"Deyirlər suda günah yoxdur, filtrasiyadır, su keçir də filtrdən, adam keçmir ki..."
Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri çirkli su səbəbindən uşaqlarının xəstəliyə yoluxduğunu deyirlər.
Qəsəbədə 20 ildən artıq yaşayan Əkbər İsmayılov qəsəbəyə verilən suyun əvvəllər təmiz olduğunu, son zamanlar isə keyfiyyətinin kəskin şəkildə azaldığını deyir.
O, ərazidə uşaqların xəstəliyə yoluxmasına suyun səbəbkar olmadığını deyənlərə inanmır.
Səhiyyə Nazirliyi bazar ertəsi açıqlayıb ki, həmin ərazidə yoluxma əlamətləri müşahidə olunan onlarla uşaqda Rotavirus infeksiyası aşkar edilib.
Qurum 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri baş verdiyini qeyd edib.
Şənbə günüdən başlayaraq sosial şəbəkələr vasitəsilə insanlar içməli suda problem olduğunu yazmağa başlayıblar.
Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bu iddiaların səhv olduğunu qeyd edib.