AÇG üzrə yeni Saziş: SOCAR-ın payı artdı

Ilham Aliyev Fotonun müəllifi President.az

Çərşənbə axşamı Bakıda SOCAR və BP-nın rəhbərlik etdiyi konsorsium arasında Azərbaycanın ən böyük neft yataqlarının 2050-ci ilədək işlənməsinə dair yeni Saziş imzalanıb.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (ACG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında mövcud müqavilə 2024-cü ildə sona çatır.

Ötən ilin sonunda 2050-ci ilədək işlənməsinə dair SOCAR və BP-nin əməliyyatçı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında niyyət məktubu imzalanıb.

"Əsrin müqaviləsi" adı ilə də tanınan bu sövdələşmə 1994-cü ildə imzalanıb.

Düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə SOCAR öz payını iki dəfədən çox artırıb, SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə çərşənbə axşamı səhəri jurnalistlərə bildirib.

SOCAR-ın payı artdı

BP-nin məlumatına görə, yeni Saziş SOCAR-ın payını 11.65 faizdən 25 faizə qaldırıb.

Yeni şərtlərə əsasən Britaniya şirkəti yenə də ən böyük paya sahib olacaq. Digər səhmdarlar arasında, SOCAR-dan və BP-dən başqa, ABŞ-ın Chevron və ExxonMobil, Yaponiyanın İnpex və Norveçin Statoil şirkətləri var.

AÇG-də tərəfdaşların köhnə iştirak payları belə bölünmüşdü: BP - 35,78, SOCAR 11,65, Chevron - 11,27, Inpex Corp. - 10,96, Statoil - 8,56, ExxonMobil - 8, TP - 6,75, ITOCHU - 4,3və ONGC Videsh Limited - 2,72 faiz.

Yeni paylar isə bu nisbətdə olacaq:

  • BP - 30,37 %
  • SOCAR - 25 %
  • Chevron - 9,57 %
  • Inpex Corp. - 9,31 %
  • Statoil - 7,27 %
  • ExxonMobil - 6,79 %
  • TP - 5,73 %
  • ITOCHU - 3,65 %
  • ONGC Videsh Limited - 2,31%.

Azərbaycan hökuməti müqavilənin 2050-ci ilə qədər uzadılması üçün BP-nin rəhbərlik etdiyi konsorsiumdan 3.6 milyard dollar məbləğində (6.12 milyard AZN) birdəfəlik mükafat alacaq, BP bildirib.

Birinci xanım Mehriban Əliyeva, xarici və yerli rəsmilərin də iştirak etdiyi mərasimdə cənab Əliyev bildirib ki, AÇG yataqlarında qalıq neft ehtiyatları 500 milyon ton təşkil edir.

Tədbirdə Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak prezident Recep Tayyip Erdoğanın, Britaniyanın Avropa və Amerika üzrə naziri Alan Duncan Baş nazir Theresa May-in və Gürcüstanın energetika naziri Elia Eloşvili Baş nazir Giorgi Kvirikaşvilinin təbrik məktublarını oxuyublar.

Azərbaycanın Dövlət Neft Fonduna əsasən 2001-ci ilin əvvəlindən bu ilin mart ayınadək AÇG yatağı üzrə əldə olunan ümumi gəlir 123.102 mlrd ABŞ dollarına bərabər olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş