Azərbaycan: Bankdan 3700000 AZN "oğurlamaqda" şübhəli bilinən qrup üzvü saxlanılıb

DTX binası

Şəklin mənbəyi, DTX

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda bir kommersiya bankının kompüter sistemindən kiberhücumlar vasitəsilə 3.700.000 (üç milyon yeddi yüz min) manatdan artıq vəsait oğurlamış mütəşəkkil kibercinayətkar qrupu aşkarladığını bildirib.

Məlumata görə, 23 iyulda bu qrupun bir üzvü, xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Bu qrup barəsində DTX, Cinayət Məcəlləsinin (177.3.2) "oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə" və (273.4) "kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə" maddələri ilə cinayət işi başladıb.

Məlumatda o da deyilir ki, bu qrup adı çəkilməyən yerli bankın kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edərək pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və digər əməliyyatlar həyata keçirib.