Kredit Zəmanət Fondu yaradıldı

Manat Fotonun müəllifi Reuters

Prezident İlham Əliyev sentyabrın 15-də Kredit Zəmanət Fondunun yaradılması ilə bağlı fərman verib.

Yeni qurum sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və ölkə prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verəcək, fərmanda göstərilir.

"Azərbaycanda bir çox kiçik və orta sahibkar kredit ala bilmir, faizlər yüksəkdir, tələblər sərtdir", iqtisadi təhlilçi Samir Əliyev yeni qurumun yaradılmasının zərurət olduğunu deyir.

BBC Azərbaycancaya şərhində Samir Əliyev deyir ki, banklar aqrar sektor kimi biznesdə dərhal gəlir gətirməyən sahələrə kredit verməyə maraq göstərmirdilər, bu isə yerli sahibkarların işinə mənfi təsir göstərirdi.

Təhlilçi vurğulayır ki, dünyanın bir çox ölkəsində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər.

Samir Əliyev deyir ki, Azərbaycanda yaranan Kredit Zəmanət Fondu da kredit risklərinin bir hissəsini üzərinə götürəcəksə, bu, kredit bazarında və iqtisadiyyat sektorunda canlanma yaradacaq.

"Azərbaycanda yaradılacaq Fondun səlahiyyətləri barədə ümumi təsəvvür olsa da Əsasnamə təsdiq olunduqdan sonra real qiymət vermək mümkün olacaq", Samir Əliyev vurğulayır.

Onun sözlərinə görə, 3 il əvvəl yerli ekspertlər Azərbaycanda Kreditə Zəmanət Fondunun yaradılması ilə bağlı hökumətə təklif paketi təqdim ediblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş