Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın yeni məğlubiyyətləri

Şəklin mənbəyi, AFP
Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsi üç hökmdə Azərbaycan hökumətini, 22 şikayətcinin azad seçki hüququnu pozmaqda və 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun işi ilə bağlı təhqiqat işlərini "adekvat və təsirli" şəkildə aparmamaqda günahlandırıb.
Məhkəmə 2010-cu il parlament seçkiləri ərəfəsində İsa Qəmbər, Tofiq Yaqublu və Bəxtiyar Hacıyev daxil olmaqla, 22 şikayətcinin "azad seçki" hüququnun hökumət tərəfindən pozulduğunu bildirərək, hər şikayətciyə 10 min avro məbləğində kompensasiya və məhkəmə xərcləri üçün 1 min avro dəyərində kompensasiya ödənilməsini tələb edib.
Bəxtiyar Hacıyev BBC Azərbaycancaya məhkəmə qərarına "ümümilikdə müsbət" yanaşdığını, lakin şikayətlərin birləşdirilməsi səbəbindən "işlərə dərindən yox, ümumi" baxıldığını vurğulayıb.
"Mənim və müdafiəçimin təqdim etdiyimiz sənədlər, faktlar ayrıca araşdırılmayıb, araşdırılsa, Konvensiyanın başqa maddələrinin də pozulması aşkarlanardı", o, əlavə edib.
Bəxtiyar Hacıyev, həmçinin kompensasiya məbləğinin Azərbaycan dövləti üçün əhəmiyyətli dərəcədə olmadığını qeyd edərək, əksinə bu məbləğin hakimiyyəti gələcəkdə seçki hüquqlarını pozmağa daha da həvəsləndirəcəyini vurğulayıb.
12 illik istintaq
Elmar Hüseynovun qətli ilə bağlı istintaqa dair hökmündə, məhkəmə 4 əsas məqamı vurğulayaraq, Azərbaycanın Elmar Hüseynovun yaşamaq hüququnu pozmaqda təqsirli sayıb.
Məhkəmənin hökmündə qeyd edilən məqamlar bunlardır:
- Azərbaycan hökumətinin hüquqi imkanı olmasına baxmayaraq və hətta bu seçim Azərbaycana Gürcüstan hakimiyyəti tərəfindən rəsmən təqdim edildikdən sonra, hökumət cinayət işini Gürcüstana təhvil verməyib.
- Elmar Hüseynovun yoldaşı, Ruşaniya Hüseynovanın tələblərinə baxmayaraq, Azərbaycan hökuməti istintaqla bağlı sənədləri ona təqdim etməyib.
- Qətldən 12 il sonra institaq işlərinin hələ də nəticəsiz davam etməsi araşdırmanın cəld şəkildə aparılmadığını göstərir.
- Elmar Hüseynovun hökumət barədə tənqidi yazıları, ona qarşı 30-dan çox məhkəmə şikayəti və qətlin planlanmış şəkildə həyata keçirilməsini nəzərə alaraq, onun qətlinə səbəbin jurnalistika fəaliyyəti ilə bağlı olması istintaq üçün əsas mövzulardan biri olmalı idi. Lakin təqdim edilən sənədlər, istintaqın qətlin arxasında dayanan motivasiyaları kifayət qədər araşdırmadığını göstərir.
Qərarını bu səbəblərlə əsaslandıran hakimlər, Ruşaniyyə Hüseynovaya 20 min avro məbləğində kompensasiya və məhkəmə xərcləri üçün 10 min avronun ödənilməsini tələb ediblər.