Həkimlər qərar verdi: 12 yaşlı uşaq hamiləliyini davam etdirsin

Şəklin mənbəyi, Getty Images
Həkimlər cinsi təcavüz nəticəsində hamilə qalan 12 yaşlı qızın hamiləliyinin davam etməsinə qərar veriblər. Bu barədə BBC Azərbaycancaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, konsensium keçirən həkimlər hesab ediblər ki, azyaşlının səhhətində problem yoxdur, hamiləlik isə normal inkişaf edir:
"Həkimlər rəy verib ki, hamiləliyin süni pozulması azyaşlının səhhətində risklər yarada bilər. Ancaq həkimlər hamiləliyin dinamikasını izləyəcəklər. Hər həftə qız həkim nəzarətindən keçiriləcək, lazım olan müayinə və müalicə alacaq".
Aynur Veysəlova əlavə edib ki, azyaşlının səhhəti ilə bağlı vəziyyət barədə həkimlər Komitəyə, o cümlədən, Səhiyyə Nazirliyinə mütəmadi hesabat verəcəklər.
Körpə sağlam doğulduğu təqdirdə, ondan imtina edilərsə, körpələr evinə veriləcək, Aynur Veysəlova deyir.
"Çox güman ki, qəyyum, yəni azyaşlının anası körpədən imtina edəcək, onun indiki qərarı belədir".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə BBC Azərbaycancaya bildirib ki, azyaşlı qız bu müddətdə psixoloji yardım alacaq.
Azərbaycan bölgələrinin birində yaşayan 12 yaşlı qız cinsi zorakılığa məruz qalıb və indi o, hamiləliyinin 7-ci ayındadır.