9 illik həbs olunan jurnalist Elçin İsmayıllının qardaşı: "Qərarı ədalətsiz sayırıq"

Elçin İsmayıllı Fotonun müəllifi Courtesy

İsmayıllıda "Azadlıq" qəzetinin bölgə müxbiri kimi çalışmış Elçin İsmayıllı 9 il azadlıqdan məhrum edilib, onun vəkili Elçin Sadıqov BBC Azərbaycancaya bildirib.

Məhkəmə prosesi sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Elçin İsmayıllı Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.

Vəkil Elçin Sadıqov Elçin İsmayıllıya verilən hökmü "qanunsuz" sayır. Onun sözlərinə görə, məhkəmə araşdırması zamanı Elçin İsmayıllının "kimsədən hədə-qorxu ilə pul tələb etməsi sübuta yetirilməyib".

Elçin Sadıqov qeyd edir ki, istintaqın maddi sübut kimi təqdim etdiyi "əməliyyat çəkilişi məhkəmədə öz təsdiqini tapmayıb":

"Əməliyyat çəkilişindən də görünür ki, Elçin İsmayıllıya vaxtilə rayonda yüksək vəzifə tutmuş bir şəxs pul təklif edir, ancaq o bunu götürmür. Sonra isə Elçin İsmayıllı yaxın olduğu bu şəxsdən borc alıb ki, kreditini bağlasın. Məhkəmə onun borc almasını rüşvət tələbi kimi qiymətləndirdi".

Elçin İsmayıllının qardaşı Elşən İsmayıllı BBC Azərbaycancaya bildirib ki, qardaşı hər ay banka təxminən 100 manat ödəyirmiş və bankın borcunu təmiz bağlamaq üçün yaxın tanıdığı keçmiş məmurdan borc alıb:

"Onun həbsi ailəmiz üçün yeni deyil, mən də İsmayıllı hadisələrinə görə iki il həbsdə yatmışam. Qərarı ədalətsiz sayırıq və hökmdən apellyasiya verəcəyik. Bütün məhkəmə instansiyalarını keçib hökmü ləğv elətdirə bilməsək Avropa Məhkəməsinə üz tutacağıq".

Elçin İsmayıllı bu ilin fevralında saxlanıb. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

Jurnalist bu ittihamlarla razılaşmır və onları qondarma hesab edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş