İlham Əliyev Münhendə "Avrasiyanın Çat Xətləri" barədə danışıb

Kersti Kaljulaid, İlham Əliyev, Giorgi Kvirikaşvili və Kasım-Jomart Tokayev

Şəklin mənbəyi, VUGAR AMRULLAYEV/AzerTag

Şəklin alt yazısı,

Soldan: Kersti Kaljulaid, İlham Əliyev, Giorgi Kvirikaşvili və Kasım-Jomart Tokayev

"Bizim heç bir başqa beynəlxalq quruma daxil olmaq planlarımız yoxdur", Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Münhen Təhlükəsizlik Konfransında iştirak etdiyi paneldə deyib. "Amma gələcəkdə nə baş verəcək, hələ bilinmir".

"Biz islahatlar həyata keçirərək iqtisadiyyatımızı planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına çevirdik", cənab Əliyev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda bu bazar iqtisadiyyatı ÜDM-in 80%-dən çoxunu təşkil edir.

"2015-ci ildə biz ilk Avropa Oyunlarını təşkil etmişdik, bu il isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Bu, əslində məqsədlərimizi göstərir", cənab Əliyev deyib.

Prezident həmçinin Azərbaycanla Ermənistan arasındakı müharibəyə və münaqişəyə toxunaraq qeyd edib ki, Azərbaycan münaqişənin "ən qısa müddətdə sülh yolu ilə" həll olunmasını istəyir, lakin bu yalnız BMT və digər beynəlxalq qurumların qətnamələrinin çərçivələrində baş verə bilər.

Eyni zamanda prezident daha sonra deyib ki, Azərbaycan Avropanın birbaşa danışıqlar prosesinə cəlb olunmasını gözləmir. "Biz Avropadan və hamıdan gözləyirik ki, bütün münaqişələrə eyni cürə yanaşsınlar".

Eurasia Group qurumunun təsisçisi və prezidenti İan Bremmerin apardığı "Avrasiyanın Çat Xətləri" adlı sessiyada prezident İlham Əliyevlə birlikdə Estoniyanın prezidenti Kersti Kaljulaid, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan senatının rəhbəri Kasım-Jomart Tokayev və Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk iştirak ediblər.

Arseni Yatsenyuk öz açılış bəyanatında deyib ki, onun fikrincə Avrasiyanın "çat xətti" məhz Rusiyadır. Onun sözlərinə görə, hazırda "bu masada oturan hər bir ölkənin ərazi bütövlüyü" təhlükə altındadır.

Estoniya prezidenti Kersti Kaljulaid qeyd edib ki, bazar iqtisadiyyatı və qanunun aliliyi müəyyən dərəcəyə qədər xarici investisiyalara qarantiya versələr də, bundan başqa adamlara söz azadlığı vermək, insan haqlarını əzməmək və korrupsiyanın az olmasını təmin etmək də lazımdır.

"Mən bunu ona görə deyirəm ki, Sovet İttifaqı kimi tanınan həbsxanadan çıxan bütün ölkələr kimi 25 il əvvəl Estoniyanın da köməyə ehtiyacı var idi. Onlar bizə [yardım edəndə] bilmirdilər ki, 25 il sonra Estoniya bu Qərb ölkələrə 1-2 şey öyrədə biləcək rəqəmsal ölkəyə çevriləcək".

Şəklin mənbəyi, president.az

Şəklin alt yazısı,

Mehriban Əliyeva və Leyla Əliyeva prezidentə qulaq asır

Şəklin mənbəyi, president.az

Ian Bremmer Prezident Əliyevə "aylardır" vermək istədiyi sualını verib: "Erdoğan Rusiya təyyarəsini vurur, Rusiya və Türkiyə bir-biri ilə didişir. Birdən-birə isə əlaqələr bərpa olunur. Belə bir zamanda Azərbaycan prezidenti olmaq necə olub?"

İlham Əliyevin sözlərinə görə, coğrafi mövqeyinə görə Azərbaycan "hər gün" belə bir vəziyyətdədir, lakin bu, beynəlxalq arenada o qədər görünmür.

"Biz ada deyilik və regional sabitlik Azərbaycanın prioritetlərindən biridir", o deyib. "Beləliklə biz qonşularımızın bu münaqişədən çıxması üçün bütün gücümüzlə çalışırdıq".

"Açıq etiraf edilib ki, əlaqələrin bərpa olunmasında rolu olan ölkələrdən biri Azərbaycan da olub".

Çin barədə suala cavab verən cənab Əliyev deyib ki, bu ölkə Azərbaycan üçün "yaxşı müttəfiqdir" - həm siyasi, həm də iqtisadi cəhətdən.

"Amma bizi Çinə daha da yaxınlaşdıracaq layihə, İpək Yolunun bərpa olunmasıdır".