İslam Həmrəylik Oyunları: Azərbaycandan maliyyə çətinliyi olan ölkələrə dəstək
- Elnarə Məmmədova
- Bakıdan BBC Azərbaycanca üçün

Şəklin mənbəyi, Getty Images
Azərbaycan atleti Hayle İbrahimov 2013-cü ildə keçirilən Üçüncü İslam Həmrəylik Oyunlarında 5 min metrədə birinci olub
İslam Həmrəylik Oyunlarına qatılmaqla bağlı maliyyə çətinliyi olan ölkələrə dəstək olaraq gündəlik xərclərində müəyyən güzəştlər edilməsi düşünülür, Gənclər və İdman nazirliyinin sözçüsü Səmayə Məmmədova BBC Azərbaycancaya verdiyi müsahibəsində deyib.
"İdmançılar gələndə Atletlər Kəndində qalacaq və bizim tələbimizə əsasən onların gündəlik xərcləri 50 dollardan hesablanıb. Amma bu güzəşt nə qədər olacaq, bunu hələ ki, demək çətindir", nazirliyin sözçüsü bildirib.
O hansı ölkələrə güzəştlər ediləcəyini açıqlamayıb: "Müxtəlif ölkələrdir və müxtəlif güzəştlər ola bilər".
Maliyyə çətinliyi ilə üzləşən ölkələrin adları hələ ki, açıqlanmır. Nazirlik sözçüsünün sözlərinə görə, oyunlara qatılması ilə bağlı 53 ölkə artıq rəsmi qeydiyyatdan keçib.
Ötən həftə nazir Azad Rəhimov yerli mediaya açıqlamasında deyib ki, əsas məqsəd 57 İslam ölkəsinin hamısının Bakıdakı yarışda iştirakını təmin etmək, bu rekordu vurmaqdır.
Bu il Azərbaycanda sayca dördüncü İslam Həmrəylik Oyunları keçiriləcək. Oyunların idarə və nəzarət edilməsinə görə cavabdeh olan İslam Həmrəyliyi İdman Federasiyası 4 qitədən 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının bölməsidir.
12-22 may tarixlərində Bakıda keçiriləcək dördüncü İslam Həmrəylik Oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
"Pul ödəmirik"
"Biz heç kimin yerinə pul ödəmirik" deyə xüsusi vurğulayan Səmayə Məmmədova əlavə edir ki, maliyyə problemləri ilə üzləşən ölkələrin yol xərcinin özləri tərəfindən ödənilməsi üçün hazırda onlarla İslam Həmrəyliyi İdman Federasiyası arasında danışıqlar gedir.
Adları açıqlanmayan ölkələrdən gəlməsi planlaşdırılan idmançıların sayında "güzəşt ola bilər" deyən nazirlik sözçüsü bu güzəştin detallarını açıqlamayıb.
"Elə ölkə var ki, daha çox idmançı ilə gəlmək istəyir. Bu nüanslar hamısı nəzərə alınacaq", o deyir.
Danışıqların nə zamana qədər davam edəcəyinə gəlincə qurum rəsmisi bununla bağlı açıqlama verməyib.
Dördüncü İslam Həmrəylik Oyunları bu il, 12-22 may tarixlərində Bakıda keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. İdmançılar ümumilikdə 259 medal uğrunda yarışacaqlar.
İslam Həmrəylik Oyunları ilk dəfə 2005-ci ildə, Səudiyyə Ərəbistanda keçirlib. Azərbaycandan öncə 2013-cü ildə, İndoneziya bu oyunlara ev sahibliyi edib.