"Azərbaycan Camaşırxanasının" mərkəzindəki müəmmalı şirkət

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Fotonun müəllifi Vergilər Nazirliyi/www.taxes.gov.az
Image caption Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti

Bazar ertəsi dərc edilmiş və "Azərbaycan Camaşırxanası" adlandırılan fonda dair iddiaların mərkəzində olduğu deyilən Baktelekom MMC şirkəti nə Baş Prokurorluq, nə də ki, Vergilər Nazirliyi tərəfindən araşdırılır, hökumət nümayəndələri BBC Azərbaycancaya bildirib.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və Avropa qəzetləri konsorsiumu tərəfindən aparılmış təhqiqatın nəticəsi olan hesabatda bu fondun əsas maliyyə məbələrindən biri, "Baktelekom" MMC olduğu iddia edilir.

Adlardaki bənzərliyə baxmadan, Baktelekom MMC, hazırda rabitə təchizatçısı olan, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsis olunmuş Baktelecom(Bakı Telefon Rabitəsi MMC) şirkətindən fərqlidir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultatov BBC-ə bildirib ki, Baş Prokrurlorluq prezident aparatının OCCRP-nin təhiqatındakı iddialara dair münasibətilə razılaşır və "təxribat xarakterli" iddiaları araşdırmayacaq.

Vergilər nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən isə BBC Azərbaycancaya bildirilib ki, Baktelekom MMC-ə qarşı keçmişdə cinayət işi açılıb, lakin daha sonra bu iş dayandırılb. Cinayət işinin tarixi, müddəti və səbəbi barədə məlumat almaq mümkün olmayıb.


Həmçinin oxuyun:


Nə iddia edilir?

OCCRP-nin hesabatında deyilir ki, Danımarkanın Berlingske qəzetinin əldə etdiyi bank sənədlərinə əsasən, Birləşmiş Krallıqda qeydiyyatda olan və hazırda ləğv edilən dörd şirkətin bank hesablarına 2,9 milyard ABŞ dolları köçürülüb.

OCCRP bu pulların bir qisminin yüksək rütbəli hökumət rəsmiləri və onların ailələrinin dünya boyunca dəbdəbəli avtomobil şirkətləri, futbol klubları, səyahət agentlikləri və xəstəxanalardaki xərclərini ödəmək üçün istifadə edildiyini, digər qisminin isə avropalı siyasətçilərin dəstəyini qazanmaq üçün istifadə edildiyini deyir.

Bu dörd şirkətin bank hesablarına yerləşdirilən pulun əsas mənbəsi isə, bu hesablara 1.4 milyard dollar köçürən müəmmalı Baktelekom MMC şirkətinin bank hesabı olduğu deyilir.

Baktelekom MMC-nin sabiq yüksək rütbəli rəsminin ailəsinə məxsus olduğu iddia edilir.

Ən yüksək borcu olan müəmmalı şirkət

Vergilər Nazirliyinin "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanunu nəticəsində 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adları siyahısında Baktelekom MMC-də öz yerini tutur.

Vergilər Nazirliyində yerləşdirilən bu siyahı daha sonra çıxarılıb və artıq saytda yoxdur. Lakin saytın iyun ayının 11-dən arxivləşmiş səhifəsində bu siyahını əldə etmək mümkündür.

Siyahıda yerləşən 18.932 şirkət arasında ən böyük məbləğdə borcu silinən şirkət, məhz 31.356.364,18 manat borcu silinən Baktelekom MMC-dir.

Siyahıda yerləşən təxminən 19 min şirkətdən yalnız 4-nün, 10 milyon manatdan çox borcu silinib:

  • "Baktelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti - 31.356.364,18
  • Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) - 22.676.116,10 manat
  • "Azərsu" Açıq Səhmdar Cəmiyyəti - 13.692.457,91 manat
  • "ŞİRVAN-6" KİÇİK MÜSSİSƏSİ - 12.738.011,97 manat

Lakin nazirlikdən Baktelekom MMC-nin kommersiya fəaliyyəti və bu məbləğdə borca necə sahib olduğu barədə məlumat almaq mümkün olmayıb.

Hökumət nə deyir?

Çərşənbə axşamı günü Prezidentin Mətbuat Xidməti araşdırma ilə bağlı bildirib ki, "nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adı çəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur".

Çərşənbə günü isə, Azərbaycan Baş nazirinin müavini və Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da Azərtaca verdiyi açıqlamada, hesabatdaki iddiaları "şər-böhtan" adlandıraraq, onun arxasında "ciddi maddi dəyəri olan maraqlar" olduğunu iddia edib.

Hökumət ümumi tənqidləri səsləndirsə də, dəqiq olaraq adları çəkilən şirkətlər barədə şərh verməyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, BBC Azərbaycancanın OCCRP-nin hesabatındaki iddialar barədə şərh verməkdən imtina edib və Baş Prokurorluğun Prezident Administrasiyasının iddialara münasibətini paylaşdığını və iddiaların araşdırılmayacağını deyib.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Baktelekom MMC-ə qarşı keçmişdə cinayət işi açıldığını, lakin daha sonra bu işin dayandırıldığını bildirib. Cinayət işinin tarixi, müddəti və səbəbi barədə məlumat almaq mümkün olmayıb.

Vergilər Nazirliyindən Baktelekom şirkətinin kommersiya fəaliyyəti barədə məlumat, bu məqalə dərc edilmədən əvvəl almaq mümkün olmayıb.

Baktelecom MMC bu iddialara hələ ki, reaksiya verməyib və şirkətlə əlaqə saxlamaq cəhdlərimiz uğursuz olub.

Bu barədə daha geniş