Prezident Əliyev bloqçu Aleksandr Lapşini əfv edib

Lapşin Fotonun müəllifi Courtesy Photo

Prezident İlham Əliyev Azərbaycanda həbsdə olan bloqçu Aleksandr Lapşini əfv edib, Azərtac yazır.

"1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin", məlumatda deyilir.

Lapşin "Azərbaycan sərhədini qanunsuz olaraq keçmə" maddəsilə ittiham olunaraq 3 il müddətinə həbs edilib.

Ekstradisiya ediləcək

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yaxın vaxtlarda İsrailə ekstradisiya ediləcək.

Cənab Həsənov bildirib ki, bu məsələ "çoxdan idi ki, iki dövlətin müvafiq orqanları arasında müzakirə olunub".

"Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab Prezidentin əfv Sərəncamından sonra Azərbaycan Hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir."

Agentlik cənab Həsənovun sözlərinə istinadən yazıb ki, İsrailin Lapşinin ekstradisiyası ilə bağlı proseduru "bir xeyli uzatmaları" nəticəsində ötən gün "xoşagəlməz bir hadisə yaşanıb":

"Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir."

Lapşin kimdir və niyə həbs edilmişdi?

Rusiya və İsrail vətəndaşlığına sahib olan Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra arzuolunmaz şəxslər siyahısına salınıb.

O, buna rəğmən 2016-cı ildə Azərbaycana Ukrayna pasportu ilə gəlib. Aleksandr Lapşin bu səfəri barədə bloqunda yazıb.

Bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə ittiham edilən Aleksandr Lapşin Bakının müraciətinə əsasən Belarusda saxlanılmışdı.

Fevral ayında o, Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilib.

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 3 il müddətinə həbs qərarı verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş