Azərbaycanda icbari tibbi sığorta barədə 5 suala cavab

Fotonun müəllifi Getty Images

İcbari tibbi sığorta kimlərə aiddir?

İTS dünya səhiyyəsində geniş yayılmış tibbi xidmətlər modelidir və həmrəyliyə əsaslanan sosial layihədir. Yəni insanlar xəstələnmədiyi halda da müəyyən fondlara vəsait keçirir və onlar cəmlənir.

Xəstəliyi olan insanlar bu vəsaitlərdən istifadə etməklə müalicə ala bilir. Bu qaydada insanlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar.

İTS sayəsində insanlar hər zaman, əllərində maliyyənin olub-olmamasından asılı olmayaraq dövlətin zamanət verdiyi tibbi xidmətləri pulsuz əldə etməlidirlər.

Azərbaycanda İTS-dən vətəndaşlar, müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər faydalana biləcək.

Nəyə lazımdır?

Təhlilçilər deyirlər ki, İTS tibbi xidmətlərin keyfiyyətinə də nəzarət edilməsinə, həkimlərin məsuliyyətinin artırılmasına, insanların səhiyyə xidmətlərin çatımlılığının təmin edilməsinə şərait yaradır.

İTS vasitəsilə həkimlərin xəstələrə yazdığı müalicəyə üçüncü bir tərəf nəzarət edəcək, çünki həkimin yazdığı müalicə və dərmanlar barədə məlumat İTS agentliyinə daxil olacaq.

Bu təşkilat müayinənin düzgünlüyünü yoxlamalı və keyfiyyəti ilə maraqlandıqdan sonra xərclərin ödənilməsini öz üzərinə götürməlidir.

İcbari tibbi sığorta üçün ödənişlər necə həyata keçirilir?

İTS, müvafiq fonda müəyyən sığorta haqqı köçürməklə maliyyələşir. Konkret olaraq, çalışan insanlar öz maaşlarından, şirkətlər işçilərinin adına, müvafiq dövlət qurumları isə çalışmayan şəxslər- təqaüdçülər, uşaqlar və işsizlər üçün fonda ödənişlər etməlidir.

Təhlilçilər bu sistemi izah etmək üçün pensiya fondu ilə müqayisə edir.

İTS üçün rüsumları dövlət müəyyən edir. Bu cür sığorta üçün ödəniş yalnız bank köçürməsi və ya ödəniş aparatları ilə həyata keçirilməlidir.

"İcbari tibbi sığorta haqqının birbaşa tibb işçilərinə təqdim edilməsi qadağandır!", Azərbaycanda bu layihəni həyata keçirən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında bildirilir.

Hazırda pilot layihələr həyata keçirildiyindən sığorta haqqı toplanılmır.

Agentlik təklif edir ki, 18 yaşına çatmamış uşaqlar, əyani təhsil alan tələbələr, işləməyən təqaüdçülər və aztəminatlı ailələr sığorta haqqı ödəməkdən azad edilsin.

İcbari tibbi sığorta hansı tibbi xidmətləri daxildir, hansı yox?

İTS-ə daxil olan xidmətlər zərfini dövlət müəyyən edir. Tibb müəssisəsinə gedən şəxs tibbi sığorta kartını təqdim etməklə həmin paketə daxil olun bütün xidmətləri pulsuz əldə edir.

Agentliyin rəsmilərinin mediada verdiyi müsahibələrdə qeyd edilir ki, ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, dəyəri yüksək, həyati vacib əməliyyatlar ilə əhatə olunan 1800-dən çox xidmət İTS-nin baza zərfinə daxildir.

Hazırda Yevlax və Mingəçevirdə qeydiyyatda olan şəxslər bu xidmətlərdən ödənişsiz yararlana bilər. Əvəzində isə dövlət agentliyi xidmətlərin haqqını həmin rayonlardakı xəstəxanalara ödəyəcək.

Hazırda icra edilən pilot layihədə vətəndaşlardan sığorta haqqının toplanması nəzərdə tutulmayıb. Yəni bu ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərdən ödənişsiz istifadə edirlər.

Bu o deməkdir ki, pilot ərazidə rəsmi qeydiyyatda olan vətəndaş icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərdən istifadə müqabilində nə Agentliyə, nə tibb müəssisəsinə vəsait ödəmir. Sığorta haqqı müvafiq qanunvericiliyə dəyişiklik edildikdən sonra toplanacaq.

İTS-nin baza zərfində nəzərdə tutulmayan digər bütün xidmətlərə görə, insanlar xəstəxanalara öz ciblərindən birbaşa ödəniş etməlidirlər.

İTS-ə dərman preparatlarının əldə edilməsi də daxildirmi?

İlkin İTS zərfinə daxil olan xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım, habelə stasionar müalicə) zamanı istifadə olunacaq dərman vasitələri və tibbi ləvazimatlar baza zərfinə daxildir.

Bu layihəni ölkədə həyata keçirən qurum, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2007-ci ildə yaradılsa da, onun strukturu təxminən 8 ildən sonra, 2016-cı ilin dekabrında təsdiq edilib.

Yanvar ayından Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) sosial layihəsinin Yevlax və Mingəçevirdə pilot şəkildə tətbiqinə başlanılıb.

Əlaqəli mövzular