Mətbuat icmalı: Dövlət Statistika Komitəsi bahalaşmanın miqyasını açıqlayıb

Azərbaycan qəzetləri

Şəklin mənbəyi, Getty Images

"Azadlıq": Dövlət Statistika Komitəsi bahalaşmanın miqyasını açıqlayıb

Dövlət Statistika Komitəsi bildirir ki, 2017-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərinin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8.0 faiz bahalaşıb.

Məlumata əsasən, cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşıb.

"Azadlıq": Kreditlərin həcmi 8 milyarddan 5 milyard manata düşüb

"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 31 dekabr 2016-cı il tarixinə bankların ev təsərrüfatlarına verdiyi kreditlər (istehlak kreditləri) 5 milyard 858,7 milyon manat təşkil edib. Bu isə 2015-ci ilin sonu ilə müqayisədə 2 milyard 525 milyon manat və ya 30,1% azdır. 2015-ci ilin sonunda ev təsərrüfatlarına verilmiş kreditlərin məbləği 8 milyard 383,6 milyon manat olub. Bildirilir ki, 2015-ci ilin 5 ayında istehlak kreditlərinin məbləği 8 milyard manatdan çox olub.

"Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 40%-dən 35,6%-ə düşüb.

...İstehlak kreditlərində daha kəskin azalmanı ipoteka kreditlərinin artımı bir qədər kompensasiya edib. Belə ki, 5 milyard 858,7 milyon manat istehlak kreditlərinin 1 milyard 703,5 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib. Ötən il daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 161,1 milyon manat artıb", - məlumatda deyilir.

Qeyd edilir ki, 2016-cı il dekabrın 31-inə 16 milyard 444,6 milyon manat təşkil edən cəmi kredit qoyuluşlarının 1 milyard 472,6 milyon manatının, başqa sözlə, 9%-nin ödəmə vaxtı keçib.

fins.az: "Dəmirbank" hakker hücumu ilə bağlı açıqlama verib

"DəmirBank" ASC müştəri hesablarına xakkerlər tərəfindən hücum olunmasına dair mətbuat üçün rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, 6 fevral 2017-ci il tarixində Bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq Bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilib. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınıb.

"DəmirBank heç bir müştərisinin hesabına müdaxilə olunmadığını qeyd edir. Həmçinin əlavə olunub ki, baş vermiş faktlar üzrə hadisəni törətmiş şəxslərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub."

"Yeni Müsavat": Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib

Azərbaycan Respublikası prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, prezident İlham Əliyev fevralın 13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Azərbaycan ilə Gürcüstan arasında həllini tapmayan məsələlərin olmadığını bildirən M. Canelidze ölkələrimizin gələcək inkişafına istiqamətlənən birgə layihələrin önəmini ... qeyd edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb", deyə xəbərdə qeyd edilir.