimaiyyətə məlumdur.

"2006-cı ildə yaradılan, bank, sığorta, tikinti, otel, restoran və digər biznes sahələrində fəaliyyət göstərən "Paşa Holding" MMC-yə prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların birgə nəzarət etdikləri rəsmi maliyyə hesabatlarında qeyd olunur. Lakin holdinqdə digər şəxslərin iştirakı və pay bölgüsü haqda dəqiq bilgi verilmir", - deyə yazıda qeyd edilir.

"Xalq qəzeti": 2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq

2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq.

Avropa Gimnastika İttifaqının Lozannadakı baş qərargahında qurumun İcraiyyə Komitəsinin iclasında Azərbaycan Gimnastika Federasiyasının 2020-ci ildə idman gimnastikası üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı namizədliyi məsələsinə baxılıb. "Müzakirələrdən sonra kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatının 2020-ci il mayın 6-10-da Bakıda keçirilməsi qərara alınıb. Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının təşkili isə Parisə həvalə olunub", deyə qəzet yazır.

"Yeni Müsavat": Azərbaycanlı İŞİD terrorçusu ölkəmizi təhdid edib

Qəzet yazır ki, özünü İŞİD döyüşçüsü kimi tədqim edən şəxsin 4 dəqiqə 25 saniyəlik çıxışının videosu internet resurslarında və sosial şəbəkələrdə sürətlə yayılıb.

"Bu adam məzhəb savaşı gedən ölkələrdən birində - İraq və ya Suriyada oturaraq Azərbaycana, onun hakimiyyətinə hədə dolu mesajlar göndərir, həbsxanadakı müsəlmanların azadlığa buraxılmasını tələb edir."

"Terrorçu həmçinin turistik yerləri və bəzi başqa obyektləri partladacaqları təhdidini də səsləndirir."

Qəzet yazır ki, hazırda Azərbaycanda həbsxanada olan "müsəlman"lar vaxtilə İŞİD-in tərkibində döyüş əməliyyatlarında iştirak ediblər və çətinliklə sağ qalaraq, terror təşkilatındakı atmosferdən bezərək, həbs olunacaqlarını bilə-bilə ölkəyə qayıdıblar.

"Yeni Müsavat: Azərbaycan Qərbə "yumşaq inteqrasiya" xəttini seçir

Gürcüstana viza rejiminin ləğvinin ardınca Avropa Birliyi Azərbaycana diqqəti artırıb.

AB-nin hədəfi təkcə Gürcüstan deyil, həm də Cənubi Qafqazın digər iki ölkəsidir.

"Azərbaycan-AB əlaqələri qonşu Gürcüstan səviyyəsində olmasa belə, hər halda dinamikdir və indikindən daha konkret, daha yüksək, daha etibarlı fazaya keçə bilər. Belə demək mümkünsə, Bakı Avropaya "yumşaq inteqrasiya" xətti seçib ki, bu "yumşaqlıq" da görünür, ilk növbədə Rusiyanı güclü qıcıqlandırmamaq məramından irəli gəlir.

Ancaq iki "Qarabağ problemi" olan və Rusiyanın birbaşa hərbi təcavüzü ilə üzləşən Gürcüstan nümunəsi göstərdi ki, Bakının xofuna ciddi əsas yoxdur. Əksinə, təcrübə deyir ki, Moskvadan çəkindikcə, o, özündən zəiflərin üstünə daha arxayın şəkildə gəlir, onları saya salmır. Ayrı sözlə, söhbət Azərbaycan üçün yeni və güclü təhlükəsizlik sistemi qazanmaqdan gedir. Çünki Rusiya ilə son 23 illik "dost-tərəfdaşlıq" siyasəti köklü problemlərimizin, o sırada Qarabağ məsələsinin həllinə yardımçı olmadı.

...Milli maraqlarımız diktə edir ki, Azərbaycan AB-yə doğru daha qətiyyətli addımlar atsın..." - deyə yazıda qeyd olunur.

Bu barədə daha geniş