Qərb rayonlarının fermerləri- Fotoreportaj

Göygöl, Tovuz, Qazax, Ağstafa rayonlarında fermerlərin məşğuliyyəti, güzəranı və problemləri. Müxbirimiz Günel Səfər Azərbaycanın Qərb rayonlarına səfəri zamanı fermerlərlə danışıb.

Fermer qadın, Göygöl
Şəklin alt yazısı,

78 yaşlı Zümrüd Cəfərqızı fermerdir. "Nə əkirsiniz" sualıma Göygöl sakini gülümsəyərək “çiyələm” deyir. Göygöl rayonunun kəndlərində giləmeyvə əkini geniş yayılıb. Bu səbəbdən müsahibim də əkinçiliyin bu növünə maraq göstərir. Deyir ki, 14 sotluq ərazisində artıq 4 ildir çiyələk əkir. Amma bundan əvvəl başqa bitkilər də becərib.

Şəklin alt yazısı,

“Əvvəl əlimə nə gəldi, göy-göyərti, kələm, kartof, lobya əkmişəm, 4 ildi çiyələm əkirəm”, deyir Zümrüd xala. Söhbət zamanı şitillərin yaxşı olmadığından da gileylənən fermer bizimlə söhbəti zamanı çiyələk sahəsini köhnə köklərdən təmizləməklə məşğuldur.

Şəklin alt yazısı,

Dizlərini yerə qoyaraq, qurumuş çiyələk bitkisi köklərini dartıb çıxaran Zümrüd xala halından şikayətçi olmasa da, işinin çətin olduğunu və köməyə ehtiyacı olduğunu da deyir. Deyir ki, çiyələyin bir kiloqramını 6-7 manata satırlar. “Sərf eləməsə də, özümüz mürəbbə edirik”, o əlavə edir.

Şəklin alt yazısı,

İslam Məmmədov Tovuzun Əyyublu kəndinin sakinidir. O, özünə dövlət tərəfindən verilmiş pay torpağında kartof əkir. Rastlaşdığımız zaman 39 sot ərazidə özü tək işləyən fermer şumlanmış torpaqda kartof toxumları əkir. O, səbrlə toxumların ən yaxşısını seçməyə çalışır. Deyir ki, 1 ton kartof əkəndə 10 ton məhsul götürmək olar. Kartofçuluğu çox məhsuldar sahə adlandıran İslam bəy ailəsinin dolanışığını bu yolla təmin etdiyini deyir.

Şəklin alt yazısı,

İslam Məmmədov toxum kartofun kiloqramını 60-70 qəpikdən alır. Amma məhsul satanda qiymət aşağı düşür. “Kilosunu 25-30 qəpiyə satırıq” deyən fermer üçün bu sahə məhsuldarlığın çoxluğuna görə sərfəlidir. Sahədə bir qayda olaraq tək işlədiyini, lakin lazım gəldikdə fəhlə də gətirdiyini deyir. “Fəhlə bir gün 15 manata işləyir. Kömək etməyə, suvarmaya, dərmanlamağa fəhlə lazım olur”, o bildirir.

Şəklin alt yazısı,

Fermer sahəyə lazım olan gübrəni “nəğd pulu olanda" dövlətdən alır, olmayanda artıq gübrə almış kəndlidən "nisyə götürür”. “Yayda məhsul satılanda ödəyirik. Burda hamı bir-biri ilə əlaqəlidir”. Müsahibimiz dolanışıqdan da danışır. O, müxtəlif ərzaqların qiymətində artım müşahidə etdiyi deyir. “Bunlar vəziyyəti çətinləşdirsə də, camaat əkin əkməklə, heyvan saxlamaqla dolanır”, o əlavə edir.

Şəklin alt yazısı,

Qazax rayonu Xanlıqlar kənd sakini Yusif Novruzov həm əkinçilik, həm də heyvandarlıqla məşğuldur. Sahədə quzularını otaran fermer "gözünü açandan" kənd təsərrüfatı ilə məşğul olub. O qoyunçuluğu məhsuldar sahə hesab edir. “Xeyirli tərəfi odur ki, onun balası, südü, yunu olur”. Fermer onu da deyir ki, inək südünün 90 faizi suya çıxır, amma qoyun südü pendir tutmağa çox yararlıdır. Yusif Novruzovun 2 inəyi və 30 qoyunu var.

