Ərzaq məhsullarında bahalaşmanın səbəbi nədir?

bahalaşma

Bu ilin yanvar-avqust aylarında ərzaq məhsullarının qiymətləri 18, istehlak məhsullarının və xidmətlərin qiymətləri isə 14 faiz artıb, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Komitə onu da bildirir ki, keçən ilin analoji dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının qiymətləri 12, əhaliyə göstərilən ödənişli xidmətlər isə 10 faizə yaxın bahalaşıb.

Təhlilçilər isə son 8 ayda bahalaşma müşahidə edildiyini, amma bunun statistik rəqəmlərdən daha çox olduğunu deyirlər.

İqtisadçı Nazim Bəydəmirli hesab edir ki, ölkədə xüsusilə ərzaq məhsullarında bahalaşma ötən illə müqayisədə 18 yox, təxminən 30 faizdir.

"Adi gözlə monitorinq aparıram, azı 30 faiz bahalaşma var. Gündəlik tələbat mallarının heç birində ucuzlaşma müşahidə etməmişəm".

Nazim Bəydəmirli benzinin qiymətində sonuncu artımı bahalaşmanın səbəblərindən biri sayır.

İyul ayında Tarif Şurası yerli, Aİ 92 markalı benzinin bir litrinin pərakəndə satış qiymətini 20 qəpik artırdı, nəticədə onun qiyməti 90 qəpik oldu.

Cənab Bəydəmirlinin sözlərinə görə, bahalaşmanı şərtləndirən əsas amillərdən biri də "idxalda inhisarçılıq"dır.

"Biznes sektoru bu və ya digər dərəcədə oliqarx məmurlara məxsusdur. Buna görə də bahalaşma qaçılmaz olur".

Millət vəkili Vahid Əhmədov da ərzaq və digər ərzaq məhsullarında qiymət artımını müşahidə etdiyini deyir: "Ətdir, yağdır, yumurtadır, digər məhsullardır, bahalanıb".

Ancaq o, bahalaşmaya manatın səbəb olduğunu düşünmür və deyir ki, milli valyuta dollara nisbətdə idxal məhsullarına təsir edəcək ucuzlaşmayıb.

Millət vəkili bahalaşmanın süni amillərdən qaynaqlandığını düşünür: "İqtisadi İnkişaf Nazirliyinin müfaviq departamenti var, vaxtlı-vaxtında monitorinq aparaq işlər görməlidirlər".

İqtisadi İnkişaf Nazirliyindən məsələ ilə bağlı şərh almaq hələlik mümkün olmayıb

Əlaqəli mövzular

Bu barədə daha geniş