Mehriban Əliyeva kimdir?

  • Redaksiya
  • BBC Azərbaycanca
Mehriban Əliyeva

Şəklin mənbəyi, Mehriban-aliyeva.az

Şəklin alt yazısı,

Mehriban Əliyeva Azərbaycanın ilk Birinci vitse-prezidentidir.

Fevralın 21-də Azərbaycanıın Birinci xanımı Mehriban Əliyeva prezident İlham Əliyev tərəfindən ölkənin Birinci vitse-prezidenti təyin edilib.

Bu Mehriban Əliyevanın hökumətdə ilk vəzifəsidir, lakin bundan əvvəl də onun siyasi addımları həmişə ərinin karyerasına bağlı olub.

İlham Əliyev və Mehriban Əliyeva 1983-cü ildən evlidirlər. Onların üç uşağı və üç nəvəsi var.

Mehriban Əliyevanın atası Arif Paşayev Azərbaycanın an varlı biznesmenlərindən biridir və son bir neçə il ərzində o bizneslərini nəvələrinə, Mehriban Əliyevanın uşaqlarına ötürməyə başlayıb.

Onun qayınatası isə mərhum prezident və hazırkı prezidentin sələfi Heydər Əliyevdir.

Mehriban Əliyeva

Şəklin mənbəyi, Mehriban-aliyeva.az

Şəklin alt yazısı,

Mehriban Əliyeva mərhum prezident, qayınatası Heydər Əliyevlə

2003-cü ildə İlham Əliyevin prezident seçkilərində qələbəsindən sonra, o hökumətdə özünə ABŞ prezidentlərinin həyat yoldaşlarının Birinci Ledi ənənəsinə bənzər Birinci xanım rolunu yaradıb.

Mehriban Əliyeva 2004-cü il may ayında təsis edilən Heydər Əliyev Fondunun prezidentidir.

Bundan bir neçə ay sonra, xanım Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri titulu verilib.

2004-cü ilin dekabr ayındakı çıxışında Mehriban Əliyeva siyasətə qatılmaq niyyətində olmadığını deyib, lakin bir neçə ay sonra 2005-ci ilin avqust ayında o, Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkiləri üçün namizədlər siyahısına daxil olub.

Xanım Əliyeva 2005-ci ilin noyabr ayında keçirilən seçkilərdə öz dairəsində 86 faiz səs toplayaraq Milli Məclisə daxil olub. Qələbəsindən sonra Yeni Azərbaycan qəzetinə verdiyi müsahibəsində Mehriban Əliyeva deyib ki, ona səs verənlər Heydər Əliyevin siyasətinə səs veriblər.

Bu dövrdə Azərbaycanın Birinci xanımı əri ilə birlikdə bir neçə rəsmi səfərdə olub.

2006-cı ilin dekabr ayında ABŞ-a rəsmi səfərdə o, birinci xanım - Laura Bush-la və 2009-cu ilin iyul ayında Britaniya kraliçası II Elizabeth-lə görüşüb.

2009-cu ilin yanvar ayında Mehriban Əliyeva Milli Məclisdəki fəaliyyətinə görə, parlamentdə akkreditasiyası olan jurnalistlər tərəfindən "ən fəal" millət vəkili seçilib.

2010-cu ilin mart ayında Washington Post qəzetində onun uşaqlarına Dubayda 75 milyon dollar dəyərində villaların məxsus olduğu iddia edilib. İddalara cavab verərkən, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin dövlət başçısı olmasından əvvəl əldə etdiyi bizneslərdən ailəsinə hələ də gəlirlərin gəldiyini izah edib.

Arzu və Leyla Əliyeva

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Arzu və Leyla Əliyevaların Londonda sahib olduğu deyilən mənzil şəhərin mərkəzindəki Hyde Park-a baxan binada yerləşir

2010-cu ilin sentyabr ayında o bir daha parlament seçkilərində YAP namizədi olub və noyabrda keçirilən seçkidə bir daha qalib gəlib.

2011-ci ilin may ayında, o, əri İlham Əliyev tərəfindən Eurovision Mahnı Müsabiqəsinin keçirilməsi üzrə təşkilat komitəsinin sədri təyin edilib.

2012-ci ilin mart ayında Yeni Azərbaycan qəzetinə verdiyi müsahibədə o Ermənistanın Eurovision Mahnı Müsabiqəsində iştirak etməmək qərarına təəccübləndiyini və Bakıda binaların sökülməsini müsabiqə ilə əlaqələndirən məlumatların "siyasi təxribat yaratmaq bəhanəsi" olduğunu bildirib.

Xanım Əliyeva Azərbaycanda hökuməti tənqid edənlər barədə deyib ki, ölkə üçün nə qədər pis olsa, onlar bir o qədər sevinirlər.

O, tənqidçilərin bu prinsip üzrə uzun müddət yaşayan və fəaliyyət göstərən kateqoriyalı insanlar" olduğunu və bu insanların məqsədinin "Azərbaycanda baş verən bütün müsbət hadisələrə qara yaxmaq" olduğunu deyib.

2012-ci ilin may ayında keçirilən Eurovision Mahnı Müsabiqəsində onun kürəkəni Emin Ağalarov qonaq qismində öz mahnısını ifa edib.

2013-cü ilin yanvar ayında o, əri İlham Əliyev tərəfindən Baku 2015 Avropa Olimpiya Oyunlarının keçirilməsi üzrə təşkilat komitəsinin sədri təyin edilib və iyun ayında o, Yeni Azərbaycan Partiyasının sədr müavini seçilib.

2015-ci ilin sentyabr ayında Mehriban Əliyeva Fransada rəsmi səfərdə olub.

Fransa prezidenti Francois Hollande onu Fransadakı mədəni tədbirlərə verdiyi dəstəyi üçün təşəkkür edib. Lakin bundan sonra o, Parisdə "Azərbaycan, tolerantlıq məkanı" adlı fotosərgidə iştirak edərkən fransalı jurnalist Elise Lucet tərəfindən sorğu-suala tutulub.

Jurnalistin ona siyasi məhbuslar olduğu halda ölkəni tolerantlıq məkanı adlandırmağın düz olub-olmaması barədə sualına cavabında Mehriban Əliyeva "əlbəttə" deyərək Azərbaycanda siyasi məhbusların olmadığını iddia edib.

Lakin birinci xanım hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Xədicə İsmayılovanın həbsləri barədə sualı cavabsız qoyub və mühafizəçilərinin köməyi ilə jurnalistdən uzaqlaşdırılıb.

Bu hadisədən iki həftə sonra o, İlham Əliyev tərəfindən 4-cü İslam Həmrəylik Oyunlarının keçirilməsi üzrə təşkilat komitəsinin sədri təyin edilib.

2016-cı ilin yanvar ayında Avropa Olimpiya Komitəsi Mehriban Əliyevanı Avropa Olimpiya Oyunlarının təşkil edilməsində gördüyü işlərə görə mükafatlandırılıb.

Mart ayında Bakıya səfər edən Macarıstanın Baş naziri Viktor Orban Mehriban Əliyevanı Macarıstanın ali ordeni ilə təltif edib.

2016-cı ilin oktyabr ayında onun təklif etdiyi amnistiya qanunu qəbul edilib və nəticədə 2800 məhbus azadlığa buraxılıb.

2017-ci ilin fevral ayında, Mehriban Əliyeva prezident İlham Əliyev tərəfindən Azərbaycanını Birinci vitse-prezidenti təyin edilib.