"Azadlıq" qəzetinin əməkdaşları dindirilib

Azadlıq qəzeti

Şəklin mənbəyi, STRINGER/ Getty

Şəklin alt yazısı,

Son 3 gündə ümumilikdə 6 jurnalistin dindirildiyi bildirilib

"Azadlıq" qəzetinin bir neçə əməkdaşı ötən həftənin şənbə günü və bazar ertəsi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib, jurnalistlər BBC Azərbaycanaya bildirib.

Qəzetin əməkdaşı Vidadi Məmmədovun sözlərinə görə, onlar qəzetin fəaliyyəti və Faiq Əmirlinin işi ilə bağlı suallar verilib.

Jurnalist Aytən Məmmədova da bazar ertəsi idarəyə çağırıldığını təsdiqləyib. O, dindirilmə zamanı qəzetin və "Azadlıq.info" saytının fəaliyyətilə bağlı suallar verildiyini bildirib.

Onlar sualların mahiyyəti ilə bağlı "iltimzama imza atdıqları üçün" ətraflı məlumat verə bilməyəcəklərini də deyiblər.

Qəzetin əməkdaşları son 3 gündə ümumilikdə 6 jurnalistin dindirildiyini bildiriblər.

Məsələ ilə bağlı Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb.

"Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli bu ilin avqustunda saxlanılıb və o, Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilir.

İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülenin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

Bu ilin sentyabrın 6-dan "Azadlıq" qəzetinin çapı dayanıb. Buna səbəb qəzetin maliyyə direktoru Faiq Əmirli həbs olunduğuna görə qurumun maliyyə əməliyyatlarını apara bilməsi üçün notarial kontorun onu əvəz edəcək şəxsin imzasını tanımaqdan imtina etməsidir.