Qubalı arıçı: 50 arı qutusu, 200-300 kq məhsul, kiloqramı 30 AZN...

Gülər Abbasova

Quba sakini Hacıməmməd Cəbrayılov 52 ildir ki arıçılıqla məşğuldur.

Deyir son illər havaların qeyri-sabit keçməsi məhsuldarlığa mənfi təsir etdiyindən bal süzümü də zəifləyir.

"Əvvəllər ilin bütün fəsillərində hava normal keçirdi, arılar işləyib bal toplaya bilirdi.

İndi havanın gözlənilmədən yağışlı, küləkli keçməsi arılara mane olur, işləyə bilmirlər." -78 yaşlı arıçı bildirir.

Onunla BBC Azərbaycanca üçün Gülər Abbasova söhbət edib.

Arıçının sözlərincə hətta Qubanın dağlıq yerlərində quraqlığın olması məhsuldarlığa təsir edib.

Arılar yetərincə gül-çiçəkdən şirə çəkə bilmədiyindən öz topladığı bal ilə qidalanıblar.

Hacıməmməd Cəbrayılov hazırda arı qutularını Xaçmazdakı yonca sahələrində yerləşdirib.

Avqustun sonlarında isə artıq məhsul yığımı tamamlanacaq.

Arıçı 50 arı qutusundan 200-300 kq məhsul gözlədiyini bildirir.

Arıçı Cəbrayılov deyir ki, məhsulunu bazara çıxarmağa ehtiyacı olmur. Onun müştəriləri balı sifarişlə əldə edirlər.

Balın təbiiliyinə zəmanət verən arıçı məhsulunun hər kiloqramını 30 AZN-dən satışa çıxarır.