Mətbuat icmalı: "Həbslər də monopoliya kimi idarəçilik üsuludur"

Şəklin mənbəyi, Getty Images
"Azərbaycan": Prezident Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.
"Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğuladı.
Dövlətimizin başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.
Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan Prezident İlham Əliyev referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirdi.
Dövlətimizin başçısı TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə etdi", deyə xəbərdə qeyd edilir.
"Xalq qəzeti": Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul edib
Fevralın 22-də Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniganın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin praktiki müzakirələrin aparılması baxımından vacibliyini qeyd edib, bunu həm də layihənin uğurlu icrasının göstəricisi kimi dəyərləndirib.
İ.Əliyev layihənin artıq yekun mərhələyə çox yaxın olduğunu qeyd edib. O, ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniganın Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakının əhəmiyyətini vurğulayaraq, bunun ABŞ hökumətinin layihəyə davamlı dəstəyinin yaxşı göstəricisi olduğunu deyib.
"Azadlıq": "Həbslər də monopoliya kimi idarəçilik üsuludur"

Şəklin mənbəyi, AFP/ Getty
"Son günlər ictimai fəalların ard-arda həbsləri baş verir. Hamısı da polisə müqavimət ittihamı ilə. Adətən ölkədə və ya beynəlxalq aləmdə ölkə ilə bağlı mühüm hadisə baş verməmişdən öncə hakimiyyət göz qorxutmaq üçün belə həbslər aparır. Bu dəfə səbəb nədir?" - deyə qəzet sual edir.
Hüquq müdafiəçisi İntiqam Əliyevin sözlərinə görə, avtoritar ölkələrdə həbslər korrupsiya, monopoliya kimi idarəçilik üsuludur, sistemi qoruyub saxlamaq vasitələrindən biridir. Nə qədər ki, hakimiyyət avtoritardır, həbslər olub və olacaq.
"Hüquq müdafiəçisinin fikrincə, həbslər iki cür olur: Hakimiyyətin özü üçün ciddi saydığı təhlükələrlə bağlı həbslər - bunlar bir qayda kütləviliyi ilə seçilir və ağır işgəncələrlə müşayiət olunan cinayət təqibləri formasında bürüzə verir:
QHT liderlərinin, jurnalistlərin, ayrı-ayrı müxalif siyasi partiyaların, dindarların, hakimiyyətin öz içində ona təhlükə yaradan qrupların haylı-küylü cinayət işləri kimi. Və bir də var profilaktik xarakterli həbslər və ya digər formada təzyiqlər.
İntiqam Əliyev düşünür ki, son həbslər və repressiyalar daha çox profilaktik xarakterlidir. Onun fikrincə, qarşıdan yaz gəlir, şaxtalı qışdan birtəhər salamat çıxmış toplumun canına isti dəydikcə yenidən canlanacağı ehtimalı var.
Hüquq müdafiəçisi həm də onu bildirir ki, ölkədə iqtisadı durum ağırlaşmaqda davam edir, etirazlar təhlükəsi həmişə qalır. Onun fikrincə, hakimiyyətin həm iqtisadi maraqları, həm beynəlxalq reabilitasiyası və reklamı üçün önəmli saydığı bir sıra beynəlxalq tədbirlər gözlənilir.
İntiqam Əliyevin sözlərinə görə, hakimiyyət dünyaya çatdırmaq istəyir ki, Azərbaycan xalqı ilə hakimiyyət monolitdir, bu tədbirlərə sevinir, birinci ledinin ölkənin birinci-vitse prezident olmasından çox xoşbəxtdir", - yazıda deyilir.
"Azadlıq": Əliyevləri tənqid edən türk kanalının yayımı Azərbaycanda dayandırıldı
Fevralın 22-si axşam saatlarından etibarən Türkiyənin FOX TV kanalının yayımı Azərbaycandakı bəzi kabel televiziyalarında dayandırılıb.
Milli Televiziya və Radio Şurasının saytında bu barədə məlumat verilmir.
"Bir gün əvvəl, fevralın 21-i həmin kanalın xəbərlər proqramında Azərbaycanla bağlı süjet efirə verilmişdi. Orada prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse prezident təyin etməsi aparıcının gülüşü ilə təqdim edilmişdi.
FOX kanalının həmin xəbərlər proqramı Azərbaycandakı sosial şəbəkələrdə də qızğın müzakirəyə səbəb olmuşdu. Bəzilər yazırdılar ki, artıq, Azərbaycan gülüş hədəfinə çevrilib.
"Yəqin ki, FOX kanalının yayımı Azərbaycanda dayandırılacaq" - deyə bəzi insanlar da ehtimallarını yazırdılar", - yazıda deyilir.