Şəklin alt yazısı,

Deyir ki, qoyun yununu da satır. “Yusan kilosu 5 manatdı, yumasan 2 manat”, amma fermer rayonda dəri emalı zavodunun olmadığını da vurğulayır. Bundan başqa o, keçi saxlamağın da qazanclı olduğunu deyir. “Keçinin südü çox olur, 2 keçi saxlasan elə bil bir 1 inəyin var”. Heyvandarlıqla yanaşı müsahibimizin 1 hektar 10 sot torpağı da var. O, bu ərazilərdə həm kartof, həm də yonca əkib. Fermerliyin faydasında danışan Yusif Novruzov qeyd edir ki, kəndçinin 50 qoyunu olsa milyoner olar.

Şəklin alt yazısı,

Qurban Məmmədov Ağstafa rayonunda yaşasa da özü Gədəbəy rayonundandır. Deyir ki, Ağstafaya köçməsinin səbəbi Gədəbəydə ailəsinin Ermənistanla sərhədə yaxın yaşaması və ailənin evlilik yaşına çatmış oğulu öz yanında yerləşdirə bilməməsi olub. O, da gözünü açandan kartofçuluqla məşğul olub. İndi də bu sahə ilə məşğuldur. Ağstafada sahə icarəyə götürüb ailəsi ilə birgə burda işləyir. 10 il olar burda yaşan müsahibimiz 70 sot əraziyə kartof əkir.

Şəklin alt yazısı,

Deyir toxumu bu il Gürcüstandan alıb, amma keçən il Rusiya toxumu əkib. O, məhsuldarlıqdan şikayətçi deyil. Ölkədə fermer kimi fəaliyyət göstərməyin asa olduğunu fikirləşir. “Nə istəsən dövlətdən pul götürüb etmək olar”, deyir.Buna baxmayaraq o özü, kredit götürməyi düşünmür. “Məndə o qüvvə yoxdur. Ziyan etsəm pulu ödəmək var. Çətin vaxtı fikirləşirəm” deyir.

Şəklin alt yazısı,

Tovuz rayonu Bozalqanlı kənd sakini Rəşid Mahmudov rayonda geniş yayılmış kartofçuluqla məşğul olsa da, o bir neçə ildir kök də əkdiyini deyir. Bitkilərin əkildiyi sahənin özünə aid olmadığını vurğulayan fermer, “öz pay torpağım azdı deyə, icarəyə götürmüşəm” deyir. Sahəsində əkdiyi kökün yaxşı becərilməsi üçün istilik məqsədilə üzərinə salafan çəkən fermer, hər gün əkdiyi bitkilərə nəzarət etməyə gəlir.

Şəklin alt yazısı,

Deyir qış əkini üçün kök əkib, yaz əkini üçün isə taxıl və kartof. Niyə məhz kök əkdiyindən danışan müsahibimiz “kökçülüyün pulu münasibdir” deyir və əlavə edir ki, indi “kimə nə xeyir edir onu da əkir”. “Bu ləkin biri 20 metrdir, məhsuldarlıq yaxşı olsa 200 kilo kök götürmək olar”, deyən fermer əvvəllər kökün kilosunun 40-60 qəpiyə satıldığını qeyd edir. İndi isə rəqəm dəyişib, ötən il kökün kilosunu 25-30 qəpiyə alıblar.

Şəklin alt yazısı,

Bu il necə məhsul olacağı ilə bağlı suala isə o gülərək əlini göyə qaldırır və deyir: “Onu bax o kişi bilir”. Sonra isə o əlavə edir, “xeyir etməsə əkərikmi, əkin qumar kimidir, gah yaxşı olur, gah yox”. Azərbaycanda fermer olmağın çətinliklərindən danışan Rəşid dayı əsas problemin maya olduğunu deyir. “Gərək mayan ola ki, istədiyini əkə biləsən”.

Şəklin alt yazısı,

O, əkin sahəsinin bütün xərclərinin özünə aid olduğunu da qeyd edir. Bu il əkdiyimiz məhsulun qazancından gələn ilə saxlayırıq, o deyir. Kredit üçün müraciət etməməsinin səbəbini isə o belə izah edir: “Faizi çoxdur, 1000 manat götürdünsə yarısını faiz kimi qaytarmalısan”. Sonda isə o, dolanşığından şikayət etməyərək “buna da şükür” deyir.