Mətbuat icmalı: "Azərbaycan iqtisadiyyatı kasıb Ermənistana da uduzur"

Fotonun müəllifi Getty Images
Image caption Bakıda AzərtTürk bankının önündə dollar xarici valyuta almağa növbə (16 yanvar 2016)

"Azadlıq": "Analoqsuz inkişaf" "acından ölən"ə necə uduzur?

Bunu iqtisadçı Nemət Əliyevin hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı indi bir sıra göstəricilərə görə hətta kasıb Ermənistana da uduzur. İqtisadçı öz təhlillərində rəsmi statistikaya istinad edib. Nemət Əliyev öz feysbuk səhifəsində yazır:

"Ermənistanın milli valyutası olan "dram" 2016-cı ildə orta hesabla vur-tut 0,5% dəyər itirib. Azərbaycan manatı isə ötən il 55% dəyər itirib. Ötən il mal ixracının həcmi ölkəmizdə 28% azaldığı halda, Ermənistanda 20% artıb. Ermənistanda milli valyuta ilə kredit qoyuluşu da 25% yüksəlib. Halbuki, bu göstərici bizdə 14%-ə yaxın azalıb və demək olar ki, manatla kredit verilişi dayandırılıb. Bizdə problemli kreditlər 9% təşkil etdiyi halda, Ermənistanda bu göstərici 1,3%-dir. 20% torpaqlarımızı işğal altında tutan Ermənistanda kənd təsərrüfatına kapital qoyuluşu 56%, emal sənayesinə kapital yatırımı 62% artıbsa, Azərbaycanda bu göstəricilər müvafiq olaraq 35% və 52% azalıb. Bahalaşma, real əmək haqqının səviyyəsinə görə də geridə qalırıq. Ermənistan ötən il yükdaşımaların həcmini 85% artıra bilib. Bizdə isə bu göstərici aşağı düşüb. Ümumiyyətslə, ötən il Ermənistan iqtisadiyyatı artsa da, Azərbaycan iqtisadiyyatı azalıb."

İqtisadçı "sərvətlərlə zəngin bir ölkə kimi xeyli sayda göstəricilər üzrə geri düşməyimizdə" hakimiyyətin yanlış iqtisadi siyasətinin "böyük rolunu" qeyd edir. "Bu qaydada davam etməyin nə dərəcədə təhlükəli tendensiyalara yol açmasının, nəhayət, fərqində olmalıyıq..."- deyə o bildirir.

"Azadlıq": Bədənində 16 qəlpə gəzdirən Qarabağ əlili: "Qalmışam küçələrdə"

Kürdəmir rayonu Karrar stansiyasının sakini Səfərov Vüqar Əhməd oğlu hərbi xidmətdə aldığı xəsarətdən II qrup əlil olduğunu, dövlətdən aldığı 115 manat təqaüdlə dolana bilmədiyini deyib. Vüqar Səfərov ona çatacaq əlil konpensasiyanın ödənilmədiyindən şikayətçidir.

"Hazırda ayağımda 10 ədəddən çox qəlpə var. Əvvəllər imkanım vardı onları çıxartdıra bilirdim. İndi isə heç çür imkan yoxdur. Ayağım bir yana, yaşayış yerim də yoxdur. Karrar stansiyasında evimiz köhnə olduğundan uçub. Rayon İcra hakimiyyətinə müraciət etdim baxan olmadı. Bakıda kirayə qalmaq məcburiyyətindəyəm. Təkcə həyat yoldaşım xadimə işləməklə ailəni dolandırır. Kirayə pulunu ödəyə bilmirəm. Məcbur olub pensiya kartımı girov qoyuram. Birtəhər onu ödəyib, başqa yerdə yenidən girov qoyuram. Buna görə tez-tez kirayə dəyişirəm. İki qızım var , artıq böyüyüblər. Bir otaqda qalırıq. Heç olmasa mənim "qan pulumu" versinlər başıma bir çarə edim. Müdafiə Nazirliyinin qaynar xəttinə zəng etmişəm, deyirlər Sosial Müdafiə Mərkəzinə müraciət et. Ötür-ötür edirlər", deyə Kürdəmir sakini gileylənir.

Fotonun müəllifi Getty Images

Yeni Müsavat": Prezident probasiya haqqında sərəncam imzalayıb

Ötən həftə prezident İlham Əliyev "Cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə bu sahəyə nəzarəti Ədliyyə Nazirliyi yanında yaradılan Probasiya xidməti həyata keçirəcək. "Probasiya xidməti məhkəmələrin şərti məhkumetməyə məhkum etdiyi şəxsin dövlətin vətəndaşa verdiyi bu şansdan necə yararlandığına, "özünü necə aparmasına" nəzarət edəcək orqan kimi fəaliyyət göstərəcək." - yazıda deyilir.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində bu mühüm sərəncamı şərh edərkən belə deyib: "Bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Prezident mütəmadi imzalanan əfv sərəncamları ilə cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha effektiv və səmərəli olduğunu göstərib".

F.Ələsgərov cəzası yüngülləşdirilmiş şəxslərə Qərb ölkələrində, eləcə də qonşu Rusiyada geniş tətbiq edilən elektron nəzarət, çox zaman qolbaq və ya saat formasında hazırlanan, xüsusi çiplərlə təchiz edilmiş və rabitə vasitələrinə qoşulmuş sistemlərdən də danışıb.

"Yeni Müsavat": Bəzi məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni fərmanla "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına bəzi dəyişikliklər edib.

"Dəyişikliyə əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, ...faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin,... onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunur.

Həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilir", - deyə yazıda qeyd edilir.

Bu barədə daha geniş